Dünən Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımının 21-ci ildönümü və Türkiyənin TRT kanalının Bakı ofisinin faciə ilə bağlı hazırladığı növbəti sənədli filmin təqdimat mərasimi keçirildi. Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun bu tədbirin keçirilməsinin Türkiyənin mənəvi borcu olduğunu bildirdi.
O, Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu vurğulayaraq qeyd etdi ki, bu məsələ beynəlxalq ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılmalıdır. Çünki Xocalı soyqırımı tarixi faciə kimi yadda qalıb. Səfir İsmayıl Alper Çoşkun vurğuladı ki, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, Türkiyənin xarici siyasətində prioritet məsələlərdəndir. Ona görə də Türkiyə bu məsələdə hər zaman Azərbaycanın yanında olmuşdur.
Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov isə qeyd etdi ki, Azərbaycan ilə Türkiyə qardaş ölkələrdir və bu iki ölkənin xalqları tarix boyu bir-birinə dəstək vermişdir. Əli Həsənov son illər Azərbaycanın beynəlxalq aləmdə böyük uğurlar əldə etdiyini və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar ardıcıl və məqsədyönlü işlər görüldüyünü bildirdi: “Heç bir beynəlxalq təşkilat bu faciə ilə bağlı öz səsini qaldırmır. Artıq Azərbaycan bu problemi dünya ictimaiyyətinə çatdırmaq üçün lazımi işlər görür. Prezidentin tapşırığı əsasında beynəlxalq aləmdə Xocalı soyqırımını tanıtmaq üçün çox ciddi iş aparılır. Heydər Əliyev Fondu tərəfindən sayt açılır, mütəmadi olaraq məlumatlar verilir, hətta gənc Azərbaycan xanımı Leyla Əliyeva tərəfindən həyata keçirilən ”Xocalıya ədalət" kampaniyası çərçivəsində 40-a yaxın ölkədə sərgilər keçirilir və bu gün də bu, davam etdirilir. Artıq xarici ölkələr Xocalı faciəsini soyqırımı kimi tanımağa başlayırlar. Soyqırımını dünyada 3 ölkə tanıyıb - Kolumbiya, Meksika və Pakistan. Faciə ABŞ-ın 6 ştatında tanınıb, Rumıniya və digər ölkələrdə müzakirədədir. Biz çalışmalıyıq ki, daha çox ölkənin ictimaiyyətinə həqiqətləri çatdıraq. Bu, ümummilli məsələdir, bütövlükdə hamımız bununla məşğul olmalıyıq".
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri çıxışında təcavüzkar Ermənistanda keçirilən sonuncu prezident seçkilərinə də toxundu. Bildirdi ki, bu gün Xocalı faciəsinin səbəbkarları Ermənistanda hakimiyyətdədirlər. Bu ölkədəki prezident seçkiləri total saxtakarlıq şəraitində keçib. Ermənistan Mərkəzi Seçki Komissiyasının ölkədə guya 2,5 milyon seçici olduğu barədə məlumatını xatırladan Əli Həsənov dedi: “Dünya ölkələrinin hamısında səsvermə hüququ olan seçicilərin sayı ümumi əhalinin 50-54 faizini təşkil edir. Belə olan təqdirdə Ermənistanda 2,5 milyon nəfər seçici necə ola bilər? Belə çıxır ki, bu ölkədə 5 milyon əhali yaşayır. Halbuki bir sıra beynəlxalq təşkilatların yaydığı statistik məlumatlara görə, Ermənistanda 1 milyon 700 mindən çox əhali yoxdur. Faktları erməni müxalifəti və ölkədəki qeyri-hökumət təşkilatları da təsdiqləyir. Vəziyyət belə olduğu halda, ATƏT bərli-bəzəkli bəyanatlar verməklə məşğuldur. ABŞ Dövlət Departamenti də bu bəyanatı təsdiqlədi və onun bəzəyini bir az da artırdı. Bax, bu göstərir ki, biz dünyada təklənmişik, yeganə yanımızda olan dövlət Türkiyədir. Ona görə də hər birimiz ayıq-sayıq olmalıyıq”.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Abdullah Gülün Ermənistanın növbəti dəfə “seçilən” dövlət başçısı Serj Sarkisyanı təbrik etməsi barədə yayılan məlumatlar Azərbaycan ictimaiyyəti tərəfindən böyük təəssüf hissləri ilə qarşılandı. Çünki Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini tapmayanadək, işğalçı ordu Azərbaycan torpaqlarını azad etməyənədək və ölkəmizin ərazi bütövlüyü bərpa olunmayanadək bədnam qonşumuzun işğalçı rejiminə verilən istənilən dəstəyə Azərbaycan xalqı olduqca həssas yanaşır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi, bu, Azərbaycan xalqının, türk ictimaiyyətinin tələbidir. Sərhədlərin açılması ərəfəsində Azərbaycan və Türkiyə ictimaiyyəti öz hakimiyyətlərinə təzyiqlər göstərdilər və işğalçı rejim işğala son qoymayana qədər beynəlxalq aləmdə bu rejimin qol-qanad açmasının yolverilməzliyini bəyan etdilər. Bu mənada, Ermənistan prezidentinə təbrik mesajının ünvanlanması, saxtakarlığa yol verən bir liderin dəstəklənməsi, onun saxtakarlığının ört-basdır edilməsi mənasına gəlir ki, bu da yolverilməzdir.
Tədbirdə daha sonra millət vəkili, Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri Nizami Cəfərov və millət vəkili Musa Qasımlı çıxış edərək faciənin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlərin ilbəil artdığını dedilər. Qeyd olundu ki, bu məsələdə Azərbaycanın istər diplomatik, istərsə də xaricdə fəaliyyət göstərən cəmiyyətlər vasitəsiylə həyata keçirdiyi tədbirlər artıq öz nəticəsini verməkdədir.
Sonda TRT-nin Bakı ofisi tərəfindən hazırlanan sənədli film iştirakçılara təqdim olundu.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.