Azərbaycan Respublikası Rusiya Federasiyasına nota vermişdir

 

 

Fevralın 26-da Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə M.Məmmədquliyev Xocalı soyqırımının ildönümü ərəfəsində – fevralın 25-də Rusiyanın “Ria-Novosti” dövlət informasiya agentliyinin internet səhifəsində “Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir” sərlövhəli məqalənin dərc edilməsinin Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını demişdir.

Nazir müavini qarşı tərəfin diqqətinə çatdırmışdır ki, Azərbaycana qarşı yönəlmiş məlumatların Rusiya KİV-lərində  yayılması hallarının son vaxtlar geniş vüsət aldığı müşahidə edilməkdədir. Vurğulanmışdır ki, Azərbaycana qarşı belə məlumatın məhz Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yerləşdirilməsi xüsusilə təəssüf hissi doğurur və ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə kölgə salır.

Məqalədə, həmçinin reallığın əks olunmadığı, separatçılığa və ekstremizmə çağırışların səsləndiyi, ərazi bütövlüyü prinsipinə hörmətsizliyin ifadə olunduğu Rusiya səfirinin diqqətinə çatdırılmışdır.

Azərbaycan rəsmisi 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin 5-ci maddəsində hər iki dövlət tərəfindən separatizmin bütün təzahürlərinin pisləndiyinin, bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatçı hərəkətləri dəstəkləməmək, habelə öz ərazisində təşkilatların və qrupların yaradılmasının, ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan etmək və qarşısını almaq öhdəliyinin əks olunduğunu xatırlatmışdır.

Görüşdə Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yer almış təxribat xarakterli məqalənin Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, sözügedən müqavilənin məğzinə və müddəalarına zidd olaraq ölkələrimiz arasında formalaşmış münasibətlərə xələl yetirdiyi vurğulanmışdır.

M.Məmmədquliyev Rusiya səfirinə etiraz notası təqdim edərək məsələnin araşdırılacağına və müvafiq tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında