AZƏRBAYCAN 2020: Gələcəyə baxış konsepsiyası qarşıya yeni məqsədlər qoyur

 

 

 

 

Azərbaycan Respublikası ötən illər ərzində siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş, özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmışdır. Yəni keçid dövrünü arxada qoyan respublikamızda sərbəst bazar münasibətlərinə və siyasi plüralizmə söykənən, öz qanunauyğunluqlarına malik yeni sosial-iqtisadi sistem bərqərar olmuşdur.

Əhalinin etibarlı sosial müdafiə sistemi qurulmuş və bu sistem daha da təkmilləşdirilməkdədir. Bütövlükdə ölkə iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun xüsusi əhəmiyyətə malik sahələrinin yaradılması və ölkə əhalisinin iş yerləri ilə təmin olunması üçün kompleks tədbirlər planı həyata keçirilmişdir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Təbii ki, hər bir ölkənin uzunmüddətli inkişafının hədəflərini və prinsiplərini özündə əks etdirən konkret bir sənədə ehtiyacı vardır. Əminliklə deyə bilərik ki, bu baxımdan Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik bir strateji sənəddir. Təqdirəlayiq haldır ki, bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmamış, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulmuşdur. Bu məqsədlərə nail olmaq üçün isə ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Elmin və inkişafın planlaşdırılması və idarə edilməsinə əsaslanan səmərəli idarəetmə sistemi, davamlı yüksəliş, ekoloji sivilizasiya və digər bu kimi sahələrin də konsepsiyada öz əksini tapması sənədin əhəmiyyətini artırmaqdadır. Yəni “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasını davamlı inkişafın yol xəritəsi hesab etmək olar. Çünki bu sənəd önümüzdəki 7 il ərzində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi və ətraf mühitin qorunması məsələlərini geniş şəkildə əhatə edir.

Məlumdur ki, bir qayda olaraq, beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Ancaq Azərbaycanın strateji konsepsiyası ölkəmizin və cəmiyyətimizin qarşısında duran məsələlərin böyük əksəriyyətini ehtiva edir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul edilib və ediləcəkdir. Sənəd, həm də orta və uzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndirilir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcəkdir. Bu barədə fikirlərini bildirən akademik Ramiz Mehdiyev demişdir: “Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır. İqtisadi inkişafın innovativ xarakteri rəqabətədavamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaqdır”.

Azərbaycanın gələcəyinə istiqamətlənmiş inkişaf konsepsiyasının hazırlanması, əslində zərurətdən meydana gəlmişdi. Çünki bazar iqtisadiyyatına keçidin qısa müddət ərzində uğurla başa çatdırılması və liberal iqtisadi münasibətlərin təşəkkülü bir tərəfdən iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə keçməsini, digər tərəfdən isə qeyd edildiyi kimi, qloballaşan dünyaya inteqrasiya ilə bağlı çağırışlara cavab verilməsini zərurətə çevirmişdir. Təbii ki, keçid iqtisadiyyatından yeni modernləşmə erasına daxil olmaq milli iqtisadi inkişafın yeni modelinin hazırlanması və tətbiqi sayəsində baş vermişdir. Qürurla deyə bilərik ki, respublikamız MDB-də mükəmməl iqtisadi model hazırlayan novator ölkə kimi səciyyələndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin novatorluğu və qətiyyəti bu modelin yüksək səviyyədə formalaşmasına səbəb olmuşdur. Bu mənada, müstəqilliyimizin üçüncü onilliyində Azərbaycanın yeni iqtisadi siyasətini müəyyənləşdirən, yeni istiqamətlər açan milli inkişaf konsepsiyasının əsas məqsədi də ölkəni irəliyə aparmaqdan, cəmiyyətin daha da inkişafı üçün geniş imkanlar yaratmaqdan ibarətdir.

Respublikamız ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunmasını, ölkəmizin ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılmasını və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsini qarşısına məqsəd qoyub. Qarşıdakı illərdə qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi prioritet məsələlər kimi qarşıda durur. Bunun üçün real imkanlar da var. Belə ki, qeyri-neft sektorunun dinamik artımı bu sahəyə aid ixracın da artmasına müsbət təsir göstərəcəkdir. Ehtimal edilir ki, qeyri-neft məhsulları ixracı 2013-cü ildə 19,9 faiz, sonrakı 3 ildə orta hesabla 19,1 faiz artacaqdır. Təbii ki, bu tendensiya gələcəkdə daha yüksək sürətlə davam edəcəkdir.

Azərbaycan 2020-ci ilədək yoxsulluğun aradan qaldırılması üçün qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirmək imkanına malikdir. Yeni iş yerlərinin açılması, azad sahibkarlıq fəaliyyətinə dəstək verilməsi və digər mühüm amillər bunu təmin edəcəkdir. Ötən illərdə əldə etdiyimiz nailiyyətlər də bu uğurların reallaşmasına əsas yaradır. Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilmişdir. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi ölkəmizin hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılmış, 2003-cü ildən bugünədək Azərbaycanda bir milyon 200 min iş yeri açılmışdır ki, onlardan 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 5, 2 faiz səviyyəsinədək düşmüşdür. Bu illər ərzində işsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüş və 6 faiz təşkil etmişdir. Onu da qeyd edək ki, bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir. Gənclər arasında isə bu rəqəm 50 faizə çatır. Yəni qazandığımız uğur, hətta inkişaf etmiş ölkələr üçün çox yüksək göstərici hesab oluna bilər.

Respublikamız informasiya-kommunikasiya texnologiyaları sahəsində 2020-ci ilə qədər olan inkişaf xəttini müəyyənləşdirmişdir. İKT-nin inkişafında ixrac potensialının gücləndirilməsi əsas məqsədlərdən biridir. Regional və digər xarici bazarlara çıxışın təmin edilməsi istiqamətində artıq bir neçə layihə həyata keçirilir. Bu məqamda qeyd edək ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Görünən odur ki, bununla bağlı qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçiriləcəkdir. Keçən ay Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ölkəmiz üçün əlamətdar hadisə kimi tarixə düşdü. Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası, inanılmaz iqtisadi sıçrayış, qeyri-adi infrastruktur layihələri, Bakının ecazkar simasının yaradılması və sair əzəmətli inkişaf nümunələri, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz və nəhayət, süni peykimizin orbitə çıxarılması ölkəmizin istər regiondakı, istərsə də beynəlxalq aləmdəki sürətli yüksəlişinin göstəriciləri hesab olunur.

 Onu da deyək ki, kosmik sənayenin inkişafı üzrə yer səthini müşahidə peykinin 2014-cü ildə, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır. 2020-ci ilə qədər Azərbaycanda İKT ilə bağlı layihələrin həyata keçirilməsinə hökumət tərəfindən təxminən 3,6 milyard dollar vəsait xərclənməsi nəzərdə tutulmuşdur. İndiyədək görülən işlər isə bizim daha böyük uğurlar qazanacağımıza ümidləri artırır.

Yüksəlişimizin 2013-2020-ci illəri əhatə edəcək yeni mərhələsində Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğunda yeni-yeni nailiyyətlər bizi gözləyir. 2020-ci ildə respublikamızın ümumi daxili məhsulunun iki dəfə artırılaraq adambaşına 13 min dollara çatdırılması üçün illik artım tempi 7-8 faiz səviyyəsində olmalıdır. Bu, qarşıdakı yolun heç də asan olmayacağı mənasına gəlir. Ancaq nüfuzlu beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, dünyanın zəngin neft-qaz ölkələrindən biri olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı beş ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacaqdır. Bununla yanaşı, qeyri-neft sektorunda artım ÜDM-də 40-45 faiz yer tutmaqla maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan verəcəkdir. Yəni sürətli iqtisadi inkişafımızı davam etdirməyimiz və müəyyənləşdirilən yeni hədəflərə çatmağımız üçün real imkanlar var.

Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında