Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. Nümayəndə heyətinə deputatlardan Siyavuş Novruzov, Əliağa Hüseynov, Rauf Əliyev və Əli Məsimli daxildirlər.
Nümayəndə heyətinin ÇXR Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədri Cia Çinqlin ilə görüşündə Azərbaycan ilə Çin arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Qeyd olunmuşdur ki, böyük tarixi olan münasibətlərimiz Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra yeni müstəviyə daxil olmuşdur. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri böyük rol oynamışdır. Həmin səfər zamanı əməkdaşlığın hüquqi bazası yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci və 2008-ci illərdə Çinə səfərləri də əlaqələrimizin inkişafına böyük töhfə vermişdir.
Bildirilmişdir ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir, Azərbaycan ilə Çin beynəlxalq müstəvidə də bir-birilərinin mövqeyini müdafiə edirlər. Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyir.
Ölkələrimiz arasında 1992-ci ildə diplomatik əlaqələrin yaranmasından ötən dövrdə münasibətlərimizin müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini vurğulayan Cia Çinqlin, ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, tərəflər arasında qarşılıqlı etimad yüksək səviyyədədir.
Çin rəsmisi ÇXR Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin Azərbaycan parlamenti ilə əməkdaşlığın dərinləşməsinə, habelə bu qurumların ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafında oynadığı rolun genişlənməsinə tərəfdar olduğunu bildirmişdir.
Dəvətə görə təşəkkür edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu cür səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırmışdır. Azərbaycanın Çin ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirən Z.Əsgərov demişdir ki, əməkdaşlığımızın inkişafı üçün böyük imkanlar vardır. Mövcud münasibətlər tam əsas verir ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıraq. Bu, hər iki tərəfin maraqlarına uyğun olardı.
Son illər ölkəmizin dinamik inkişafı, əldə etdiyi uğurlardan danışan Milli Məclis sədrinin birinci müavini Azərbaycanın fəal xarici siyasət yürütdüyünü, dünyada nüfuzunun artdığını söyləmişdir.
Z.Əsgərov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkür etmişdir.
Azərbaycanın ən böyük problemi - Dağlıq Qarabağ münaqişəsi barədə danışan Z.Əsgərov, müasir dövrdə sərhədlərin zorla dəyişdirilməsi niyyətinin beynəlxalq hüquqa uyğun olmadığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ermənistan Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair qəbul etdiyi 4 qətnaməni hələ də icra etməmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Xocalı faciəsinin ildönümünə təsadüf edən bu görüşdə 1992-ci ilin fevralında erməni millətçilərinin törətdikləri vəhşiliklər barədə danışmış, Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, eyni zamanda, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini aydın və ardıcıl dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edən Z.Əsgərov demişdir ki, müasir dövrdə ölkələrin ərazi bütövlüyü vacib prinsipdir. Azərbaycan həmişə “Vahid Çin” siyasətini dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.
Milli Məclis sədrinin birinci müavini Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvini ötən il Pekin şəhərində büstünün qoyulması üçün yaradılmış şəraitə görə Çin tərəfinə təşəkkür etmişdir.
* * *
Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikası Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçen ilə görüşündə də iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Ötən il Azərbaycana səfərinə və göstərilmiş qonaqpərvərliyə görə təşəkkür edən Bay Liçen ölkəmizdə müşahidə etdiyi inkişafın onda xoş təəssürat oyatdığını bildirmişdir.
Çin tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun həlli istiqamətində Azərbaycan tərəfinin yürütdüyü siyasət barədə məlumat verilmişdir.
Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
Şahin CƏFƏROV,
AzərTAc-ın xüsusi müxbiri
Pekin
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.