Hücum xətti üzərində qurulan çevik xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəal xarici siyasət ölkəmizin milli maraqlarının təmin edilməsini, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini və regional lider kimi qüdrətinin artmasını şərtləndirmişdir

{nl}

Bizim diplomatiyamız çox çevik olmalıdır. Biz bölgədə və dünyada baş verən proseslərə çox operativ qiymət verməliyik. Eyni zamanda, öz təkliflərimizi verməliyik. Azərbaycan artıq dünyada gedən proseslərin fəal iştirakçısıdır. Bir çox hallarda bölgə və Avropa üçün önəmli tədbirlərin təşəbbüskarıdır. Bölgədə Azərbaycanın mövqeyindən artıq çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə, - nə siyasi, nə iqtisadi, nə də başqa, - həyata keçirilə bilməz.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

{nl}

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafelərini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid, çağırış və risklərə adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır. Tarixi təcrübə təsdiqləyir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal coğrafi-siyasi məkanda cərəyan edən proseslərə çevik və qarşılıqlı reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə yetişə bilirlər. Bu sahədə müsbət nəticələri təmin edən vacib amillərdən biri də milli və bəşəri mənafelərin mümkün dərəcədə uzlaşdırılması, habelə dəqiq hədəflərə hesablanmış xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsidir.
Xarici siyasətin bu vacib meyarlar üzərində gerçəkləşdirilməsi isə təkcə dövlətlərin iqtisadi qüdrəti, zəngin təbii ehtiyatları, coğrafi-siyasi yerləşməsi ilə şərtlənmir. Diplomatik fəaliyyətin effektivliyi həm də ayrı-ayrı ölkələrin daxili və xarici siyasətinin liberal xarakteri - hamılıqla qəbul olunmuş demokratik dəyərlərə tolerant münasibəti, beynəlxalq sülh və təhlükəsizliyə layiqli töhfə verməsi, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləməsi ilə üzvi surətdə bağlıdır. Ümumbəşəri sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində demokratikləşmə xəttini müdafiə etməyən, yaxud insan və vətəndaş hüquq və azadlıqlarına hörmət bəsləməyən hər hansı bir dövlətin hansısa nüfuz qazanmasından, geniş coğrafi arealda cərəyan edən proseslərə nüfuzetmə imkanlarından danışmaq mümkün deyildir.
İnsanların qərinələr boyu təcrübədən uğurla çıxardığı demokratik-liberal dəyərlər hazırda dünya ölkələrinin əksəriyyətində milli inkişaf strategiyası kimi müəyyənləşdirilmiş, dövlət idarəçiliyinin, birgə yaşayışın, vətəndaş-hakimiyyət münasibətlərinin tənzimlənməsinin ən ahəngdar, sivil forması kimi dəyərləndirilmişdir. Daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa, effektiv sosial-iqtisadi islahatlara nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyü hazırda bütün dövlətlər tərəfindən etiraf olunur.
Balanslı, praqmatik və çoxvektorlu diplomatiya
Ötən əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa etmiş Azərbaycan Respublikasının məhz bu fundamental prinsiplər əsasında xarici siyasət yeritməsi - balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, ən başlıcası, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsi məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider ölkəyə rəhbərliyinin ilk günlərindən qətiyyətli addımlar ataraq xarici siyasətdə yol verilmiş kobud səhvlərin aradan qaldırılmasına başlamışdır. Birinci növbədə, qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Azərbaycana qarşı "ikili standart" yanaşmaları tədricən aradan qaldırmağa nail olan Heydər Əliyev böyük strateq kimi aparıcı dünya dövlətlərini respublikamızın tarazlı və müstəqil siyasət yeridəcəyinə inandıra bilmişdir. "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir" - deyən ümummilli lider həmçinin əlavə etmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil respublikamızın qəbul edilmiş ilk milli Konstitusiyasında xarici siyasətin konseptual xarakterinin, məqsəd və vəzifələrinin səhih şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur.
Azərbaycanın son 15 ildə yeritdiyi xarici siyasət ümumən bu prinsiplərə əsaslanmış, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas məqsədlərinə çevrilmişdir. Rəsmi Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında "bölüşdürülməsi" cəhdlərini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmişdir. Respublikamız ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda, demokratikləşmə xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında etibarlı tərəfdaş imici qazanmışdır. Dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə - onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq - müstəqil xarici siyasət həyata keçirir. Bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın digər ölkələrlə qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. Eyni zamanda, əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən ölkənin milli maraqları çərçivəsində bəhrələnmək xarici siyasət və milli təhlükəsizliyin strateji vəzifələrindəndir.
Demokratikləşmə, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması, liberal dəyərlərin mənimsənilməsi Azərbaycanın xarici siyasət doktrinasının mühüm vektorlarından biri olsa da, rəsmi Bakı müəyyən dairələrin bu bəşəri dəyərlərdən geosiyasi təzyiq aləti kimi istifadə etməsi cəhdlərinə qarşı çıxır, "demokratiyanın müdafiəsi bayrağı" altında "ikili standart" yanaşmaları, yeni müstəqillik qazanmış dövlətlərin suveren hüquqlarına müdaxiləni yolverilməz hesab edir. Silah gücünə və ya müxtəlif rəngli inqilablarla demokratiya toxumu əkmək prinsipi bütövlükdə demokratiya ideallarını şübhə altına alır, xalqlarda demokratiyaya inamsızlıq yaradır, ümumbəşəri dəyərlərin gözdən düşməsinə səbəb olur.
Azərbaycanın çağdaş fəlsəfi-siyasi fikir tarixinin görkəmli tədqiqatçısı, akademik Ramiz Mehdiyev "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində haqlı olaraq yazır ki, inkişaf etmiş və demokratik inkişaf yolunda böyük təcrübə qazanmış Qərb ölkələrinin standartları ilə totalitar rejimlərdən yenicə xilas olmuş, keçid mərhələsini yaşayan ölkələrdə gedən demokratik prosesləri eyniləşdirmək cəhdi istənilən halda uğursuzluğa məhkumdur. Müasir dünyada demokratikləşmə prosesinin müəyyən standart tələbləri və meyarları olsa da, hər bir ölkənin özünəməxsus milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf xüsusiyyətləri, qeyri-bərabər başlanğıc imkanları nəzərə alınır. Filosofun bu fikri ilə də tam razılaşmaq lazımdır ki, Azərbaycanda demokratiya və vətəndaş cəmiyyəti Qərb nümunələrini olduğu kimi tətbiq etməklə formalaşdırıla bilməz: "Demokratik ənənələrin tarixən yabançı olduğu cəmiyyətlərdə milli-tarixi, mədəni və sosial-siyasi özünəməxsusluq amilləri və ictimai şüurun dəyişməsi nəzərə alınmadan birdən-birə yeni davranış normaları formalaşanda artıq bu amillər təəccüb doğurmur. Hətta tərəqqi innovasiya xarakteri kəsb etdiyi, yəni ideyalar, texnologiyalar, biliklər bir nəslin digərini əvəz etməsindən daha tez dəyişdiyi bir şəraitdə belə, bu cür kəskin siyasi hərəkətlər ictimai şüurun ağırlıq mərkəzinin radikal inkarlar müstəvisinə doğru dəyişməsinə səbəb olur. Nəticədə XXI əsrdə demokratiya ən qısa müddətdə nəinki rejimin dəyişməsinə, hətta gərginliyin daha geniş miqyas almasına şərait yarada biləcək təhlükəli geosiyasi silaha çevrilir. Biz İraqda, Əfqanıstanda, Kosovoda və başqa bölgələrdə belə halların baş verməsinin şahidiyik".
Tamamilə aşkardır ki, Azərbaycanın xarici siyasət kursunun formalaşması prosesi respublikada müstəqil dövlət quruculuğu prosesi ilə paralel getdiyindən rəsmi Bakı xarici siyasətini təməl prinsiplər əsasında müəyyənləşdirərək qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləmiş, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük vermiş, "ikili standartlara" qarşı çıxmış, milli mənafelərini yetərincə qoruya bilmişdir. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə, milli dövlətçiliyimizin bünövrəsini təşkil etmiş, beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Ümummilli liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəal xarici siyasət ölkəmizin milli maraqlarının təmini, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi və regional lider kimi qüdrətinin artmasını şərtləndirmişdir. Yeni dünya nizamında aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmiş, ölkəmizin regionda həyata keçirilən bütün irimiqyaslı transregional layihələrdə iştirakı təmin olunmuşdur. Respublikamız bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.
Yeri gəlmişkən, bəzən Azərbaycanın bölgədə artan rolunun yanlış olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmamışdır. Bəzi dövlətlərin timsalında bunu əminliklə demək olar. Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq da məhz xalqımızın sivil Qərb dəyərlərinə tolerant münasibət, habelə respublikamızda demokratik proseslərin dönməzliyinə olan inamdır. Siyasi sistemin xarakteri, cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesi respublikamızın, eyni zamanda, beynəlxalq sülh və əməkdaşlıq mərkəzinə çevrilməsini şərtləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin indi bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomen siyasi liderə çevrilməsi də məhz bu reallıqlarla şərtlənir. "Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır. Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, ABŞ, Rusiya, İran, İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur.
Azərbaycan öz geosiyasi və geoiqtisadi xüsusiyyətlərini nəzərə alaraq, əsas diqqətini transregional layihələrin həyata keçirilməsində əməkdaşlıq etdiyi Avropa, ABŞ, Yaxın və Mərkəzi Asiya dövlətləri üzərində cəmləşdirmişdir.
Azərbaycan Avropa və onun Şərq qonşuları arasındakı yolların kəsişmə nöqtəsində yerləşməklə, Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və əksinə daşınması üçün təbii keçid imkanını təmin edir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də Cənub dəhlizi və Nabukko kəmərinin reallaşmasında ölkəmiz çox vacib rol oynayır. Azərbaycan üçün Avropaya inteqrasiya prioritet strateji məqsəddir. Bu, əsasən, aşağıdakı siyasi və iqtisadi arqumentlərə əsaslanır:
* Azərbaycan coğrafi və tarixi meyarlar baxımından Avropa mədəniyyətinin və ənənələrinin təsirini daim öz üzərində hiss etmişdir. Buna görə də onun Avropa məkanına inteqrasiya etmək məqsədi tamamilə təbiidir. Bundan əlavə, Azərbaycan Respublikası özünü müstəqil dövlət elan etdikdən sonra dinc demokratik dəyərlərə əsaslanan hüquqi dövlət qurmağı özünün strateji vəzifəsi kimi müəyyən etmişdir. Avropa İttifaqı demokratiya, siyasi sabitlik və iqtisadi rifah baxımından layiqli nümunədir. Bu səbəbdən də Azərbaycanın məhz həmin birliyə inteqrasiyası cəhdi tamamilə əsaslıdır;
* Avropa İttifaqının tarixi regional kooperasiyaya, milli mənafelərin müdafiəsinin etibarlı vasitəsinə yaxşı nümunədir. Avropada siyasi və iqtisadi inteqrasiya proseslərinin indiki mərhələsi panavropa siyasi sisteminin yaradılmasına istiqamətlənmişdir və qitənin bütün ölkələrinin Avropa İttifaqında statusundan - onların Avropa İttifaqı üzvü, üzvlüyə namizədlər, iştirakçılar və ya daha uzaq perspektivdə iştirakçılığa namizədlər olmasından asılı olmayaraq, onların hamısının bu prosesə qoşulması zəruridir. Bu zərurət həm də beynəlxalq sistemin müasir kontekstindən, o cümlədən iqtisadiyyatın və dövlətlərarası münasibətlərin qloballaşmasından irəli gəlir və Azərbaycan həmin proseslərin nəticələri ilə gec-tez üzləşməli olacaqdır. Azərbaycan yalnız Avropa İttifaqı kimi güclü siyasi və iqtisadi birliyə sıx inteqrasiya sayəsində həmin problemə davam gətirə bilər;
* Azərbaycanın Avropaya oriyentasiya etməsi ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, nüfuzunun artması, siyasi və iqtisadi maraqlarının, xüsusilə ölkə iqtisadiyyatının inkişafında həlledici tərkib hissəsi kimi qalan xarici sərmayələrin respublikamıza cəlb edilməsi, ölkəmizdə istehsal olunan məhsulların və xidmətlərin xaricdə təşviqi, qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi, xarici və işgüzar dairələr arasında təmasların təmin olunmasında vacib əhəmiyyət kəsb edəcəkdir. Bunun nəticəsində Azərbaycan mallarının xarici bazarda rəqabət qabiliyyəti də artacaqdır.
Avropa istiqamətində Azərbaycanın xarici siyasətinin əsas məqsədi Avratlantika regionunda açıq, demokratik, ümumregional kollektiv təhlükəsizlik və əməkdaşlıq sistemi yaradılmasına töhfə verməkdir. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya, Yunanıstan, Niderland, Norveç və Qərbi Avropanın bir sıra başqa dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Avropa və dünya miqyaslı məsələlərdə Azərbaycanın milli mənafelərinin dəstəklənməsi, Azərbaycan iqtisadiyyatının innovasiyalı inkişaf yoluna keçməsinə kömək etmək üçün mühüm resursdur.
Azərbaycan Şimali Avropa ölkələri ilə praktiki qarşılıqlı fəaliyyəti mütəmadi inkişaf etdirir, o cümlədən Barens/Avroarktika regionunda əməkdaşlığa dair çoxtərəfli strukturlar çərçivəsində müştərək layihələrin həyata keçirilməsini genişləndirir.
Azərbaycan Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa dövlətləri ilə praqmatik, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı daha da genişləndirmək üçün açıqdır.
Azərbaycan Respublikası Latviya, Litva və Estoniya ilə Ümumavropa və beynəlxalq hüququn normaları və prinsiplərinə müvafiq olaraq qarşılıqlı faydalı əməkdaşlıq ruhunda, tərəflərin mənafelərinin nəzərə alınması əsasında qarşılıqlı fəaliyyət göstərmək əzmindədir. Bu ölkələrin siyasi sistemdə islahatlar aparılması, hüquqi demokratik dövlət quruculuğu, bazar iqtisadiyyatına keçid sahəsində təcrübəsi Azərbaycan üçün xüsusi maraq doğurur. Eyni zamanda, adları çəkilən ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin mühüm elementinə çevrilməkdədir.
ABŞ-ın dünya iqtisadiyyatına verdiyi töhfələr, sülhün və beynəlxalq təhlükəsizliyin qorunub saxlanmasında bu ölkənin oynadığı rol, eləcə də qlobal enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli iş birliyi, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrə və Azərbaycanda demokratik islahatların gerçəkləşdirilməsinə göstərilən kömək nəzərə alınmaqla, bu ölkə ilə strateji tərəfdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində əsas elementlərdən biri olaraq qalır. Azərbaycan mühüm strateji tərəfdaşı olan ABŞ ilə qlobal problemlər və təhlükələrə qarşı mübarizə aparmaq məqsədi ilə ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq edir. Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının üzvüdür, beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsini hərtərəfli şəkildə dəstəkləyir və bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atır. Ölkəmiz ABŞ-la, habelə iqtisadi, enerji təhlükəsizliyi və demokratik inkişafın təşviqi sahələrində də əməkdaşlığımızın genişləndirilməsi istiqamətində iş aparır.
Azərbaycan regional əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edir. Qonşu dövlətlərlə əlaqələrin daha da inkişafı kontekstində Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir və bu əməkdaşlığın genişlənməsi davam edir. Ümummilli lider Heydər Əliyevin Rusiyanın Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən və dünya siyasətində nadir rol oynayan bir ölkə olması haqqında söylədiyi fikir Azərbaycanın xarici siyasətində Rusiyanın rolunu və yerini son dərəcə aydın müəyyən edir. Bu gün Moskva ilə Bakı arasında çox möhkəm siyasi və iqtisadi əlaqələr mövcuddur. Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə dövlətdir. Ölkəmiz İranla mütərəqqi və gələcəyə istiqamətlənmiş dialoq aparır, habelə Xəzər dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi ilə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini inkişaf etdirir. Azərbaycan MDB-nin üzvü olan digər ölkələrlə də son illər ərzində siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrini xeyli möhkəmləndirmişdir. Həmin ölkələrlə həm ikitərəfli, həm də beynəlxalq əməkdaşlığımız mühüm əhəmiyyət kəsb etmiş və Azərbaycan ilə bu ölkələr arasında siyasi dialoqun gücləndirilməsinə, iqtisadi-ticarət əlaqələrinin təşviqinə, humanitar sahələrdə əməkdaşlığın intensivləşməsinə, xalqlararası təmasların dərinləşməsinə böyük töhfə vermişdir.
Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəqli sonradan Azərbaycanın Xəzər strategiyası adlandırılan siyasətin əsas elementinə çevrilmişdir. Bu gün Xəzər regionu qlobal geosiyasi münasibətlərin diqqət mərkəzindədir. Bu, Avropa ölkələri üçün Asiya regionuna keçid yolu, Rusiya üçün iqtisadi maraq zonası, həm də geosiyasi buferdir. Birləşmiş Ştatlar üçün isə böyük qlobal dəyişiklik zamanında əsas enerji mənbəyi vəd edən strateji bölgədir. Başqa sözlə, Xəzər hövzəsi strateji yol qovşağıdır və onun dünyada əhəmiyyəti yüksəlməkdədir. Hövzənin strateji potensialını artırmağa nail olmaq üçün region ölkələri sıx əməkdaşlıq şəraitində işləməli və postsovet məkanında inkişafa ardıcıl olaraq ümumi baxış yaratmalıdırlar. Azərbaycan bu təşəbbüsə rəhbərlik etmək üçün üstün mövqeyə malikdir. Ölkəmiz Xəzərin şərq və qərb sahillərini birləşdirərək dənizin enerji inkişafına mühüm töhfə verir. Azərbaycan hökuməti bu məsələlərdə regional və hətta qlobal rol oynamaq üçün strateji planlar üzərində işləyir.
Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır.
Asiya-Sakit okean regionu Azərbaycanın çoxvektorlu xarici siyasəti kontekstində mühüm əhəmiyyət kəsb edir və bu əhəmiyyət getdikcə artır. Çin və Hindistanla dostluq əlaqələrinin inkişafı Azərbaycanın Asiyada xarici siyasətinin mühüm istiqamətidir. Azərbaycan Yaponiya ilə əməkdaşlıq münasibətlərinin hər iki ölkənin maraqları naminə möhkəmlənməsinə tərəfdardır. Azərbaycanın xarici siyasəti Cənub-Şərqi Asiya dövlətləri ilə münasibətlərin pozitiv dinamikasının güclənməsinə, ilk növbədə İndoneziya, Malayziya və regionun digər ölkələri ilə çoxsahəli əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmişdir.
Azərbaycan İslam Konfransı Təşkilatının üzvü olan ölkələrlə son illər ərzində siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrini xeyli inkişaf etdirmişdir. Həmin ölkələrlə İKT və başqa beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli əməkdaşlıq məhsuldar və faydalı olmuşdur.
Azərbaycan Respublikası Yaxın Şərqdə vəziyyətin sabitləşməsində maraqlıdır. Əsas məqsəd Ərəb-İsrail münaqişəsinin bütün aspektlərinin hərtərəfli və uzunmüddətli tənzimlənməsinə, o cümlədən İsrail ilə sülh və təhlükəsizlik şəraitində yanaşı yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasına nail olmaq üçün kollektiv səyləri dəstəkləməkdir. Bu cür tənzimləmə regionda sabitliyin asılı olduğu bütün dövlətlərin və xalqların iştirakı ilə və onların qanuni mənafeləri nəzərə alınmaqla təmin edilə bilər. Azərbaycan zorakılığa son qoyulmasına, Əfqanıstanda böhranın aradan qaldırılmasına, İraqda milli barışıq və bu ölkənin tamdəyərli dövlətçiliyinin və iqtisadiyyatının bərpa edilməsi yolu ilə siyasi tənzimləməyə nail olmağa yönəlmiş kollektiv səylərin qarşılıqlı hörmət əsasında artırılmasına tərəfdardır.
Azərbaycan müsəlman dünyası dövlətləri ilə qarşılıqlı əlaqələrini daha da genişləndirmək məqsədilə İslam Konfransı Təşkilatında və Ərəb Dövlətləri Liqasında üzv və müşahidəçi kimi iştirak etmək imkanlarından bəhrələnməklə, Yaxın Şərq və Şimali Afrika regionu ilə tərəfdaşlıq təşəbbüsü çərçivəsində fəal xətti davam etdirir. Azərbaycanın milli mənafeləri üçün strateji əhəmiyyət kəsb edən bu regionun dövlətləri ilə qarşılıqlı faydalı, o cümlədən energetika sahəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə mühüm diqqət yetirilir.
Azərbaycan Afrika dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda çoxşaxəli qarşılıqlı əlaqələri genişləndirir, bu çərçivədə dialoqu və əməkdaşlığı fəallaşdırır. Respublikamız Latın Amerikası və Karib hövzəsi ölkələri ilə əlaqələrini tənzimləməyə çalışır, həmin ölkələrlə siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirir, bu zaman son illərdə həmin regionun dövlətləri ilə münasibətlərdə yaranmış tərəqqiyə istinad edir, beynəlxalq təşkilatlarda həmin dövlətlərlə qarşılıqlı əlaqələri intensivləşdirir, energetika, infrastruktur, yüksək texnologiyalar sahəsində, o cümlədən regional inteqrasiya birliklərində işlənib hazırlanan planlar çərçivəsində birgə layihələri həyata keçirir.
Əsas etibarilə milli maraqlarımızın təmininə söykənmiş balanslaşdırılmış xarici siyasət kursu yaxın və uzaq ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və dərinləşməsinə xidmət göstərir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin ötən illərdə ABŞ, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya, Çin, İtaliya, Türkiyə, Yunanıstan, İran, Yaponiya, Koreya, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Küveyt, Polşa, Rumıniya, Macarıstan, İsveçrə, Belçika, Çexiya, Bolqarıstan və digər ölkələrə etdiyi səfərlər, eləcə də xarici ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin Bakıya səfərləri, əldə edilmiş hökumətlərarası sazişlər və razılaşmalar ikitərəfli əlaqələrin genişləndirilməsində mühüm rol oynamışdır. Dost və qardaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Bu baxımdan türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü mühüm hadisəyə çevrilmişdir. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil qüvvə kimi formalaşdırılması, diaspor və lobbi quruculuğu xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Prezident İlham Əliyev Türkiyə və Azərbaycan diaspor təşkilatlarının 2007-ci ildə Bakıda keçirilmiş birinci qurultayında milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmiş, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mübarizə aparması ilə bağlı dəyərli tövsiyələrini vermişdir.
(ardı var)

{nl}


Kamal ADIGÖZƏLOV, Bakı Dövlət Universitetinin diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dissertantı

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında