Prezident İlham ƏLİYEV: Hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur

 

Elə Prezident İlham Əliyevin fevralın 28-də Qəbələ rayonuna səfəri də ölkə regionlarına göstərilən qayğı və diqqətin növbəti təzahürü idi. Onu da deyək ki, son illər ölkəmizin bütün bölgələri kimi, Qəbələ rayonu da xeyli inkişaf etmiş, gözəlləşmişdir. Artıq Qəbələ rayonu təkcə ölkəmizin deyil, eləcə də regionun ən yaraşıqlı bir bölgəsinə çevrilmişdir. Ötən illər ərzində Qəbələdə geniş quruculuq işləri həyata keçirilmiş, sosial-iqtisadi həyatın bütün sahələrində əsaslı dəyişkiliklərə nail olunmuşdur. Rayona səfərini ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan dövlət başçısı burada yenicə istifadəyə verilmiş, eləcə də tikintisi davam etdirilən  bir sıra müəssisələrlə tanış olmuş, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Qəbələ Mədəniyyət Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsən Prezident elə buradaca  rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etmiş, son illər rayonda həyata keçirilmiş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişdir. Dövlət başçısı demişdir: “Azərbaycan dövləti uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələrayonunun timsalında açıq-aydın görürük. Çünki burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir... Qəbələ artıq dünyada çox məşhur bir şəhərə çevrilibdir”.  Həmişə olduğu kimi, bu dəfə də millli-mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirən dövlət başçısı Qəbələdəki yeni məscid binasının da açılışında iştirak etmişdir.

İctimaiyyət nümayəndələri ilə görüşü zamanı Qəbələnin ölkəmizin turizm və mədəniyyət mərkəzlərindən birinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev buradakı “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi ilə tanış olmuşdur. Daha sonra dövlət başçısı Qəbələ atıcılıq klubunun birinci mərhələsinin açılışında iştirak etmiş və konqres mərkəzində aparıln tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Son illər bütün ölkədə olduğu kimi, Qəbələ rayonunda da sahibkarlığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Elə rayonun Qaradeyn kəndi ərazisində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun  fəaliyyətə başlaması həmin  tədbirlərin davamlılığından xəbər verir. Dövlət başçısı Qəbələyə rayonuna səfəri çərçivəsində bu müəssisənin fəaliyyəti ilə tanış olmuşdur. Zavodun təsisçisi olan “Aspi Aqro” MMC-nin əsas məqsədi respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.

“Aspi-Aqro” MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “Gontard Freres” şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salmışdır. Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, illik temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən ərazidə əkiləcək üzüm növləri və onların kök sistemləri seçilmişdir. Seçilmiş növlər üzrə yüksək keyfiyyətli üzüm tingləri gətirilmiş və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilmişdir. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınmışdır. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.

Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində zavodun fəaliyyəti ilə yaxından tanış olmaqla yanaşı,  müəssisənin avtoparkında üzüm plantasiyalarında əkin, becərmə və məhsul toplanışında istifadə üçün nəzərdə tutulmuş texnika, maşın və avadanlıqlar, eləcə də üzümün qəbulu prosesi ilə maraqlanmışdır. Xatırladaq ki, “Aspi Winery” üzüm emalı müəssisənin illik istehsal gücü min tondur. İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı ilə təchiz olunmuş zavodda 7 növ məhsul istehsal olunur. Gələcəkdə isə 11 növ məhsulun istehsalı planlaşdırılır. Yeri gəlmişkən, hazırda burada istehsal olunan “Savalan” şərabları öz keyfiyyətinə görə müştərilərin diqqətini getdikcə daha çox cəlb edir. Zavodun konyak istehsalı sexində də bütün məhsullar yüksək ixtisaslı xarici mütəxəssislərin rəhbərliyi ilə istehsal olunur və yoxlanılır. Şərablar bütün müəyyən olunmuş normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. Təsadüfi deyil ki, öz keyfiyyətinə görə seçilən şərab məhsulları artıq ölkəmizin sərhədlərini aşaraq qonşu Rusiyaya ixrac olunur. Yaxın gələcəkdə isə bu məhsulların Ukrayna, İtaliya, İsveç kimi ölkələrə ixrac edilməsi nəzərdə tutulur.

Hələlik isə layihə gücünün 20-30 faizi həddində işləyən  “Aspi Winery” üzüm emalı müəssisəsi  yaxın illərdə öz fəaliyyətini genişləndirmək niyyətindədir. “Aspi-Aqro”ya  məxsus 340 hektar üzüm sahəsində İtaliyadan gətirilən 22 şərab sortu, 14 süfrə sortu üzümləri əkilmişdir. Həmin sahədə 200 nəfər mövsümi işlə təmin edilmişdir.  Bütövlükdə isə bu müəssisə Qəbələ rayonunda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayacaqdır.

Ölkəmizin ərzaq təhlükəsizliyinin təminatını mühüm vəzifə kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyev bu məqsədlə kənd təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərir. Təsadüfi deyil ki, hazırda ölkənin bu sektorunda fəaliyyət göstərən şəxslər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Bundan əlavə, fermerlərə texnika və yanacaq güzəştli şərtlərlə satılır. İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin paylanmasında da kənd təsərrüfatı istehsalçılarına daha çox üstünlük verilir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il ölkə üzrə verilmiş güzəştli kreditlərin 83 faizi regionların payına düşmüşdür. İl ərzində fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir. Göründüyü kimi, güzəştli kreditlər hesabına regionlarda aqrar-sənaye komplekslərinin sayı getdikcə artmaqdadır. Bununla yanaşı, regionlarda təşəbbüskarlıq meyillərinin getdikcə güclənməsi kənd təsərrüfatının, o cümlədən heyvandarlıq komplekslərinin yaradılmasına səbəb olur. Son illər Qəbələ rayonunda da bu istiqamətdə xeyli iş görülmüşdür. Elə Qəbələ heyvandarlıq-südçülük kompleksi də buna əyani sübutdur. Ümumi dəyəri 12,9 milyon manat təşkil edən  bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılmışdır. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanmışdır. Bu ilin fevral ayında isə işlər tam başa çatdırılmışdır.

Fevralın 28-də müəssisə ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilmişdir ki, kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə ABŞ-ın “BouMatic” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsindən olan inək gətirilmişdir. Hazırda sağmal heyvanların sayı 660 başa çatdırılmış, onlardan 150 bala alınmışdır. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulur. Kompleksdə bəslənilən hər bir inəkdən  ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağımı proqnozlaşdırılır. İstehsal olunan süd Qəbələdəki süd emalı zavoduna göndərilir. Burada “Jalə” brendi ilə ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılmışdır. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir. Layihənin icrası nəticəsində isə kompleksdə 95 nəfər iş yeri ilə təmin olunmuşdur.

Hazırda regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq Qəbələnin Vəndam qəsəbəsində “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi yaradılır. İyirmi hektar ərazidə inşa olunan kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir. Bu layihənin də inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit verilmişdir. Kompleks Almaniyanın məşhur “Delovan”, “Qruber”, “Vestvalya”, “Dea” şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılmışdır. Sağım sexi dünyanın ən mütərəqqi “Karusel” tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilmişdir.

Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleks üçün ilkin olaraq Almaniyadan 620 baş “Simmental” cinsindən olan südlük-ətlik istiqamətli cins düyələr alınmışdır. Mart ayında əlavə 160 baş heyvanın gətirilməsi təmin ediləcəkdir. Gətirilən heyvanlar artıq yerli iqlimə uyğunlaşmış və orta hesabla ildə 5000-6000 litr yüksək yağlılıq göstəricilərinə malik süd verəcəkdir. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılmışdır. Artıq bu ərazilərdə müxtəlif yem bitkiləri əkilmişdir. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu vardır. Bundan başqa, 200 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılmışdır. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunacaqdır. Əlavə olaraq 20 hektar alma bağı salınmış və burada hər hektarın məhsuldarlığının 30-40 tona çatacağı gözlənilir. Əkin-biçin işlərinin aparılması və əkin sahələrinə aqrotexniki qulluq göstərilməsi məqsədi ilə Avropanın lider şirkətlərindən 88 maşın və texnika alınmışdır. Həmin texnika 4 qarajdan ibarət avtoparkda saxlanılır. Tikintisi davam etdirilən ət emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasınadək bütün proseslər gigiyenik normalar gözlənilməklə həyata keçiriləcəkdir. Hazırda kompleksdə 80 nəfər işlə təmin edilmişdir. Dövlət başçısının heyvandarlığın inkişafının təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası nəticəsində isə kompleksin fəaliyyəti xeyli genişləndiriləcək. Belə ki, 2015-ci ilədək buradakı inəklərin sayının 2400-ə, heyvanların ümumi sayının isə 4800-ə çatdırılması nəzərdə tutulur ki, bununla da, kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biri olacaqdır.

Göründüyü kimi, nəinki Azərbaycanın, eləcə də regionun ən sürətlə inkişaf edib gözəlləşən bir diyarına çevrilən Qəbələdə quruculuq işləri, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində reallaşdırılan tədbirlər bir an da olsa səngimir. Bütün bunlar isə, heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizin regionlarına göstərdiyi qayğı və diqqətin məntiqi nəticəsidir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında