Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin bəzi qəzetlərdə AXCP sədri Əli Kərimli haqqındakı açıqlamalarını oxuyanda heç də təəccüblənmədim. Çünki onu məndən başqa kimsə yaxından tanıya bilməz. Mən orta məktəbdə Əli Kərimlinin sinif rəhbəri olmuşam. Bundan əlavə o, mənim doğmaca əmim oğludur. Ona görə də çoxlarına bəlli olmayan xüsusiyyətlərini mən daha yaxşı bilirəm. Sinif rəhbəri kimi bütün bunları müşahidə etmişəm.
Hələ orta məktəbdə təhsil alanda xəbis, xain, riyakar, özündən başqa kimsəni bəyənməyən, araqarışdıran, sinif yoldaşlarına yuxarıdan aşağı baxan bir şagird idi. Dəfələrə ona bəd xasiyyətlərindən əl çəkməyi tövsiyə edirdim. Bir gün sonra yenə də xəbisliyini nümayiş etdirirdi. Özündən savadlıları qəti xoşlamırdı. Belə şagirdləri müxtəlif vasitələrlə gözdən salmağa çalışırdı. Pis xasiyyətlərin onda vərdişə çevriləcəyindən ehtiyat edib bir sinif rəhbəri kimi dəfələrlə onun valideynlərinə də xəbərdarlıq etmişdim. Görünür, onlar da Əlinin öhdəsindən gələ bilmədilər. Ona görə də bu gün onun antimilli, xəyanətkar əməllərindən, kimlərinsə çirkli pullarına şirnikərək ölkədə ara qarışdırmaq cəhdindən və düşmənlərimizin tapşırıqlarını yerinə yetirməsindən xəcalət çəkirlər.
Əli Kərimli o dərəcədə vəzifə hərisidir ki, hətta bu yolda ermənilərlə də əməkdaşlıq etməyə, onların köməyi ilə vəzifəyə gəlməyə hazırdır. Yəqin ki, xatırlayırsınız. O, Ruslan Bəşirli adlı cavan bir oğlana yalan vədlər verərək yoldan çıxarıb ermənilərlə danışıqlara göndərmişdi. Ermənilər vəd vermişdilər ki, Əli Kərimlinin hakimiyyətə gəlməsi üçün nə qədər pul lazımdırsa verəcəklər. Lazım gələrsə, silah - sursat da verməyə hazırdırlar. Nə yaxşı ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu xəyanətkarlığın və satqınlığın qarşısını vaxtında aldılar. Yoxsa, kim bilir ölkəmiz hansı fəlakətlərlə qarşılaşacaqdı. Sonradan Ruslan Bəşirli həbs olundu. Əli Kərimli bir dəfə də olsun onun taleyi ilə maraqlanmadı. Mən o zaman da gənclərimizə tövsiyə edirdim ki, Əli Kərimlinin yalan vədlərinə inanıb aldanmayın. Son anda o, sizi darda qoyub qaçacaq. Çünki Əlini əsasən pul toplamaq maraqlandırır. Aldadıb tora saldığı gənclərin sonrakı taleyi onun üçün maraqlı deyil. Ruslan Bəşirlinin başına gətirdiyi hadisə mənim dediklərimi təsdiqlədi.
Əbülfəz Elçibəyin də Əli Kərimli tərəfindən zəhərlənməsi inandırıcıdır. Çünki o, uşaqlıqdan vəzifə hərisi idi. Hələ Azərbaycan Xalq Cəbhəsində müavin olarkən tez - tez deyirdi ki, yaxın vaxtlarda bu təşkilatın sədri özüm olacağam. Xalq Cəbhəsinin sədri olmamışdan qohum - əqrəbaya vəzifə də paylamışdı. Mən o zaman da deyirdim ki, buna inanmayın. Hətta atasına da demişdim ki, oğluna tapşırsın, xəyanətkar, üzüdönük adamların sözü ilə oturub - durmasın, əl çəksin çirkin əməllərdən. Görünür, Əbülfəz Elçibəyi sıradan çıxarmaq Əlinin çoxdankı planı imiş. Ə.Elçibəy dünyasını dəyişəndən az sonra Əli Kərimli Azərbaycan Xalq Cəbhəsini partiyaya çevirib özünü də sədr elan etdi. O, təşkilatı ələ keçirmək üçün qarşısındakı maneəni aradan götürmək üçün hansı yola desəydilər gedəcəkdi. Əsas məsələ Əbülfəz Elçibəyi müxtəlif vasitələrlə zərərsizləşdirmək idi. Bunun da öhdəsindən Elçibəyi zəhərləməklə gəldi. Ona görə də bu məsələyə mənim heç bir şübhəm yoxdur. Qaldı ki, onun ermənilərlə əməkdaşlığına, buna da şübhə ola bilməz.
Əkrəm Əylislinin “Daş yuxular” romanı ortaya çıxandan sonra Əli Kərimlinin düşmənlərimizlə əməkdaşlığı barədə şübhələrim artıq tam inamla əvəzləndi. Çünki Əkrəm Əylisli hələ o vaxtlar tez - tez bizim kəndimizə gələrdi . Çox vaxt da bu gün “Azadlıq” qəzetində çalışan Hacıyev qardaşlarının (həmin qəzetin köşə yazarı Xaliq Bahadırın qardaşları) atası evində qalardı. Rəhmətlik Bahadır kişi (Xaliq Bahadırın atası) və Əli Kərimlinin atası Əkrəm Əylisli ilə fəxr edər, tez - tez onun qoluna girib kəndin içərisində gəzişər, bu “hörmətli” qonaqları ilə kənd camaatına sanki acıq verərdilər. Sən demə, axşamlar “zavallı ermənilərin” taleyini müzakirə edirmişlər. Kim bilir, bəlkə elə o vaxtdan Əkrəm Əylisli Əli Kərimlinin hakimiyyətə gəlməsi üçün ermənilərin təkliflərini çatdırırmış. Yoxsa, onun tez - tez Saatlı rayonunun ən ucqar kəndinə gəlməkdə məqsədi nə idi? Xalqın ciddi etirazına və nifrətinə səbəb olan Əkrəm Əylisli və onun ermənilərin müdafiəsinə qalxan, millətimizi təhqir edən, alçaldan “Daş yuxular” romanı niyə Əli Kərimli tərəfindən kəsərli tənqid olunmadı? Əli Kərimli, onun tərəfdarları, birlik görüntüsü yaratmaq naminə ortalığa atdıqları qondarma İctimai Palatanın digər təsisçisi olan İsa Qəmbər, bu gün özünü prezidentliyə namizəd verməkdən ötrü dəridən - qabıqdan çıxan reneqat, siyasi riyakar Eldar Namazov ermənilərin halına acıyan, xalqımızı barbar, qəddar kimi təqdim edən “Daş yuxular” romanından çoxdan məlumatlı idilər. Axı, bu roman bir neçə ayın içərisində yazıla bilməzdi. Mən əminliklə deyirəm ki, nankor yazıçı bu üzdəniraq romanının bir hissəsini Xaliq Bahadırla Əli Kərimlinin atası evində yazıb, bəlkə də onlara oxuyub da. Bunlar da səslərini çıxarmayıblar və düşünüblər ki, ermənilərin köməyi ilə Əli Kərimli hakimiyyətə gələcək, sonra isə onlara yaxşı vəzifə veriləcək. Axı, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu vaxtda əlilər, isalar, xaliqlər, onların ərtafında olanlar özlərini əməlli - başlı tutmuşdular. Son iyirmi ildir ki, onlar heç bir yerdə işləməsələr də, hamıdan yaxşı dolanırlar. Hətta özlərinə və uşaqlarına cangüdənlər də saxlayırlar. Özlərinin ayrı, ailə üzvlərinin isə başqa xidməti maşınları var. Bunları nəyin hesabına saxlayırlar? O vaxt yığdıqları var - dövlət hələ də tükənməyib.
Söz yox ki, Azərbaycanın inkişafını, dövlətimizin başçısının yeritdiyi məntiqli daxili və xarici siyasəti gözü götürməyən ünsürlər üzüdönük və xəyanətkarları şirnikdirir, onları çirkli pullar hesabına ələ alaraq istədikləri səmtə yönəldirlər. Mən dəfələrlə Əli Kərimlinin atasına demişəm ki, nəslimizin adına ləkə vurmasınlar. Düşmənlərimizin çirkli pullarına aldanıb kimlərinsə əlində alətə çevrilməsinlər. Ancaq, görünür, haram pullar çoxlarına şirin gəlir. Çünki belə pullar hesabına Əli Kərimli Bakıda başqa şəxslərin adına obyektlər açdıraraq çoxlu miqdarda gəlir əldə edir. Onun qardaşı da həmin obyektlərdən birinin gəliri ilə çox rahat yaşayır.
Son vaxtlar Bakıda icazəsiz aksiyalar keçirməyə cəhd göstərilir, bir qrup gənc ictimai - siyasi sabitliyi pozmağa çalışır. Təbii ki, onların qanunazidd hərəkətlərinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən vaxtında alınır. Araşdırmalar zamanı məlum olur ki, bu gəncləri aldadıb meydanlara atan Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. Məqsədləri də qarşıdan gələn prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatların diqqətini ölkəmizə cəlb etməkdir. Onlar mitinq və aksiyalar üçün ayrılmış yerlərdə yox, əhalinin daha gur olduğu parklarda mitinq keçirmək istəyirlər. Bunun səbəbi hamıya bəllidir. Axı, mitinqə çıxarmağa heç kimi tapa bilmirlər. Düşmənlərimizdən aldıqları çirkli pulların cüzi bir hissəsini tüfeyli adamlara verərək onları qeyri - qanuni aksiyalar kecirməyə məcbur edirlər. Sonra da vəd verdikləri “zəhmət haqqını” da vermirlər. Ona görə də qeyri - qanuni aksiyalar zamanı cərimə olunanlar hələ də cərimə pullarını ödəyə bilməyiblər. Əlacsız qalan belələri qapı - qapı düşərək 5 qəpikdən pul yığırlar ki, cəriməni ödəsinlər. Onları belə acınacaqlı vəziyyətə salan Əli Kərimli ilə İsa Qəmbər isə kef - damaq içərisində yaşayırlar. Görəsən, belələri öz yaramaz əməllərindən utanıb - xəcalət çəkirlərmi? Əli Kərimli öz oğlunu Londonda ən rahat, ən bahalı bir məktəbdə yerləşdirərək hadisələrdən tamamilə kənarlaşdırıb. Camaatın uşaqlarını isə polislə üz - üzə qoyur.
Bu gün hakimiyyətin siyasi xəttini qəbul etməyənlər əsasən vəzifədən qovulanlar, öz biznes maraqlarını həyata keçirə bilməyənlər, hakimiyyəti ələ almaq istəyənlər, bir də ölkəmizin inkişafını, beynəlxalq aləmdə nüfuz sahibi olmasını istəməyənlərdir. Onlar görürlər ki, xalq Prezident İlham Əliyevin ətrafında daha sıx birləşir, ölkə başçısının daxili və xarici siyasətini bəyəndiklərini açıq şəkildə bəyan edirlər. Hakimiyyət hərisləri bundan ciddi narahat olmağa başlayıblar və yalan, böhtan, qarayaxmalarla ölkəmizi gözdən salmağa çalışırlar. Belələrinin keçmişi və iç üzü hamıya bəllidir. Əli Kərimli ilə İsa Qəmbərin hakimiyyətdə olduqları vaxt yığdıqları var - dövlət deyəsən azalmağa başlayıb. Bir vaxtlar hakimiyyətdə yüksək vəzifə tutmuş, lakin satqınlığına görə vəzifəsindən uzaqlaşdırılmış riyakar Eldar Namazov, erməni lobbisinin tapşırıqlarını yerinə yetirən, Azərbaycan Kinematoqrafçılar İttifaqının bütün əmlakını və torpaq sahəsini mənimsəmiş Rüstəm İbrahimbəyov, ermənilərin müdafiəsinə qalxan, onların azərbaycanlılar tərəfindən soyqırımına məruz qaldığını “sübut etməyə” çalışan nankor, Vətən xaini Əkrəm Əylisli, deputat olarkən yalnız özünün və qohum - əqrəbasının biznes sahələrini qorumaqla məşğul olmuş Gültəkin Hacıbəyli və onların ərtafında olanların prezident seçkiləri ərəfəsində ortalığa atılmaları başa düşüləndir. Belələri ötən günlərin şirin xəyalları ilə yaşayır, “bəlkə də qaytardılar” istəklərini reallaşdırmağa cəhd edirlər. Əbəs yerə belə bir sevdaya düşüblər. Çünki xalq heç vaxt belə üzüdönüklərə inanıb onlara etimad göstərməz. Çünki onlar nəinki ölkə rəhbərliyinə, heç klub müdirliyinə də yararlı deyillər. Belələrini xalqın taleyüklü problemlərindən çox, özlərinin, yaxın qohumlarının biznes sahələri və gəlir gətirən obyektləri maraqlandırır.
Azərbaycan xalqı Prezident İlham Əliyevin ərtafında sıx birləşib. Çünki hamıya bəllidir ki, ölkəmizin iqtisadi qüdrətinin ildən -ilə artmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, dünya birliyində mövqelərimizin getdikcə möhkəmlənməsinə məhz Prezident İlham Əliyevin düzgün müəyyənləşdirilmiş strategiyası hesabına nail olmuşuq. Ona görə də prezident seçkiləri ərəfəsində ortalığa atılmış buqələmunların bütün cəhdləri iflasa uğrayacaq.
Nuhəli KƏRİMOV,
“Azərbaycan fermeri” qəzetinin baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.