Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası dostluq qrupu litvalı həmkarlarına etiraz məktubu ünvanlamışdır

 

 

Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası dostluq qrupu martın 15-də Litva Seyminin Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Juras Pozelaya və qrupun üzvlərinə etiraz məktubu ünvanlamışdır.

Azərbaycan-Litva parlamentlərarası dostluq qrupunun rəhbəri deputat Fuad Muradovun imzası ilə göndərilmiş məktubda deyilir: “Litva Seymində təmsil olunan İşçi Partiyasının cari il martın 14-də Seymin iclasında beynəlxalq hüququn subyektləri tərəfindən tanınmamış ”Dağlıq Qarabağ" üzrə parlament dostluq qrupunun yaradılmasını elan etməsi bizim hiddətimizə səbəb olmuşdur və Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Litva Parlamentlərarası Dostluq Qrupu belə bir qrupun yaradılmasına kəskin etirazını bildirir.

Hesab edirik ki, Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi qüvvələrin, xüsusən erməni diasporunun maraqlarına hesablanaraq atılan bu addım heç bir beynəlxalq siyasət və hüquq normaları ilə bir araya sığmır. Seym tərəfindən atılmış bu qərəzli və yanlış addım qeyri-obyektiv olmaqla yanaşı, Azərbaycan ilə Litva arasında mövcud olan dostluq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil və bu münasibətlərə ciddi zərbə vurur.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Litva tərəfinin mövqeyi Azərbaycan və Litva prezidentlərinin 2006-cı və 2007-ci il tarixli birgə bəyannamələrində öz əksini tapmışdır. Həmin mövqe bundan ibarətdir ki, Litva BMT Nizamnaməsinin prinsiplərini və ATƏT-in Lissabon Sammitində qəbul edilmiş üç prinsipi tam dəstəkləyərək və onları rəhbər tutaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini vacib hesab edir.

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi və bir milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qaytarılması istiqamətində Litva Seymi səy göstərib dəstək vermək, beynəlxalq aləm ilə birlikdə bu işə töhfə vermək əvəzinə, Ermənistan tərəfindən torpaqların işğal edilməsinə haqq qazandırır, “status-kvo”nun saxlanılması ilə bağlı Ermənistan tərəfinin qeyri-konstruktiv siyasətini müdafiə etmiş olur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində yaradılmış ATƏT-in Minsk qrupunun mandatına zidd olaraq sülh danışıqlarını təhdid etməklə, Cənubi Qafqazda və bütövlükdə Avropada təhlükəsizliyin və davamlı sabitliyin təmin olunmasını sual altına alır.

Litva-Azərbaycan dostluq münasibətləri, ölkələrimiz arasında yaranmış tərəfdaşlıq fonunda belə bir qrupun yaradılması ilə bağlı narahatlığımızın tərəfinizdən anlayışla qarşılanacağına ümidvar olduğumuzu bildiririk.

İnanırıq ki, Litva Seymindəki həmkarlarımız beynəlxalq hüquqa söykənmiş haqlı mövqeyimizi dəstəkləyərək bu qrupun ləğv edilməsi istiqamətində əzm və qətiyyət nümayiş etdirəcək və bununla da ölkələrimiz və parlamentlərimiz arasında mövcud sıx işbirliyinin qorunub saxlanılmasına, bundan sonra da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcəklər.

Əminik ki, təklifimiz nəzərə alınacaq, bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməyən belə bir qrupun fəaliyyətinə xitam veriləcəkdir".

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında