Fevralın 23-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransın iştirakçıları əvvəlcə mərkəzdə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, Xocalı faciəsinə həsr edilmiş sərgi ilə tanış olmuşlar.
Konfransı açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğulamış, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən, dünyada misli görünməmiş vəhşilik və qəddarlıqdan danışmışdır. Bildirilmişdir ki, bu qanlı soyqırımı nəticəsində bir gecədə Xocalıda günahsız 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir.
Vurğulanmışdır ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində məqsədyönlü iş aparır.
Sonra Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı film nümayiş olunmuşdur.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək tədbirin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımını törədənlər layiq olduqları cəzanı almalıdırlar. Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdikləri cinayət bəşər tarixinin ən qanlı səhifələrindəndir. Xocalı faciəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağın hər bir Azərbaycan vətəndaşının borcu olduğunu deyən Əli Həsənov qeyd etmişdir ki, günahsız insanlara qarşı törədilmiş bu dəhşətli qırğına beynəlxalq aləm hələ də biganəlik nümayiş etdirir.
Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən danışan Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 faiz torpaqlarımızın işğal olunduğunu və bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından zorla çıxarıldığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, əhalisinin sayı təxminən yeddi min nəfər olan Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən iri yaşayış məkanlarından biri idi. Dağlıq Qarabağla əlaqə mühüm strateji əhəmiyyətə malik Xocalı vasitəsilə qurulurdu.
Vurğulanmışdır ki, Xocalıya hücum zamanı dinc əhalinin çıxması üçün dəhliz yaradılmamışdı. Buna görə də şəhərdən çıxmaq istəyən əhalidən 613 nəfər qətlə yetirilmiş, qadınlara, körpələrə, yaşlılara belə aman verilməmişdir. Soyqırımı qurbanları məhz azərbaycanlı, müsəlman olduqları üçün qətliama məruz qalmışlar.
Diqqətə çatdırılmışdır ki, işğal olunmuş torpaqlarımızda bütün yaşayış məskənləri, incəsənət, mədəniyyət nümunələri, təhsil və səhiyyə ocaqları, bir sözlə, bütün infrastruktur dağıdılaraq yerlə-yeksan olunmuşdur. Ermənilər bütövlükdə Azərbaycana qarşı işğalçılıq müharibəsi həyata keçirərək əhalimizin 30 minə yaxınını qətlə yetirmiş, 50 minə yaxın vətəndaşımız yaralanaraq sağlamlığını itirmişdir. Beynəlxalq qurumlar Ermənistanı işğalçı dövlət adlandırmış və Azərbaycan torpaqlarını tərk etməsi tələbini irəli sürmüşlər. Buna baxmayaraq, Ermənistan münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin heç birinə məhəl qoymur.
Əli Həsənov diqqətə çatdırmışdır ki, dünyanın bir neçə dövlətində Xocalı faciəsi soyqırımı kimi tanınmış və bununla bağlı qərarlar qəbul olunmuşdur. Kolumbiya, Meksika, Pakistan, Çexiya və Rumıniya parlamentlərində və müxtəlif strukturlarında Xocalı soyqırımına siyasi qiymət verilmişdir. ABŞ-ın altı ştatında artıq Xocalı soyqırımına siyasi qiymət verilmişdir. Hazırda bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, konsulluq və nümayəndəlikləri, eləcə də diaspor təşkilatlarımız tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbirlər həyata keçirilir, dünya ictimaiyyəti məlumatlandırılır. Əminəm ki, səylərimiz nəticəsiz qalmayacaq, Xocalı soyqırımına tezliklə bütün dünya ictimaiyyəti tərəfindən müvafiq qiymət veriləcəkdir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin törətdikləri vəhşilikdən danışmışdır. Bu qətliamın ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları ilə əlaqəli olduğunu deyən Əli Əhmədov bildirmişdir ki, hazırda dünyada Azərbaycana qarşı böyük bir ədalətsizlik müşahidə olunur. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızın işğal olunması və bir milyona yaxın soydaşımızın qaçqın, köçkün vəziyyətində yaşaması çox böyük ədalətsizlikdir. Lakin ən böyük ədalətsizlik isə ermənilərin bu hərəkətlərinə sivil bəşəriyyətin, dünya ictimaiyyətinin biganə yanaşaraq göz yummasıdır. Məhz bu cür haqsızlıqların qarşısının alınmaması Xocalı faciəsinə səbəb olmuşdur.
Dünyanın bir çox ölkələrində Xocalı soyqırımı ilə bağlı anım mərasimlərinin keçirildiyini qeyd edən Əli Əhmədov belə tədbirlərin təşkilinin önəmini vurğulamışdır. Bildirilmişdir ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Artıq bir sıra ölkələrdə Xocalı soyqırımı ilə bağlı qərarların qəbul olunması sevindirici haldır. Təəssüf ki, hələ də həmin soyqırımı cinayətini törədənlər cəzalarını almamış, beynəlxalq tribunala verilməmişlər.
Konfransda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Xocalıda ermənilərin törətdikləri qətliamlardan danışmış, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, bu baxımdan Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun və bir sıra qurumların gördüyü işlər təqdirəlayiqdir. Bunun nəticəsində artıq bir neçə ölkə bu qanlı Xocalı faciəsini insanlığa qarşı törədilən bir vəhşilik kimi qəbul etməkdədirlər. Bu yaxınlarda Ağ Evin rəsmi səhifəsində yerləşdirilən petisiyalar üçün qısa bir müddətdə tələb olunan səslərin toplanaraq Prezident Barak Obama Administrasiyasının diqqətinin bu məsələyə yönəldilməsi bu istiqamətdə atılan addımlardan biridir. Xocalı faciəsinin dünya tarixində qalması üçün əlimizdən gələni əsirgəməməliyik.
Vurğulanmışdır ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilən ən ağır cinayətlərdən biridir.
Xocalı faciəsi ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşən Milli Məclisin deputatı Mixail Zabelin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən şəhərin dinc sakinlərinə qarşı törədilmiş soyqırımı ilə bağlı ətraflı məlumat vermiş, kütləvi qırğın hadisəsinin bəşər tarixində misli görünməmiş cinayət olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, bütün dünya ermənilərin bu vəhşiliyindən xəbər tutmalı və onu törədənlər cəzalarını almalıdırlar. Xocalı faciəsi Azərbaycan xalqına qarşı misli görünməmiş kütləvi və amansız qırğın aktı və ermənilərin dövlət müstəqilliyimizi, ərazi bütövlüyümüzü hədəf götürmüş məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, insanlığa qarşı yönəlmiş irimiqyaslı cinayət idi.
Konfrans işini bölmə iclasları ilə davam etdirmişdir.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri, eləcə də Türkiyədən, Bolqarıstandan, Ukraynadan, Moldovadan, Makedoniyadan və başqa ölkələrdən ekspertlər iştirak etmişlər.
Fevralın 24-də tədbir iştirakçıları Quba soyqırımı məzarlığını ziyarət edəcəklər və bununla da konfrans işini başa çatdıracaqdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.