İsrail generalı Efraim SNE: Xocalı aeroportunun açılmasına cəhd Ermənistan rəhbərliyinin görünməmiş həyasızlığı və siyasi nadanlığıdır

 

 

İsrail müdafiə nazirinin keçmiş müavini, Netanya Universiteti nəzdində Strateji Dialoq Mərkəzinin başçısı, general Efraim Sne İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə “Justice for Khojaly” kampaniyası çərçivəsində Təl-Əviv Universitetinin Diaspor Muzeyində təşkil etdiyi fotosərgini açarkən demişdir ki, erməni terrorçularının törətdikləri Xocalı qətliamı qurbanlarının anım gününün qeyd edilməsi İsraildə ənənəyə çevrilmişdir.

E.Sne demişdir: “Təəssüf ki, hazırda beynəlxalq münasibətlərdə ikili standartların şahidiyik. BMT Təhlükəsizlik Şurasının hörmətli üzvləri və dünya birliyi nə üçün BMT-nin üzvü olan Ermənistandan Azərbaycanın ərazilərindən çıxmağı və işğal etdiyi 20 faiz torpaqların geri qaytarılmasını tələb etmir? Nə üçün dünya Ermənistandan Azərbaycana qarşı təcavüzü dayandırmağı tələb etmir? Axı, bu təcavüz nəticəsində Azərbaycanda bir milyondan çox adam öz torpağında qaçqına və məcburi köçkünə çevrilmişdir. Nə üçün heç kəs Ermənistandan sülh naminə addımlar atıb öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağı tələb etmir? Təəssüf ki, biz beynəlxalq münasibətlərdə hökm sürən ikili standartları müşahidə edirik. Nə üçün dünya dəhşətli və misli görünməmiş Xocalı soyqırımı barədə susur?”.

 E.Sne ermənilərin işğal etdikləri və yer üzündən sildikləri Xocalı şəhərində aeroportun açılması məsələsinə toxunaraq, hava limanının açılmasına cəhdi Ermənistan rəhbərliyinin görünməmiş həyasızlığı və siyasi nadanlığı adlandırmışdır. İsrail generalı demişdir: “Aeroportun açılmasına cəhd beynəlxalq hüququn bütün normalarına ziddir və regional təhlükəsizlik üçün qorxu yaradır. Biz erməni terrorçularının 21 il əvvəl Azərbaycan xalqına qarşı soyqırımı törətdiklərini yaxşı xatırlayırıq. Xocalıda aeroportun açılması qətlə yetirilmiş azərbaycanlıların xatirəsinə öz hörmətsizliyini nümayiş etdirmək üçün Ermənistan rəhbərliyi və onun oyuncaq rejimi tərəfindən düşünülmüş aksiyadır. Xocalı aeroportundan həyata keçirilən istənilən uçuş həm Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin davam etməsi, həm də Azərbaycanın hava məkanının pozulması deməkdir”.

General Snenin sözlərinə görə, Xocalı soyqırımının təşkilatçısı və icraçısı olan Ermənistanın indiki rəhbərliyi güman edir ki, dünya Xocalıda baş verən qətliamı unudacaqdır. General fikrini belə yekunlaşdırmışdır: “Faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi şəkildə divan tutmaq məqsədi daşımışdır. Bütün bu faktlar istər-istəməz nasistlərin Liditsa, Oradur və Xatında törətdikləri cinayətləri xatırladır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında