Almaniyadan Azərbaycana “Senator Ulduzu” ordeni göndərildi

 

 

Səsi kosmosdan,  BMT Təhlükəsizlik Şurasından, dünyanın bütün mötəbər beynəlxalq tribunalarından  qətiyyətlə  eşidilən Azərbaycanın  bugünkü həqiqətlərini görəndə  hələ 13-14 il əvvəl söylənmiş bir ifadə yada düşür: “Azərbaycan dünyaya Günəş kimi nur saçacaq”.

O nur artıq saçır və dünyanın hər yerindən görünür. Ölkəmiz dünyanın sayılıb seçilən 15 dövlətindən biri kimi  planetin təhlükəsizlik məsələlərinin müzakirə olunduğu iclaslara sədrlik edir,  cəmi onlarla üzvü olan “kosmik ölkələr” klubunda Azərbaycanın  bayrağı da dalğalanır, dünyanın iqtisadi problemlə üzləşmiş ölkələrini  bu ağır bəladan xilas etmək üçün toplaşan “Böyük iyirmiliklərin” siyahısında rəsmi Bakının da adı var və sairə.Yəni bu gün cəmi 21 il müstəqillik tarixi olan bir ölkə dünya miqyasında nəyə nail ola bilərdisə, Azərbaycan ehtimal olunan həmin nəticələrin hamısına imza atıb. Özü də ikiqat, üçqat səviyyədə. Təmsilçilərimiz bütün beynəlxalq tədbirlərdən üzüağ qayıdır, ölkəmiz hər il onlarla beynəlxalq tədbirə ev sahibliyi edir.

Bütün bunlar Azərbaycan dövlətinin qazandığı nailiyyət və uğurlardır. Ancaq ayrı-ayrı soydaşlarımızın,  xüsusən, yaradıcı ziyalıların  dünyanın müxtəlif guşələrində qazanılan,  məhz Azərbaycan adına qürur gətirən  çoxsaylı nailiyyətləri də var ki, bədxahlarımız həmin uğurlarımızı da böyük narahatlıqla qəbul edirlər. Məsələn,  2012-ci ildə keçirilmiş London yay Olimpiadasında  Azərbaycan təmsilçiləri ikisi qızıl olmaqla 10 medal qazanaraq dünya üzrə 30-cu yeri , ermənilərsə  bir gümüş, iki bürünc medalla 63-cü yeri tutmuşdular.  Yaxud Azərbaycan xanəndəsi Alim Qasımov  öz sənəti ilə bütün planeti dolaşaraq ümumilikdə türk dünyasının  yüksək mədəniyyətini  uğurla təbliğ edir,  ABŞ-da yaşayan erməni  xanım sənətçi  Kim Qardaşyan isə dünyanın bütün ermənilərinin başına kül ələyəcək qədər rüsvayçı olan lentləri ilə məşhurdur. Erməni filosofları oğruluq və plagiatlıqda ad-san qazanıblarsa, azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin beş dildə dünyanı gəzən “Kəlamlar” kitabı otuzdan çox ölkənin dövlət və hökumət başçılarının şəxsi kitabxanasına qəbul edilib, stolüstü kitabına  çevrilib. Erməni yazıçılarının kitabları qana, qırğına, separatçılığa, düşmənçiliyə, milli ayrı-seçkiliyə, fitnə-fəsada  çağırırsa, Hacı Fərhad Mirzənin yaradıcılığı başdan - başa  sülhə, əmin -amanlığa, haqqa, ədalətə, bəşəri dəyərlərin qorunmasına, bütün ölkələrdə demokratiyanın bərqərar olunmasına, bütün xalqların, bütün dinlərin və bütün insanların bərabər tutulmasına çağırır. Ona görə də bu soydaşımızın yaradıcılığı təkcə Bakıda, Ankarada və ya İstanbulda deyil, eləcə də Moskva, London, Roma,  Berlin, Frankfurt, Ottava, Lvov və başqa şəhərlərdə yüksək qiymətləndirilir , çoxsaylı mükafatlara və təltiflərə layiq görülür. Bu kitab müxtəlif beynəlxalq kitab sərgi-yarmarkalarında dəfələrlə öz müəllifinə və xalqımıza üz ağlığı gətirib.

“Kəlamlar” kitabı öz müəllifinə dörd beynəlxalq akademiyanın akademiki, beş ölkənin yazıçılar birliyinin üzvü, Romanın fəxri vətəndaşı adlarını qazandırıb, Türkiyə və Rusiyada müxtəlif naşirlər bu kitabı bilavasitə öz hesablarına , böyük tirajla nəşr etdirərək baha qiymətə satır və ya dünyanın ən tanınmış adamlarına bağışlayırlar.  Bu kitab Türkiyə Cümhuriyyətində “Ruha ilac kitablar”  seriyasıyla seçilmiş 150 kitabdan biridir. Çünki Hacı Fərhadın kəlamları nadan siyasətin ifşa olunmasına, zamanın tələbinə uyğun olan yeni idarəetmənin formalaşdırılmasına, planetin hər yerinə sülh və barış gətirilməsinə, dünyada hökm sürən iqtisadi böhranın aradan qaldırılması üçün qüvvələrin səfərbər olunmasına, rəhbərlər və məmurlar haqqında daha kəsərli qanunların qəbul edilməsinə və həmin qanunların icrasının nəzarətdə saxlanılmasına, millətçiliyin, seperatçılığın, lobbiçiliyin, terrorçuluğun  aradan götürülməsinə, dünyada azad ticarətin formalaşdırılmasına çağırışlarla doludur. Ənənəvi Şərq müdrikliyinin yeni nümunəsi olan bu kitabın Avropada daha çox sevilməsinin əsas səbəblərindən biri də  onun müəllifinin ana dilindən başqa türk, rus, ingilis və alman dillərində  də nəşr olunmasıdır. Həmin kitabların hamısında Hacı Fərhad Mirzənin ədəbi-fəlsəfi yaradıcılığı ilə yanaşı, ölkənin ağır günlərində öz xalqına və milli dövlətçiliyinə dayaq durmaq məqsədiylə reallaşdırdığı xeyriyyəçilik fəaliyyəti barədə də əhatəli söz açılır və qeyd olunur ki, müəllifin çoxsaylı mükafatlara layiq görülməsində bu amilin də xüsusi rolu vardır.

 Bu günlərdə Almaniyanın Frankfurt şəhərindən  - Avropa Təbiyyat  Elmləri Akademiyasından Hacı Fərhad Mirzənin adına gələn məktubda daha bir sevincli məqamdan söz açılır.  Akademiyanın prezidenti Vladimir Tıminskinin məktubunda qeyd olunur ki, Avropa mədəniyyətinin inkişafına verdiyi töhfələrə və dünyada sülhün və əmin-amanlığın qorunmasına çağırışlarına görə, eləcə də əsərlərində milli və ya dini deyil, bəşəri dəyərləri tərənnüm etdiyinə görə azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzə Avropa Təbiyyat Elmləri Akademiyasının Beynəlxalq Rıtsarlar İttifaqı ilə birlikdə təsis etdiyi “Senator Ulduzu” ordeni ilə təltif olunur.

Soydaşımızı yeni nailiyyət münasibətilə təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.

Natəvan İSMAYILLI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında