Avropa Şurasının komitə iclasında Fransa parlamentində törədilmiş erməni vəhşiliyi ifşa edilmişdir

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin qış sessiyasından sonra keçirilən ilk iclası söz və ifadə azadlığı, internetdən istifadənin müasir problemləri, mədəni irsin qorunması ilə bağlı geniş məsələləri əhatə etmişdir. Qurumun Parisdəki qərargahında baş tutan yığıncaqda məruzələrlə əlaqədar dinləmələr də təşkil edildiyindən toplantıya yalnız Parlament Assambleyasının üzvləri deyil, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Paris, London, Hamburq, Bonn və digər şəhərlərdəki aparıcı universitetlərin və elmi-tədqiqat institutlarının təmsilçiləri də dəvət edilmişdilər.

İclasın əvvəlində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov təcili müzakirə qaydasında məsələ qaldırmış, söz və ifadə azadlığına qarşı təhlükələrlə bilavasitə əlaqədar olan bir məsələdən komitə üzvlərinin xəbərdar olması üçün bəyanat vermişdir.

Rafael Hüseynov Parisdə, Milli Assambleyada azərbaycanlılara qarşı törədilmiş həqarətlə bağlı demişdir: “Söz və ifadə azadlığı insan haqlarının ali prinsiplərindəndir və onlara riayət edilməsi yolunda daim mübarizə aparmaq vəzifəmizdir. Səbəbsiz deyildir ki, bu gün olduğu kimi, əvvəlki komitə iclaslarımızda da həmin problem həmişə gündəmdə qalır. Söz və ifadə azadlığına qarşı bu və ya digər ölkədə baş vermiş istənilən arzuolunmaz cəhdə Parlament Assambleyası həmişə öz sərt münasibətini ifadə etmişdir. Ona görə də indi bəhs edəcəyim hadisədən bütün komitə üzvlərinin xəbərdar olmasını zəruri hesab edirəm. Bu hadisəni qeyri-adi edən odur ki, insident Fransa parlamentində, Milli Assambleyanın iclas zalında baş vermişdir. Fevralın 26-da Milli Assambleyada fransalı deputat, həmkarımız, Avropa Şurasının üzvü olan Fransua Roşeblanın və Parisdəki erməni diasporunun təşəbbüsü ilə dinləmələr keçirilmişdir. Həmin tədbirdə Ermənistanın Fransadakı səfiri Viken Tçitetçyan, qondarma “Dağlıq Qarabağ Respublikası”nın guya Fransadakı təmsilçisi Hovannes Kevorkyan, millətçi-radikal “Daşnaksütyun” partiyasının Qərbi Avropa üzrə nümayəndəsi Murad Papazyanla yanaşı, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, Fransanın Val de Marn bölgəsindən deputat Rene Ruke, erməni deputatlardan daha ermənipərəst baxışları ilə seçilən, Azərbaycana münasibətdə Parlament Assambleyasında həmişə qeyri-obyektiv, barışmaz mövqe nümayiş etdirən çıxışlar edən, Luar bölgəsindən deputat Fransua Roşeblan da iştirak etmişlər. Yəni, bu tədbir sırf erməni lobbisinin tədbiri olmaq çərçivəsindən kənara çıxmışdır və Milli Assambleyanın binasında baş tutması da ona ayrı bir siyasi rəng vermişdir. Bu dinləmələr keçmiş Sovet İttifaqının dağılması ərəfəsində, Ermənistan-Azərbaycan münaqişəsinin lap əvvəllərində Sumqayıt şəhərində baş vermiş hadisələrin 25 illiyinə həsr edilmişdi. Erməni təbliğat vasitələrində siyasi möhtəkirlik nümunəsi kimi daim fəal şəkildə istifadə edilən həmin hadisələrin, Sumqayıtdakı erməni qırğınlarının əslində o vaxt SSRİ xüsusi xidmət orqanları və ermənilərin özləri tərəfindən təşkil edildiyi, münaqişənin qızışdırılması üçün bir katalizator olaraq törədildiyi artıq danılmaz dəlillərlə sübut edilmişdir. Bu haqda şahid ifadələrini, fotoları, sənədləri əks etdirən çoxlu elmi məqalələr, ayrıca kitablar da nəşr edilmişdir.

Milli Assambleyanın binasında keçiriləcəyi irəlicədən elan edilmiş həmin toplantıya rəsmən Fransadakı müxtəlif Azərbaycan təşkilatları müraciət etsələr də, onların hamısına etiraz cavabı verilmişdir. Əvvələn, bunun özü erməni tərəfinin istənilən müzakirədən yayınmasına, obyektiv diskussiyalardan qorxmasına əyani göstəricidir. Birtərəfli qaydada, opponenti dinləmək istəmədən, özü deyib özü eşitmək üslubunda belə mürəkkəb məsələləri müzakirəyə çıxarmaq yolverilməzdir və siyasi riyakarlığın bariz örnəyidir. AŞPA-dakı Ermənistan nümayəndə heyəti də Dağlıq Qarabağ üzrə alt komitənin toplantılarına qatılmaqdan boyun qaçırır, elə həmin qaydada Ermənistan rəhbərliyi Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə rəğmən sülh danışıqlarından yayınır. Lakin hər halda Fransa Milli Assambleyasının binasında keçirilən və Sumqayıt hadisələrinin 25 illiyi ilə əlaqədar təşkil edilmiş, 100-dən artıq Fransa ermənisinin, fransız deputatların iştirak etdiyi toplantıya 2 azərbaycanlı gənc də qatılmağa müvəffəq ola bilmişdir. Onlardan biri fransız ərinin familiyasını daşıdığından və tədbirdə iştirak etmək üçün göndərdiyi müraciəti həmin soyadla imzaladığından toplantının təşkilatçıları xanımı azərbaycanlı deyil, fransız zənn etmiş, tədbirə özü ilə bir nəfəri də gətirmək icazəsi ilə onu rəsmən dəvət etmişlər. Artıq iclasın gedişində gələn qonaqlardan 2 nəfərin azərbaycanlı olmasından xəbər tutandan sonra təşkilatçılar qabaqcadan nəzərdə tutulmuş sual-cavablar və müzakirələri ləğv etdiklərini elan etmişlər. Söhbət də əsasən Sumqayıt hadisələri haqqında deyil, Azərbaycan əleyhinə müxtəlif böhtan xarakterli çıxışlarla davam etmişdir. İclasın sonuna doğru Sumqayıt hadisələrində həlak olan ermənilərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək təklif olunarkən 2 azərbaycanlı gənc, Parisdəki “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və onu müşayiət edən Vüsal Hüseynov bir dəqiqəlik sükutla Xocalı qurbanlarının xatirəsini anmaq istəklərini bildirmişlər. İş ondadır ki, məhz bu toplantının keçirildiyi gündə, fevralın 26-da 21 il əvvəl Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Xocalı şəhərində insanlıq tarixindəki ən dəhşətli soyqırımılarından birini törətmiş, bir gecə içərisində uşağa, qadına, qocaya fərq qoymadan bir şəhərin yüzlərlə sakinini ən amansız şəkildə qətlə yetirmişlər. Milli Assambleyada ermənilərin həmin iclası keçirilərkən Azərbaycanın dörd bucağında, eləcə də, həm Parisdə, həm də Avropanın, Asiyanın, ABŞ-ın bir çox şəhərlərində Xocalı şəhidlərinin xatirəsinə həsr edilən anma mərasimləri, mitinqlər keçirilirdi. Azərbaycanlı gənclər Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmaq arzularını bildirəndə 50-60 nəfərdən artıq erməni bu 2 gənc azərbaycanlının üzərinə atılaraq onları təpiklə, yumruqla vəhşicəsinə döyməyə başlamışlar. Ən acınacaqlısı odur ki, azərbaycanlıları döyməyə çağırış edənlərdən və prosesin iştirakçılarından biri fransız deputat Fransua Roşeblan olmuşdur. Gənc xanım ciddi bədən xəsarətləri alsa da, onu qorumaq üçün özünü zərbələrin qarşısına verən digər azərbaycanlı gəncin aldığı zədələr daha ağır olmuşdur. Qonşu zalda başqa toplantıda iştirak edən digər fransız deputatlar qışqırıqları eşidərək köməyə gəlməsə və döyülən azərbaycanlı gəncləri xilas etməsə idilər təbii ki, nəticə daha ağır ola bilərmiş.

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan tərəfi dərhal etiraz notası vermiş və məmnunluq hissi ilə bildirməliyəm ki, Fransa Milli Assambleyasının rəhbərliyi də, Fransa Xarici İşlər Nazirliyi də, ədalətin tərəfdarı olan bir qrup fransız deputat bu xoşagəlməz hadisə ilə əlaqədar təəssüflərini ifadə edən bəyanatlar yaymışlar.

Artıq insidentlə bağlı Fransanın hüquq-mühafizə orqanlarına müraciət edilmiş, cinayət işi açılmış, təhqiqat aparılmaqdadır. Lakin bu hadisəni 2 nəfərə qarşı baş vermiş həqarət kimi dəyərləndirmək olmaz. Bu, bütövlükdə söz və ifadə azadlığına, insan haqlarına qarşı törədilmiş böyük xətadır. Azərbaycan işğala məruz qalmış, 1 milyon qaçqına və məcburi köçkünə malik ölkə olsa da, həmişə münaqişənin diplomatik vasitələrlə, dinc yolla həlli istiqamətində çalışır, daim tolerantlıq nümunəsi göstərir. Lakin bu son hadisə bir daha erməni tərəfin tam əks mövqedə dayandığını, Azərbaycana yalnız hərbi, siyasi, ideoloji səmtdə zidd getdiyini deyil, həm də azərbaycanlılara dərin etnik nifrət bəslədiyini ortaya qoyur. Belə rasist baxışlarla yaşayan ermənilərlə və Ermənistan ilə sülhə nail olmağın nə qədər çətin olduğunu təsəvvür edə bilərsiniz. Xüsusi müzakirə tələb edən bu məsələni mən Parlament Assambleyasının aprelin sonundakı yaz sessiyasında da qaldırmaq niyyətindəyəm. Rəsmi Ermənistanın və bu ölkənin xarici siyasətinə ciddi təsir imkanlarına malik qüvvələrin, ilk növbədə, erməni lobbisinin Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik vasitələrlə həllində maraqlı olmadığı, vaxtaşırı müxtəlif qızışdırıcı, təhrikedici addımlar atdığı çoxdan bəllidir. Lakin Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış həmsədrlər institutunda təmsil olunan ölkədir, problemin nizamlanmasında cavabdehlik daşıyır və ona görə də belə bir hadisənin Milli Assambleyada baş verməsi, bu gedişatda fransalı bəzi deputatların da mənfi rolu son dərəcə narahatedicidir. Rəsmi Fransa da, Avropa Şurası da bu mənfi hallarla əlaqədar qəti və aydın mövqe nümayiş etdirməlidir".

Komitə üzvlərinin bir çoxu təfərrüatlarından xəbərsiz olduqları bu hadisə ilə bağlı Rafael Hüseynovun nitqini həssaslıqla qarşılamış, azərbaycanlı gənclərə qarşı Fransa Milli Asssambleyası binasında ermənilərin törətdiyi nalayiq əməllərdən hiddətlərini ifadə etmiş, azərbaycanlı deputatın AŞPA-nın yaz sessiyasında da bu məsələni parlament üzvlərinin diqqətinə çatdırmasının vacibliyini vurğulamışlar. AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin sədri, Polşadan olan deputat Piotr Vax qaldırılan məsələnin ciddiliyini bir daha təsdiqləmiş, deputat Rafael Hüseynovun bəyanatının komitə iclasının protokoluna xüsusi mövzu kimi daxil ediləcəyini bildirmişdir. 

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında