Hücum xətti üzərində qurulan çevik xarici siyasət

{nl}

(əvvəli qəzetin 8 iyul tarixli nömrəsində)
Diplomatik korpus qarşısında yeni vəzifələr
Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. Ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın milli mənafelərə maksimum dərəcədə cavab verən xarici siyasət doktrinasının müəllifi olmaqla yanaşı, bu siyasəti keyfiyyətcə yeni mərhələdə inamla, qətiyyətlə davam etdirəcək rasional və praqmatik düşüncəli lideri də yetişdirmişdir. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olmuşdur.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulanmalıdır. Balanslı xarici siyasət yürüdən Azərbaycan son illərdə regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil oyun qaydalarına əsaslanan enerji diplomatiyası həyata keçirmişdir.
Azərbaycan Prezidenti bu və digər məqsədləri ən qısa zamanda reallaşdırmaq, xarici siyasətin ardıcıllığını və çevikliyini təmin etmək üçün, ilk növbədə, diplomatik korpusun fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etməyə çalışmışdır. Cənab İlham Əliyevin 2004 və 2006-cı illərdə Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi geniş müşavirələr də məhz xarici siyasət sahəsində vəzifələrin bir daha nəzərdən keçirilməsi, diplomatik fəaliyyətin dünyanın müasir reallıqları və tələblərinə uyğun qurulması məqsədindən irəli gəlmişdir. Müasir beynəlxalq münasibətlər sisteminin incəliklərinə dərindən bələd olan cənab İlham Əliyev peşəkar siyasətçi kimi hər iki müşavirədə dərin məzmunlu nitq söyləyərək keyfiyyətcə yeni mərhələdə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında duran vəzifələri bir daha diqqətə çatdırdı.
Qlobal təhdidlərə preventiv reaksiya
Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər. İrili-xırdalı bir çox dövlətlərin respublikamızla hesablaşması, onun mənafeyini nəzərə alması, ilk növbədə, qətiyyətli, inamlı, praqmatik, dünya siyasi arxitekturasının reallıqlarına cavab verən xarici siyasətin nəticəsidir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.
Son illərin bir sıra hadisələri deməyə əsas verir ki, cənab İlham Əliyev istər ABŞ və Avropa, istərsə də Rusiya və İranla münasibətlərdə Azərbaycanın mənafeyinə xələl gətirə biləcək bütün məqamları ardıcıl, obyektiv və məntiqli şəkildə aradan qaldırmağa nail olmuşdur. ABŞ-dakı ermənipərəst qüvvələrin təsiri ilə rəsmi Vaşinqtonun müəyyən müddət narazılıqla qarşıladığı Bakı-Tbilisi-Qars dəmir yolu xəttini Azərbaycanın daxili imkanlar hesabına maliyyələşdirməsi, habelə ABŞ Dövlət Departamentinin 2007-ci ildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına alan hesabatına sərt reaksiya verməsi və həmin texniki yanlışlığı qısa zamanda aradan qaldırmağa nail olması bu sırada diqqət çəkən məsələlərdir.
Dövlət başçısı İlham Əliyev şimal qonşumuzun 2005-2006-cı illərdə Azərbaycanı müəyyən enerji təhdidlərinə, şantajlarına məruz qoymaq, təbii qazın qiymətlərini ikitərəfli münasibətlərin xarakterinə adekvat olmayan şəkildə diktə etmək cəhdlərinə də eyni prinsipiallıqla cavab vermiş, qonşu dövlətdən təbii qazın idxalının dayandırılması barədə operativ qərar qəbul etmişdir. Cənab İlham Əliyev bu qətiyyətli addımını izah edərkən demişdir: "Rusiya tərəfi yenidən qiyməti iki dəfədən çox, 235 dollara qaldırırsa, biz burada artıq Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun gəlməyən yanaşma, dissonas görürük və bu, təəssüf doğurur. Rusiya şirkəti qazın qiymətini istədiyi səviyyəyə, lap 500 dollara qaldıra bilər, bu onun hüququdur. Amma bizim də belə təklifdən imtina etmək hüququmuz var. Azərbaycan artıq o ölkə deyil ki, onu nəyəsə məcbur etmək mümkün olsun. Bizim ölkə Ermənistandan fərqli olaraq heç kimdən asılı deyil, qışda da soyuqdan donmayacağıq, çünki özümüzü təmin edə biləcək imkanındayıq. Ona görə də mən razı ola bilmərəm ki, Azərbaycan iqtisadi-kommersiya şantajı elementlərinə məruz qalsın".
Sonrakı mərhələdə respublikamız daxili imkanları hesabına nəinki özünü, eyni zamanda, çıxılmaz vəziyyətə düşmüş Gürcüstanı da qazla təmin etmişdir. Enerji amilindən hansısa üçüncü ölkəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması cəhdlərini yolverilməz sayan Azərbaycan regionun iri neft və qaz hasilatçısı olaraq iqtisadi və siyasi öhdəliklərə şərtsiz əməl olunmasını qarşılıqlı faydalı əməkdaşlıqda vacib amillərdən biri kimi dəyərləndirir. Faktiki olaraq, indiyədək Türkiyə, Yunanıstan və Gürcüstanı əhəmiyyətli həcmdə qazla təmin edən respublikamızın 2010-cu il yanvarın 1-dən Rusiyaya qaz nəqlinə başlaması təkcə iqtisadi-kommersiya deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malik hadisə olacaqdır. Xatırladaq ki, bu barədə razılaşma Rusiya Prezidenti Dmitri Medvedevin 2009-cu ilin iyun ayında Azərbaycana işgüzar səfəri zamanı əldə edilmişdir. 5 illik müqavilənin respublikamızın maraqlarına cavab verən şərtlər əsasında imzalanması göstərir ki, rəsmi Bakı istənilən məsələdə, o cümlədən təbii sərvətlərindən səmərəli istifadədə ilk növbədə, xalqın milli mənafeyini əsas götürür.
Rəsmi Bakı İsrail Prezidenti Şimon Peresin ölkəmizə səfərinə dolayısı ilə etiraz edən bəzi dairələrin bu mövqeyinin bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə cavab vermədiyini də açıq vurğulamış, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdini düzgün saymamışdır. Sonrakı proseslər bir daha təsdiqləmişdir ki, Azərbaycan nə İsrail, nə də ABŞ-la münasibətlərində qonşu dövlətlərin mənafeyinə toxunan heç bir addıma yol vermir. Bununla belə, rəsmi Bakı hansısa dövlətin narazılığına görə digər dövlətlə əməkdaşlığa embarqo qoymağı da düşünmür.
Azərbaycan milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın strateji tərəfdaşı olan Türkiyəyə belə güzəştə getmək niyyətindən uzaqdır. Rəsmi Bakının qardaş ölkənin Ermənistanla sərhədləri açacağı ilə bağlı yayılan məlumatlara çevik reaksiya verməsi bunu bir daha təsdiqləmişdir. Nəticədə 2009-cu ilin mayında Bakıya səfər edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu xəbərləri qətiyyətlə təkzib etmiş, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca Ankaranın belə bir addım atmayacağını rəsmən bəyan etmişdir: "Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm".
Prezident İlham Əliyev də öz növbəsində bəyan etmişdir ki, "...Heç kim üçün sirr deyil, son aylar ərzində Azərbaycan cəmiyyətində müəyyən mənada bir narahatlıq hissləri var idi. O hisslərin yəqin ki, müəyyən təbii səbəbləri də var idi. Ancaq ən önəmlisi odur ki, hesab edirəm və bu gün mən üzümü Azərbaycan xalqına tutub demək istəyirəm ki, heç bir şübhə üçün, möhtəkirlik üçün yer qalmadı. Türkiyə hökumətinin başçısı, Türkiyə Prezidenti dəfələrlə bu məsələyə aydınlıq gətirmişlər və bu gün də dəyərli qardaşım cənab Baş nazirin sözləri, bir daha demək istəyirəm ki, bunun ən gözəl cavabıdır".
Azərbaycan Prezidenti Türkiyə və Ermənistan arasında münasibətlərin nizamlanmasını nəzərdə tutan protokolların imzalanmasına rəğmən, Türkiyənin Ermənistanla sərhədləri açacağına inanmadığını demişdir. Dövlətimizin başçısı haqlı olaraq bildirmişdir ki, Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində İrəvanın qeyri-konstruktiv mövqeyini daha da gücləndirə bilər. Dağlıq Qarabağ münaqişəsinin həllindən əvvəl Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşmanın baş verməsi təcavüzkar tərəfin mövqeyində sərtləşməyə səbəb ola bilər. Bu mənada, Azərbaycan Prezidenti məntiqli şəkildə bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin açılması paralel şəkildə getməlidir. "Mən tam əminəm ki, iki proses - Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesləri paralel şəkildə getməlidir. Bu proseslər arasında rəsmi də olmasa, qeyri-rəsmi bağlantı vardır. Bu bağlantı saxlanılmalıdır və iki məsələ paralel şəkildə eyni anda həll olunmalıdır. Əks təqdirdə bölgədə status-kvo mənfi tərəfə dəyişə bilər. Status-kvonun dəyişməsi çox vacibdir. Çünki bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Biz buna nə vaxta qədər dözəcəyik?! Ancaq status-kvo əgər mənfi tərəfə dəyişərsə, bölgədə xoşagəlməz proseslərin başlanmasına gətirib çıxara bilər. Hələ ümid edirik ki, Dağlıq Qarabağ məsələsini biz danışıqlar yolu ilə həll edə bilərik. Əgər bu ümidlər tükənsəydi, biz bir dəqiqə də danışıqlarda iştirak etməzdik. Ancaq bölgədə gedən proseslər və böyük dövlətlərin bu məsələyə qoşulması, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərməlidir. Mən inanıram ki, belə də olacaqdır" - deyən dövlət başçısı Türkiyənin Azərbaycanın bu məsələ ilə bağlı maraqlarına zidd hansısa addım atmayacağına əminliyini də ifadə etmişdir. İki strateji müttəfiq arasında psixoloji diskomfort yaradan anlaşılmazlığın tamamilə aradan qalxması ikitərəfli münasibətlərin perspektiv inkişafı baxımından da vacib amildir.
Türkiyənin "NTV" telekanalının jurnalistlərinin qeyri-qanuni olaraq Azərbaycanın işğal altında olan torpaqlarına səfər etməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin qardaş dövlətin Bakıdakı səfirliyinə etiraz notası təqdim etməsi də prinsipial məqam kimi göstərilməlidir. Türkiyə XİN-i bu etiraz notasına cavabında türkiyəli jurnalistlərin bu səfərinin qeyri-qanuniliyini bir daha təsdiqləmişdir.
Beynəlxalq təşkilatlarda layiqli təmsilçilik
Azərbaycanın xarici siyasətində beynəlxalq əməkdaşlıq mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilir, ölkənin milli maraqları baxımından bu sahəyə xüsusi diqqət yetirilir. Respublikamızın zəngin təbii resurslara, habelə Şərqlə Qərbi qovuşduran əlverişli tranzit imkanlarına malik olması, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi iştirak etməsi, balanslaşdırılmış xarici siyasət yeritməsi onun dünyanın siyasi mənzərəsini müəyyən edən aparıcı təşkilatlarla əlaqələrinin genişlənməsinə də yaxşı imkanlar açır. Azərbaycanın mənafeyini layiqincə təmsil etmək, Ermənistanın təcavüzkar siyasətinin ifşasına nail olmaq baxımından bu təşkilatların tribunası əvəzsiz imkanlar yaradır. Beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi bu qurumlar çərçivəsində ölkəmizin maraqlarının təşviqi ilə yanaşı, onlara üzv ölkələrlə münasibətlərin inkişafı üçün də faydalı olmuşdur. Prezident İlham Əliyev bu reallıqdan çıxış edərək son illərdə Azərbaycanın BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İKT, MDB, GUAM, QİƏT, İƏT və digər beynəlxalq qurumlarla əməkdaşlığını inkişaf etdirmək istiqamətində böyük səy və əzmkarlıq göstərir. Avropa və Avratlantik strukturlara inteqrasiya yolu ilə gedərək, Azərbaycan Avropa İttifaqı və NATO ilə əməkdaşlığı inkişaf və davam etdirir.
Azərbaycan bəşəri sülh və təhlükəsizliyin təminatında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən beynəlxalq səylərə töhfəsini davam etdirir, təşkilatın müxtəlif qurumları və ixtisaslaşdırılmış təsisatlarında təmsilçiliyini artırır. BMT-nin Nizamnaməsində öz əksini tapan beynəlxalq hüququn norma və prinsipləri mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşını təşkil edir. Azərbaycan müasir dövrün hədə və təhdidlərinə daha səmərəli şəkildə cavab vermək üçün beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların həyata keçirilməsi də daxil olmaqla, BMT-nin operativ imkanlarının artırılmasına yönələn islahatları dəstəkləyir.
ATƏT ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata üzv olan ölkələr arasında münasibətləri tənzimləyən norma və prinsipləri müəyyən edir və kollektiv təhlükəsizliyin saxlanılması üçün əsas yaradır. Azərbaycanın ATƏT-lə əməkdaşlığı təkcə demokratik inkişaf baxımından deyil, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından vacibdir. Təşkilatın Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan Prezidentləri arasında keçirilən görüşlər özündə dərin psixoloji-siyasi çalarları ifadə edir. Məsələ bundadır ki, indiyə qədər münaqişənin "həll açarı"nın Rusiyanın əlində olması ilə bağlı mülahizələr kifayət qədər real əsaslara söykənmişdir. Hər halda, Rusiyanın for-postu Ermənistana təsir göstərmək imkanı daha real görünür. Rəsmi Moskva bu addımı atmaqla, həm bölgəyə nüfuz imkanlarını genişləndirə, həm də Azərbaycanla enerji sahəsindəki əməkdaşlığını daha da dərinləşdirə bilər. Rusiya ilə Azərbaycan arasındakı enerji əməkdaşlığının bu prosesə dolayısı pozitiv təsiri də istisna edilmir. Münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli, Azərbaycanın ərazi bütövlüyünün tanınması həm də Ermənistanın təcrid vəziyyətindən çıxması, regional əməkdaşlıq layihələrində iştirakına "yaşıl işıq" yandırar. Eyni zamanda, milli maraqlarımızın təmin olunması, daxili siyasi və institusional islahatların səmərəli şəkildə həyata keçirilməsi, həmçinin Azərbaycan qanunvericiliyinin Avropanın norma və standartlarına uyğunlaşdırılması nöqteyi-nəzərdən Avropa Şurası ilə əməkdaşlığa xüsusi diqqət yetirilir. Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən bu nüfuzlu beynəlxalq qurum qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini artıq yerinə yetirmişdir. Qalan bəzi öhdəliklərin reallaşdırılması istiqamətində fəal iş aparılır.
Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı "Yeni qonşuluq siyasəti" və "Şərq tərəfdaşlığı" proqramları çərçivəsində inkişaf etdirilir. Bu da təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə 2005-ci il iyunun 1-də "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalamışdır. 2006-cı ilin noyabrında isə Belçikaya səfər edən dövlət başçısı Avropa İttifaqı ilə əməkdaşlığın aktiv fazaya daxil olmasını təmin etmişdir. Səfər zamanı təşkilatla ölkəmiz arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu əsas neft ixrac edən və tranzit ölkələr arasında əlaqələrin genişləndirilməsi, enerji mənbələri və onların nəqli yollarının çoxşaxəliliyinin təmin edilməsi, Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerji resurslarından səmərəli istifadə olunması baxımından son dərəcə əhəmiyyətlidir.
Prezident İlham Əliyev Fransanın nüfuzlu "La Lettre Diplomatigue" jurnalına müsahibəsində bildirmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanın yaradılması istiqamətində konkret tədbirlər həyata keçirir: "Qarşıdakı beş il ərzində "Yeni qonşuluq siyasəti"nin həyata keçirilməsi sayəsində meyarlarımız Avropa İttifaqının meyarlarına yaxınlaşdırılacaqdır. Bu istiqamətdə ölkəmiz tərəfindən fəal iş aparılır, o cümlədən milli qanunvericiliyin dünya və Avropa standartlarına uyğunlaşdırılması, beynəlxalq təşkilatlarla, həmçinin Avropa İttifaqı ilə sıx əməkdaşlığın hüquqi bazasının yaradılması istiqamətində konkret işlər həyata keçirilir. Biz Azərbaycanı müasir, demokratik, iqtisadi və siyasi baxımdan güclü və etibarlı tərəfdaş ölkəyə çevirmək əzmindəyik. Ümid edirəm ki, Avropa İttifaqının yeni qonşuluq siyasəti bu məqsədə nail olunması işinə öz töhfəsini verəcəkdir".
Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistanla "Yeni qonşuluq siyasətinə dair Fəaliyyət Planı"nında ərazi bütövlüyü prinsipi öz əksini tapmışdır və Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Təşkilat Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır. Sülh əldə olunduqdan sonra Avropa İttifaqı bərpa işlərində yaxından iştirak etmək niyyətindədir.
Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı təkcə enerji sahəsinə aid etmir, siyasi, iqtisadi, hüquqi və digər sahələrdə də əlaqələr uğurla inkişaf edir. Hazırda Avropa İttifaqı ilə inteqrasiya əlaqələri "Yeni qonşuluq siyasəti" kontekstində Fəaliyyət Planının həyata keçirilməsi, "Twinning" və "TAIEX" kimi proqramlarda iştirak çərçivəsində davam etdirilir. Avropa İttifaqı ilə tərəfdaşlıq və yaxınlaşmanın möhkəmlənməsi prosesi "Şərq tərəfdaşlığı" təşəbbüsünün irəli sürülməsi ilə əlavə təkan almışdır. Həmin təşəbbüs azad ticarət, eləcə də qarşılıqlı şəkildə viza rejiminin sadələşdirilməsi haqqında müqavilə daxil olmaqla, yeni assosiativ müqavilələr imzalamaq yolu ilə ticarət-iqtisadi, siyasi və humanitar əlaqələrin dərinləşdirilməsi üçün zəmin yaradır. "Şərq tərəfdaşlığı" proqramı üzrə Praqa zirvə görüşünün Birgə Bəyannaməsinin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək yaxınlaşma və əməkdaşlığın inkişafına yeni təkan vermişdir. Zirvə görüşü çərçivəsində Transxəzər enerji daşıyıcıları layihələrini dəstəkləyən və dövlətimizin enerji təhlükəsizliyinin təminatına yönələn maraqları əks etdirən "Cənub Dəhlizi-Yeni İpək Yolu" Bəyannaməsinin qəbul edilməsi, eyni zamanda, ötən ilin dekabrında Avropa İttifaqının bir sıra ölkələrlə, o cümlədən Azərbaycan ilə assosiasiya sazişi ilə bağlı danışıqlara başlaması niyyətində olduğunu bəyan etməsi xüsusi diqqətə layiqdir.
Avratlantik tərəfdaşlığı Avropa qitəsində və dünyada təhlükəsizliyin təmin edilməsi üçün mühüm amildir. Bu xüsusda, NATO ilə fəal siyasi dialoq qarşılaşdığımız birgə çağırışlar üzrə ortaq anlayışın yaradılması və möhkəmləndirilməsinə imkan yaradır. Təsadüfi deyil ki, ötən illər ərzində xarici siyasətin Avratlantik istiqaməti çərçivəsində Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin inkişafı üçün irəliləyən proses uğurla davam etmişdir.
Azərbaycan 1994-cü ildə NATO- nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan ilk ölkələrdən biri olmuşdur. Dövlət başçısı İlham Əliyevin hələ 2004-cü ilin aprelində və 2006-cı ilin noyabrında Brüsselə səfərləri, eləcə də NATO-nun mənzil-qərargahında keçirdiyi müxtəlif səviyyəli görüşlər respublikamızın alyansla münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. 2006-cı ilin noyabrında gerçəkləşən səfər zamanı cənab İlham Əliyevin Azərbaycan adından "Fərdi tərəfdaşlığın fəaliyyət planı"nı NATO rəhbərliyinə təqdim etməsi isə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirilmişdir. Buna adekvat olaraq alyans rəhbərliyinin son 5 ildə Azərbaycana diqqəti artırmaq, ölkəmizə hərbi-texniki yardımları genişləndirmək istəyi qabarıq sezilir. Cənab İlham Əliyevin Belçika Krallığına 2009-cu ilin mayında gerçəkləşən işgüzar səfəri isə mövcud əməkdaşlığın qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu önə çıxarmışdır. Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer keçirdikləri birgə mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirmişlər. NATO Baş katibi Azərbaycanı təşkilatın dəyərli tərəfdaşı kimi qiymətləndirmiş, ikitərəfli münasibətlərin inkişafından razılığını ifadə etmişdir.
Bu gün NATO ilə regional və enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, kütləvi qırğın silahlarının yayılmaması, narkotiklərin qeyri-qanuni dövriyyəsi və insan alveri, sərhədlərin mühafizəsi, fövqəladə halların fəsadlarının aradan qaldırılması, təhlükəsizlik və digər sahələrdə islahatlar istiqamətində əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə birlikdə Kosovoda, İraqda və Əfqanıstanda sabitliyin qorunmasında, sülhyaratma əməliyyatlarında xidmət göstərmişlər. Azərbaycan NATO ilə siyasi dialoqun dərinləşdirilməsini, müdafiə və təhlükəsizlik sahələrində islahatların həyata keçirilməsini, elm və ictimai diplomatiya sahəsində əməkdaşlığı nəzərdə tutan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının icrasını uğurla başa çatdırmışdır.
Azərbaycan regional çoxtərəfli əməkdaşlığı çox vacib hesab edir və GUAM-ın əsas yaradıcısı kimi regionda daha mehriban və daha sabit münasibətlərə nail olunmasına öz töhfəsini verir. Gürcüstan, Ukrayna və Moldova ilə GUAM - Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat çərçivəsində sıx əməkdaşlıq edir. 2007-ci ildə 10 illiyini qeyd etmiş bu təşkilat ötən müddətdə həyat qabiliyyətli regional qurum kimi özünü təsdiqləmişdir. Təşkilatın üzvləri qarşılıqlı əlaqələri genişləndirməklə bərabər, bir sıra mühüm məsələlərə münasibətdə vahid mövqedən çıxış edirlər. GUAM-ın iştirakçısı olan üç ölkənin - Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinin pozulması onların istər regional, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətini şərtləndirir. Bu əməkdaşlıq, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət daşıyır. GUAM-ın getdikcə möhkəmlənməsi, Qərbin aparıcı dövlətlərinin onun işinə marağının artması və Azərbaycanın təşkilatda əsas söz sahibinə çevrilməsi ölkəmizin dünyada nüfuzunun möhkəmlənməsi ilə yanaşı, haqq işimizə beynəlxalq dəstək qazanmaq üçün əlavə imkanlar yaradır.
Dini, tarixi, siyasi və mənəvi dəyərləri ilə bir-birinə bağlı olan müsəlman ölkələrinin uğurlu birlik modeli kimi özünü təsdiqləyən, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq da Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Respublikamız təşkilatla qarşılıqlı faydalı münasibətlər qurmaqla ümummilli maraqlarını daha geniş coğrafi arealda müdafiə etmək, üzləşdiyi bir sıra problemləri beynəlxalq birliyə çatdırmaq baxımından əlverişli tribuna qazanmışdır. Son illərdə qlobal və regional məsələlərin həllində Azərbaycan İKT ilə sıx əməkdaşlığını inkişaf etdirərək, onun siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində təsiri və iştirakının gücləndirilməsi istiqamətində apardığı fəal siyasətini davam etdirmişdir. 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi çox əlamətdar və mühüm hadisə olaraq, Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın, bütövlükdə ölkəmizin İslam ümməti arasında qazandığı nüfuzun mühüm göstəricisi olmuşdur. İKT-nin xəttilə Azərbaycanda keçirilən və mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün, qarşılıqlı anlaşmanın və tolerantlığın inkişafına xidmət edən geniş tərkibli bir sıra iri beynəlxalq tədbirlər respublikamızın regionda sivilizasiyalararası dialoqun başlıca mərkəzinə çevrildiyini bir daha təsdiqləmişdir.
Danışıqlar milli maraqlarımız çərçivəsində gedir
20 ildir davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən uzun sürən, qanlı və çətin həll edilə bilən problemə çevrilmişdir. Ermənistan tərəfindən həyata keçirilən təcavüzün nəticəsi olaraq Azərbaycan ərazilərinin beşdə biri zəbt olunmuş, etnik təmizləməyə məruz qalmış bir milyonadək azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, ölkənin minlərlə tarixi-mədəni irsi dağıdılaraq qarət edilmişdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə başqa bir dövlətin ərazisinin güc tətbiq etmək yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vurğulanmış, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınmış, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin qeyd-şərtsiz çıxması çağırışı əksini tapmışdır. BMT Baş Məclisinin 2008-ci il 14 mart tarixli "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnaməsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək bir daha ifadə olunmuş, üstəlik, BMT erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda və ona bitişik bölgələrdə Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmasını tələb etmişdir. Keçən il ATƏT-in xarici işlər nazirləri səviyyəsində Afinada keçirilən iclasında da bu münaqişənin məhz ərazi bütövlüyü çərçivəsində həllinə dair sənəd qəbul edilmişdir. Münaqişə dövrü ərzində ilk dəfə Ermənistan bu sənədə qoşulmuş və etiraf etmişdir ki, problemin həlli yalnız ərazi bütövlüyü çərçivəsində mümkündür. Beləliklə, ərazi bütövlüyü prinsipinin xalqın öz müqəddəratını təyin etməsi problemi ilə qarşı-qarşıya qoyulduğu uzun dövr başa çatmış, çoxtərəfli müstəvidə, xüsusilə ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə prinsiplərinin hüquqi tətbiq edilməsində kolliziyanın aradan qaldırılması məsələsində taktiki hücum fəaliyyətinə keçid əldə olunmuşdur. Nəticə sadədir: öz müqəddəratını təyinetmə məsələsi ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Xalqların öz müqəddəratını təyinetmə məsələləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu məsələ yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu düstur Dağlıq Qarabağ məsələsinin həlli üçün hesab edirəm ki, həlledici ola bilər. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız - məcburi köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri görülməlidir. Gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir. Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən görüşdə qəbul edilmiş sənəd məhz bu yanaşmanı təsdiq edir. Ondan əvvəl - 2008-ci ildə Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə imzaladıqları bəyanatda da məhz bu yanaşma göstərilir. Məsələ beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qətnamələr və qərarlar əsasında həll olunmalıdır. Bu hansı qərarlar və qətnamələrdir - bunu siyasətdən bir az başı çıxan adam dərhal deyə bilər. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi - hansılar ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT-in sənədləri, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir".
Münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin tənzimlənməsi çərçivəsində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin sülh yolu ilə həll olunması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəlmişdir.
2008-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən Moskvada imzalanmış bəyannamədə Ermənistan tərəfinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında mərhələli həllini qəbul etməsi xüsusi əhəmiyyətə malikdir. Rusiya Prezidenti Dmitri Medvedevin Moskva yaxınlığındakı iqamətgahında - Mayndorf qəsrində keçirilən görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son 14 ildə ilk dəfə bəyannamə imzalaması danışıqlar prosesini intensivləşdirmək, problemi qarşılıqlı güzəştlər əsasında həll etməklə bağlı siyasi iradə nümayişi kimi yadda qalmışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzalanmış bəyannamədə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında siyasi yolla həlli, Cənubi Qafqazda vəziyyətin sağlamlaşması, regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi, iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradılması məsələləri öz əksini tapmışdır ki, burada dövlətlərin ərazi bütövlüyünün ATƏT çərçivəsində yaranmış prioritetinə istinad edilir. Minsk qrupu həmsədrlərinin münaqişənin siyasi yolla həllinin əsas prinsiplərinin işlənib hazırlanması məqsədilə 2007-ci il noyabrın 29-da Madriddə tərəflərlə keçirilmiş görüşü və sonrakı diskussiyalar nəzərə alınmaqla həmsədrlərin vasitəçilik səylərinin davam etdirilməsinin böyük əhəmiyyətə malik olması da bəyannamə ilə təsdiqlənmişdir. Sənəddə münaqişənin yalnız dinc yolla tənzimlənməsi üçün beynəlxalq hüquqi təminatlar verilməsi nəzərdə tutulmuşdur.
(ardı var)

{nl}

Kamal ADIGÖZƏLOV, Bakı Dövlət Universitetinin diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dissertantı

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında