Azərbaycanda narkotik vasitələrlə mübarizə istiqamətində görülən işlər yüksək qiymətləndirilmişdir

 

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov martın 4-də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin (UNODC) rəhbəri Aleksandr Siçov ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə narkotik vasitələrlə mübarizə və bu istiqamətdə Azərbaycanda görülən işlər, BMT-nin müvafiq sahədə fəaliyyəti və digər məsələlər müzakirə olunmuşdur.

Azərbaycanda narkotik vasitələrlə mübarizə sahəsində xeyli işlərin görüldüyünü diqqətə çatdıran Ə.Həsənov qeyd etmişdir ki, ötən il müvafiq istiqamətdə beşillik proqram hazırlanmışdır. Bildirilmişdir ki, narkotik vasitələr ölkəmizə üç marşrutla daxil olur: Əfqanıstan-İran-Azərbaycan; Əfqanıstan-Pakistan-İran-Azərbaycan və Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan. Bu sahədə dördüncü marşrut Əfqanıstan-İran-Dağlıq Qarabağ üzrədir və bu marşrut ilə narkotik vasitələr MDB və Avropa ölkələrinə daşınır. 

Ə.Həsənov vurğulamışdır ki, Ermənistan hazırda Azərbaycanın işğal olunmuş ərazilərindən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir. Ermənilər narkotik vasitələrin satışından əldə edilmiş vəsaiti müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qrupların hazırlanmasına yönəldirlər.

Bildirilmişdir ki, Azərbaycanda bütün sahələr üzrə yüksək inkişaf tempi müşahidə olunur. Bütün dünyanın üzləşdiyi iqtisadi böhran ölkəmizdən yan keçmişdir. Narkotik vasitələrlə mübarizə istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən başlanılmış kursu hazırda Prezident İlham Əliyev yeni müstəvidə davam etdirir. Dövlətimizin başçısı bu problemin həllinə xüsusi diqqət yetirir.

Komissiya sədri diqqətə çatdırmışdır ki, ölkəmizdə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi haqqında” 2000-2006-cı illəri əhatə edən birinci, 2007-2012-ci illəri əhatə edən ikinci Proqram qəbul edilmişdir. Bu proqramlar çərçivəsində narkotik vasitələrlə mübarizə istiqamətində fəal iş aparılır. Üçüncü Proqramın da layihəsi artıq hazırdır.

Narkotik vasitələrlə mübarizə sahəsində BMT-nin fəaliyyətini yüksək qiymətləndirən Ə.Həsənov bildirmişdir ki, Azərbaycan bu istiqamətdə təşkilatla əməkdaşlıq etməkdə və yeni layihələrə qoşulmaqda maraqlıdır.

A.Siçov müvafiq sahədə BMT-nin fəaliyyətindən danışmış, təşkilatın bu istiqamətdə təsirli nəticələrin əldə edilməsi üçün hər il büdcəni artırdığını qeyd etmişdir. Bildirilmişdir ki, daha ciddi nəticələr əldə etmək üçün donor ölkələrlə birgə işləmək vacibdir.

Azərbaycanın regionda lider ölkə olduğunu vurğulayan BMT-nin nümayəndəsi ölkəmizin narkotik vasitələrlə mübarizə sahəsində kifayət qədər təcrübə qazandığını qeyd etmişdir. Bu fəaliyyətə dəstək vermək təşkilatın üzərinə düşən vəzifələrdən biridir. 

Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında