Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV baş məclisi keçirilmişdir

 

 

Baş məclisdə dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyi yekdilliklə irəli sürülmüşdür

Martın 12-də Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) XXIV baş məclisi keçirilmişdir. Mandat komissiyasının hesabatı dinlənildikdən sonra AQAC-ın sədri, Milli Məclisin deputatı Novruzəli Aslanov tədbiri açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Sonra təşkilati məsələyə baxılmış, baş məclisin rəyasət heyəti, katibliyi, hesablayıcı komissiyaları seçilmişdir.

Daha sonra Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin baş məclisə təbrik məktubunu oxumuşdur. (Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).

Baş məclisdə məruzə ilə çıxış edən Novruzəli Aslanov bildirmişdir ki, 1920-ci ildə yaradılan AQAC indi ölkədə ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatıdır. Hazırda cəmiyyətin 300 mindən çox üzvü, 20 minə yaxın könüllüsü vardır.

Sədr vurğulamışdır ki, Prezident İlham Əliyevin “Qızıl Aypara Gününün təsis edilməsi haqqında” 2008-ci il 7 aprel tarixli Sərəncamı cəmiyyətin fəaliyyətinə verilən yüksək qiymətdir. Sərəncama əsasən, hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur.

Məruzəçi ötən məclisdən sonra görülən işlər haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, hər cür dövlət qayğısı ilə əhatə olunan AQAC həmin müddətdə xeyli sayda insana maddi və mənəvi yardımlar göstərmiş, bir çox layihələrdə iştirak etmişdir. Beynəlxalq cəmiyyət də AQAC-ın fəaliyyətini qənaətbəxş hesab etmişdir.

N.Aslanov AQAC-ın fəaliyyətini geniş şəkildə işıqlandırdığına görə bəzi kütləvi informasiya vasitələrinə, o cümlədən də Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) minnətdarlığını bildirmişdir.

Hesabat məruzəsi ətrafında çıxışlardan sonra təşkilati məsələyə baxılmış, Novruzəli Aslanov səs çoxluğu ilə AQAC-a növbəti müddətə sədr seçilmişdir.

Cəmiyyətin sədri Novruzəli Aslanov təşkilatın adından AQAC-ın fəxri üzvü İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış etmişdir.

Təklif yekdilliklə qəbul olunmuşdur.

Novruzəli Aslanov bildirmişdir ki, baş məclisdə qəbul olunmuş bu təklif Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hər bir üzvünün dövlətimizin başçısına olan dərin inamının əyani təsdiqidir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri təşkilatın bundan sonra da ölkəmizin ictimai həyatında və sosial inkişafında fəal iştirak edəcəyini vurğulamışdır.

Baş məclisdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov tədbirdə çıxış edərək demişdir ki, keçmiş Sovet İttifaqı tərkibində Qızıl Aypara Cəmiyyətləri fəaliyyət göstərmişdir. SSRİ-nin dağılması və müstəqilliyin ilk dövründə bu cəmiyyətlərin fəaliyyətində də müəyyən pozuntular olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində prinsipial dəyişikliklər baş vermişdir.

İnsanlara yardım göstərilməsi ilə bağlı dünya təcrübəsindən danışan Ə.Həsənov vurğulamışdır ki, bir çox ölkələrdə təbii fəlakətlərdən əziyyət çəkən insanlara dövlət tərəfindən heç bir yardım göstərilmir. Bəzi ölkələrdə isə ən yaxşı halda kredit şəkilində yardımlar göstərilir. Azərbaycanda isə dövlət öz vətəndaşlarına birbaşa, əvəzsiz yardım göstərir. Bu yardımlar qeyri-hökumət təşkilatları, eləcə də AQAC  tərəfindən də lazımi səviyyədə göstərilir. Bu gün dövlət özü də bu təşkilatlara yardım edir. Cari ildə AQAC-a dövlət büdcəsindən 720 min manata yaxın vəsait ayrılmışdır. Təşkilat və onun bəzi yerli şöbələri dövlət mülkiyyəti hesabına mənzil-qərargahla təmin olunmuşdur.

Ona görə də hesab edirəm ki, növbəti prezident seçkilərində dövlət başçısı postuna İlham Əliyevin namizədliyinin sizin tərəfinizdən irəli sürülməsi təsadüfi deyildir. Bu, artıq üçüncü qeyri-hökumət təşkilatıdır ki, Prezident İlham Əliyevin namizədliyini irəli sürür. Ətrafında yüz minlərlə insanı birləşdirən Ağsaqqallar Şurasının, Həmkarlar İttifaqları Konfederasiyasının və Qızıl Aypara Cəmiyyətinin üzvlərinin belə bir təkliflə çıxış etmələri sadə Azərbaycan vətəndaşlarının ulu öndərin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevə olan etimadının və inamının parlaq təzahürüdür.

Əli Həsənov AQAC-ın həm ölkə daxilində, həm də beynəlxalq aləmdəki fəaliyyətini yüksək qiymətləndirmiş, cəmiyyətin üzvlərinə və könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müvafiq komissiyalarının hesabatları dinlənilmiş, qərarlar təsdiqlənmişdir.

Sonda Novruzəli Aslanov və Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov AQAC-ın fəaliyyətində fərqlənən şəxslərə fəxri fərmanlar və mükafatları təqdim etmişlər.  

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV baş məclisi bədii proqramla başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında