YAP Qaradağ rayon təşkilatı 20 illik yubileyini qeyd etmişdir

 

 

Martın 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının yaradılmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri Mahmud Qubatov və Zəfər Əliyev, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli liderinin adını daşıyan parkda YAP-ın yaradıcısı, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə tər çiçəklər  düzmüş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişlər.

 Tədbir ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı və Azərbaycan Prezidenti İlham Əliyevin Qaradağ rayonundan deputat seçilərkən 1999-cu ildə YAP Qaradağ rayon təşkilatının konfransındakı çıxışından fraqmentin nümayişi ilə başlamışdır.

Sonra YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək YAP-ın siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini qeyd etmişdir. Bildirmişdir ki, 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuş, partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilmişdir. Ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirən YAP kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədi ilə yüksək fəallıq nümayiş etdirmişdir.

Qeyd olunmuşdur ki, 10925 nəfər üzvü olan YAP Qaradağ rayon təşkilatı partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli, uğurlu siyasəti hər zaman dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir.

 YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək Azərbaycanımızı bu bəladan qurtarmış, qısa zaman kəsiyində dünya dövlətlərinə tanıtmışdır. Bu günün və gələcəyin partiyası kimi xalqın böyük inamını qazanan YAP-ın siyasətinin ana xəttini ərazi bütövlüyümüzün bərpası, Vətənimizin mənafeyinin qorunması, hüquqi dövlət, azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranması kimi vacib məsələlər təşkil edir.

 Milli Məclisin deputatı Mixail Zabelin partiya sıralarında Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq, millətinə bağlı olan insanların təmsil olunduğunu, zamanın çətin sınaqlarından çıxan, öz ətrafında cəmiyyətimizin ən intellektual təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu ictimai-siyasi qüvvəyə çevrildiyini söyləmişdir.

 Tədbirin sonunda YAP Qaradağ rayon təşkilatının fəallarına fəxri fərmanlar və yeni qoşulanlara üzvlük biletləri təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında