Fevralın 22-də Milli Məclisin növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, gündəliyinə 17 məsələ daxil edilmiş iclası Milli Məclisin sədri Oqtay Əsədov açaraq Xocalı soyqırımının törədilməsindən 21 il ötdüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə və dünyanın bir çox dövlətlərində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Ermənistan silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə məlumatlar dünya ictimaiyyətinə çatdırılır.
Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra cari məsələlərə baxılmış, deputatlar Xocalı soyqırımının dünya ölkələrinin parlamentləri tərəfindən tanınması ilə bağlı rəy və təkliflər irəli sürmüş, Ermənistanda keçirilən prezident seçkilərində yol verilmiş kobud qanun pozuntularından danışmış, bəzi dövlətlərin və beynəlxalq təşkilatların bu pozuntulara göz yumduqlarını təəssüf hissi ilə qeyd etmişlər.
Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, əvvəlki seçkilərdə Ermənistanda qanun pozuntuları sadə vətəndaşların ölümü ilə nəticələnmişdir. Budəfəki seçkilərdə isə Ermənistan daha irəli gedərək prezidentliyə real namizədə qarşı sui-qəsd təşkil etməkdən belə çəkinməmişdir. Təəssüflər olsun ki, Azərbaycanda ən xırda pozuntuları belə gözdən qoymayan beynəlxalq təşkilatlar bu dəfə də Ermənistanın hərəkətlərinə göz yumurlar. Bu da Azərbaycana qarşı ikili standartların olduğunu və onların Ermənistanı himayə etdiklərini bir daha sübut edir.
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılmışdır.
Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə" qanun layihəsinə baxılmışdır. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirilmişdir ki, bu dəyişikliklər ölkələrimiz arasında əlaqələrin daha da inkişafına xidmət edir.
Sonra Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumu”nu müzakirəyə təqdim etmişdir.
Qeyd edilmişdir ki, 2011-ci il dekabrın 24-də Ankarada imzalanmış sənəd Azərbaycan qazının Türkiyə ərazisindən keçirməklə dünya bazarına çıxarılmasında, eyni zamanda, ölkəmizin enerji resurslarının şaxələndirilməsi məsələsində mühüm əhəmiyyət kəsb edir. Müzakirələr zamanı komitə üzvləri sənədin Azərbaycanın milli maraqlarına xidmət etdiyini vurğulamışlar.
Sonra “Azərbaycan Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının mübadiləsi haqqında”, “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında” sazişlərə münasibət bildirilmişdir. Qeyd olunmuşdur ki, birinci sənəd Azərbaycan ilə Argentina arasında iqtisadi sahədə əlaqələrin inkişafında, xüsusən də vergi məlumatlarının mübadiləsində mühüm rol oynayacaqdır. Digər sənəd isə Azərbaycan ilə İspaniya arasında elm, təhsil, mədəniyyət və ümumiyyətlə, humanitar sahədə əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətə malikdir.
Deputatlar İnzibati Xətalar Məcəlləsində, “Reklam haqqında”, qanuna dəyişikliklər etmişlər. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikdə xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə cərimələrin artırılması nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslər beş min manatdan on min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə ediləcəklər.
“Reklam haqqında” Qanuna edilən dəyişiklik də özəl tibbi fəaliyyətlə əlaqəlidir. Dəyişiklikdə deyilir ki, özəl tibbi fəaliyyət subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcəkdir.
Müzakirələrdən sonra hər iki dəyişiklik qəbul olunmuşdur.
İclasda “Veteranlar haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Əmək pensiyaları haqqında”, “Könüllü fəaliyyət haqqında” qanunlara təklif olunan dəyişikliklər də müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu qanunlara təklif olunan dəyişikliklərin çoxu dəqiqləşdirmə məqsədi daşıyır. “Əmək pensiyaları haqqında” və “Veteranlar haqqında” qanunlara təklif olunan dəyişikliklər isə bu qanunların “Sosial xidmət haqqında” Qanuna uyğunlaşdırılmasını ehtiva edir.
Bundan əlavə, iclasda “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi də müzakirə olunmuşdur.
Deputatlar turizmin inkişafı, yeni iş yerlərinin açılması, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması baxımından bu dəyişikliyi vacib saymışlar.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.