Martın 5-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Milli Məclisin sədri Oqtay Əsədov iclasda bildirmişdir ki, Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dünyanın əksər dövlətlərində anma mərasimləri və toplantılar keçirilmişdir. Bir çox ölkələrdə Ermənistanın təcavüzkar olduğu barədə qətnamələr qəbul olunmuşdur. Bütün bunlara Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsində nail olmuşuq.
Eyni zamanda baş verən hadisələr göstərir ki, bir çox ölkələrin 30-40 ilə keçdikləri yolu biz çox az bir zamanda böyük sürətlə keçirik. Xocalı soyqırımı ilə bağlı qətnamələr əvvəlcə Pakistan, Meksika və Kolumbiya parlamentlərində qəbul edilmişdir. Artıq ABŞ-ın 7 ştatı, Avropanın bir çox ölkələrində Azərbaycanın haqq səsi eşidilir. Son olaraq isə Bosniya və Herseqovina parlamentində səs çoxluğu ilə qətnamə qəbul olunmuşdur. Eynilə Çexiya və Rumıniyada da Ermənistan təcavüzkar ölkə adlandırılmışdır. Hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının növbəti təntənəsidir. Bu, bir daha sübut edir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlər yüksək səviyyədədir.
Oqtay Əsədov bu istiqamətdə zəhməti olan bütün şəxslərə, təşkilatlara minnətdarlığını bildirmiş və Azərbaycan Milli Məclisinin adından yuxarıda adları çəkilən dövlətlərin parlamentlərinə və parlament rəhbərliyinə təşəkkür məktubu göndərilməsini təklif etmişdir.
Cari məsələlərin müzakirəsi də demək olar ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərə həsr olunmuşdur. Çıxış edən deputatlar qeyd etmişlər ki, Xocalı soyqırımı ilə bağlı aparılan kampaniya artıq dünyada ermənilərin uydurma “soyqırımı” iddialarını arxa plana keçirmişdir. Dünya Azərbaycan həqiqətləri ilə tanış olur və Ermənistan təcavüzkar ölkə kimi ifşa edilir. Bütün bunlar Azərbaycan həqiqətlərinə dünya dövlətlərinin verdiyi qiymətdir. Qəbul olunan qətnamələrin əksəriyyətində isə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsi tələb olunur. Deputatlar bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin titanik fəaliyyəti erməni təbliğatını darmadağın edir. Azərbaycan diplomatiyasının qələbəsi get-gedə geniş vüsət alır.
Qeyd olunmuşdur ki, faciənin 20-ci ildönümü zamanı Bakıda təşkil olunan ümumxalq yürüşü zamanı Azərbaycan Prezidentinin xalqın önündə getməsi də bir çox dövlətlər və antiazərbaycançı qüvvələr üçün xəbərdarlıq olmuşdur. Həmçinin, bütün dünyaya bəyan olmuşdur ki, xalq hər zaman İlham Əliyevin arxasındadır.
Müzakirələr zamanı deputatlar Fransa parlamentində baş vermiş xoşagəlməz hadisəyə də toxunmuşlar. Qeyd edilmişdir ki, özünü demokratiyanın beşiyi adlandıran Fransa kimi bir dövlətin parlamentində soydaşlarımızın 150 nəfərə yaxın erməni tərəfindən döyülməsi faktı utancverici haldır.
Deputatlar Milli Məclisin məsələyə münasibət bildirməsini təklif etmişlər.
O.Əsədov diqqətə çatdırmışdır ki, bu qanunsuzluq Fransa parlamentinin zalında baş verib və Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələ ilə bağlı Fransa tərəfinə öz etirazını bəyan etmişdir. Məsələ ilə bağlı artıq cinayət işi açılmışdır. Ona görə də bir qədər gözləmək gərəkdir. Nəticə bilindikdən sonra Milli Məclis öz mövqeyini açıqlaya bilər.
Müzakirələrdən sonra iclasda Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2012-ci il üzrə illik məruzəsi dinlənilmişdir.
Elmira Süleymanova bildirmişdir ki, Ombudsman təsisatının ötən 10 ili ərzindəki fəaliyyəti insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, insan hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasına, bütövlükdə insan hüquqlarının inkişaf etdirilməsinə, nəticə etibarilə, vətəndaş cəmiyyəti və demokratiya meyarlarına cavab verən dövlətçiliyin daha da möhkəmləndirilməsinə yönəlmişdir. Azərbaycanın tərəqqisinin tərkib hissəsi kimi daim təşəkkül edən və inkişafda olan təsisatın qazandığı uğurlar dövlətin və onun səlahiyyətli qurumlarının dəstəyi ilə başa gəlmişdir.
Ötən il bütün sahələrdə davam etdirilmiş ardıcıl islahatlar, o cümlədən irimiqyaslı sosial-iqtisadi tədbirlər nəticəsində dövlət büdcəsi sosialyönümlü olmaqla davamlı şəkildə artmış, vergi və sosial təminat sistemləri təkmilləşdirilmiş, bir sıra sahələrdə “bir pəncərə” sistemi, habelə “elektron hökumət” uğurla tətbiq edilmiş, “ASAN” xidmət fəaliyyətə başlamış, bürokratik əngəllərin aradan qaldırılması və şəffaflığın təmin olunması üzrə işlər genişləndirilmişdir.
İl ərzində müvəkkil həm paytaxtda, həm də regionlarda əhali ilə geniş ünsiyyət yaratmaqla görüşlər və qəbullar keçirmiş, müxtəlif vaxtlarda insan hüquqlarının təmin edilməsinin monitorinqini aparmış, həmçinin öz izahat və məsləhətləri, məsələlərə bilavasitə müdaxiləsi, habelə yerli icra hakimiyyətlərinin və mərkəzi icra orqanlarının yerli bölmələrinin, bələdiyyələrin rəhbərlərini pozulmuş insan hüquqlarının bərpası işinə cəlb etməklə insan hüquqlarının səmərəli müdafiəsinə, bununla da dövlətin nüfuzunun artmasına, dövlətçiliyin inkişafına xidmət etmişdir. Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına, ümumilikdə 87870, o cümlədən 2012-ci ildə 12470 müraciət daxil olmuşdur. Ötən il müvəkkil tərəfindən aparatda, regionda, istintaq təcridxanalarında, hərbi hissələrdə, uşaq, əlil və ahıl evlərinə baxış zamanı 470 şəxslə görüş keçirilmişdir. Ötən il şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 89 müraciət daxil olmuş və hər bir müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa edilmişdir.
Ombudsman Aparatına daxil olan şikayətlərdə həmçinin, qeydiyyat və notariat orqanlarında, bələdiyyələrdə, mənzil-istismar sahələrində və yerli icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində, səhiyyə müəssisələrində, xüsusilə doğum evlərində, cərrahi müdaxilə ilə müşayiət olunan müalicə prosesində, orta məktəblərdə, uşaq bağçalarında, ali və orta ixtisas müəssisələrində, daşınmaz əmlakın dövlət reyestri xidmətində, tibbi-sosial ekspert komissiyalarında, ünvanlı sosial yardımların təyin olunması, şəxsiyyət vəsiqələrinin və digər zəruri sənədlərin verilməsi, özbaşına tikililərin aparılması zamanı korrupsiya hallarına yol verilməsi öz əksini tapmışdır.
Ötən il Ombudsman Aparatına daxil olan şikayətlərin 43,7 faizi icraata qəbul edilmiş, onlardan 65,2 faizi təmin olunmuşdur. Keçən il Azərbaycanda 40 məhkum əfv olunmuşdur. Ümumilikdə 2012-ci ildə ombudsmanın vəsatəti ilə 391 məhkum əfv edilmişdir.
E.Süleymanova qeyd etmişdir ki, ötən il həbs yerlərində saxlanılan şəxslər və məhkumlarla bağlı ombudsmana 1833 müraciət olmuşdur. Ötən dövrdə fəaliyyətlərində yol verdikləri qanun pozuntularına görə bəzi rayon məhkəmələrinin və müvafiq orqanların əməkdaşlarına Ombudsmanın iradından sonra intizam icraatı başlanılmışdır.
KİV nümayəndələrinin, xüsusilə də insan hüquqları sahəsində yazan jurnalistlərin peşə hazırlığının yüksəldilməsi, onların hüquqi biliklərinin artırılması məqsədi ilə müvəkkilin təşəbbüsü və təklifi əsasında treninqlər və seminarlar keçirilmiş, maarifləndirmə ilə bağlı iş aparılmışdır. Müvəkkil hər bir kəsin informasiya almaq hüququ olduğunu, bu hüququn səmərəli təmin edilməsinin zəruriliyini, vətəndaşlara, o cümlədən jurnalistlərə onları maraqlandıran məlumatları sərbəst şəkildə əldə etmək, topluma yaymaq üçün zəruri şərait yaradılmasının vacibliyini bildirmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuş, deputatlar Ombudsmanın məruzəsini müsbət qiymətləndirmiş və bildirmişlər ki, bu yubiley məruzəsində göstərilən işlər Azərbaycan hökumətinin il ərzində apardığı siyasətin əsasında həyata keçirilmişdir.
Sonda İnsan hüquqları üzrə müvəkkilin illik hesabatı deputatlar tərəfindən müsbət qiymətləndirilərək qəbul edilmişdir.
Sonra gündəlikdəki digər məsələlərə baxılmış, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişiklik olunmuşdur.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna, qanunun tətbiqi haqqında Əsasnamə"yə təklif olunan dəyişikliklər, eləcə də “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" sənədlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu qanun layihələri ölkəyə gələn və vətəndaşlığı olmayan şəxslərin burada qeydiyyatının, yaşamaq hüququnun sadələşdirilməsinə xidmət edir. Bununla əcnəbi və vətəndaşlığı olmayanların qeydiyyatı asanlaşdırılacaqdır. Əgər indiyədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı məsuliyyət gələn şəxsin üzərinə düşürdüsə, dəyişikliklər qüvvəyə mindikdən sonra məsuliyyət əcnəbini qəbul edən tərəfin üzərinə düşəcəkdir.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxslə bağlı ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini olduğu yer üzrə qeydiyyata alacaq və bu barədə 48 saat ərzində qəbul edən tərəfə məlumat verəcəkdir.
Müzakirələrdən sonra qanun layihələri qəbul edilmişdir.
Deputatlar “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə" və Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə də dəyişikliklər edilməsinə razılıq vermişlər.
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın təqdimatından sonra “Məlumat azadlığı haqqında” Qanuna dəyişiklik edilmişdir.
İclasda “Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxılmışdır. Layihədə, Masallı rayonunun tərkibində olan Dadva, Digah, İsgəndərli və Seybəyin kəndləri, eyni zamanda, Bambaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül və Təklə kəndləri ləğv edilərək Masallı şəhərinin tərkibinə daxil edilməsi məsələsi əksini tapmışdır.
Layihə barədə məlumat verən regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirmişdir ki, bu kəndlər Dövlət Reyestrindən çıxarılacaq, Masallı şəhərinə yaxın olan 9 kəndin ərazisindən 600 hektar ərazi alınaraq şəhərin tərkibinə qatılacaqdır.
Digər qanun layihəsi - “Pirallahı rayonu ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” sənəd barədə də məlumat verən Arif Rəhimzadə demişdir ki, yeni yaranan müstəqil Pirallahı bələdiyyəsi yeni yaradılan rayonun həyatında mühüm rol oynayacaqdır.
Hər iki qanun layihəsi səs çoxluğu ilə qəbul edilmişdir.
İş gününün sonunda “Uşaqların icbari dispanserizasiyası” haqqında qanunun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmışdır.
Layihə barədə məlumat verən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdir ki, qanun layihəsi ilk oxunuşda bütövlükdə bəyənilmişdir. Birinci oxunuşda deputatlar bir çox maraqlı təkliflərlə çıxış etmişdilər və bu təkliflərin əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınmışdır.
Qeyd edilmişdir ki, qanunda nəzərdə tutulan müddəaların pozulmasına görə pasiyentin məhkəməyə müraciət etmək hüququ, eyni zamanda qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunması öz əksini tapmışdır. Sənədin qəbulundan sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq əlavə və dəyişikliklər olunacaqdır.
Müzakirələrdən sonra sənəd fəsil-fəsil səsə qoyularaq qəbul edilmişdir.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.