Prezident İlham ƏLİYEV: Dövlət Proqramının icrasına başlanılandan 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində, işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir

 

 

 

Qlobal iqtisadi böhranın mənfi təsirləri geridə qalmış 2012-ci ildə bir çox ölkələr üçün ciddi problemlər yaratmış, dövlət strukturlarının saxlanma xərclərinin azaldılması, biznes qurumlarının iflic vəziyyətinə düşməsi işsizliyin səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır. İlin yekunları xüsusən də Avropa İttifaqı ölkələri üçün ürəkaçan olmamışdır: bu geoiqtisadi məkanda işsizlik 2011-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 11,8 faizə çatmışdır. Avropa ölkələrindən fərqli olaraq 2012-ci ili Azərbaycanda işsizlik probleminin ləğvi baxımından uğurlu mərhələ kimi dəyərləndirmək olar. Ötən ilin yanvarında 5,6 faiz təşkil edən işsizik səviyyəsi ilin yekunlarına görə 5,2 faizə enmişdir.

Bu göstəricilər bir daha təsdiqləyir ki, ölkədə əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün mövcud insan resurslarından, ilk növbədə, əmək qabiliyyətli əhalinin potensialından səmərəli istifadə edilir. 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş proqramların həyata keçirilməsi nəticəsində respublikada məşğulluq probleminin həllində əsaslı dönüş yaranmışdır. Əgər 2000-ci ildə məşğul əhalinin 33,2 faizi dövlət sektorunda çalışırdısa, 2012-ci ildə bu rəqəm 26,1 faizə enmişdir. Bu da ilk növbədə özəl sektorun inkişafı ilə əlaqədar qeyri-dövlət sektorunda məşğulluğun səviyyəsinin yüksəlməsinin göstəricisi sayıla bilər. Həyata keçirilən tədbirlər sayəsində işsizliyin səviyyəsi 2003-cü ildəki 28 faizdən 2012-ci ilin yekunlarına görə 5,2 faizə enmişdir. Başqa sözlə, Azərbaycanda əhalinin məşğulluq səviyyəsi 94,8 faiz olmuş, iqtisadi fəallıq səviyyəsi isə 74,2 faiz təşkil etmişdir.

Ölkədə məşğulluq probleminin müvəffəqiyyətlə həlli yoxsulluğun minimuma enməsinin başlıca səbəbidir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları nəticəsində yeni iş yerlərinin yaradılması məhz bu məqsədə xidmət edir.

Xatırladaq ki, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilir.

Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçımız giriş nitqində demişdir: “Regional İnkişaf Proqramı uğurla icra edilib. Qeyd etdiyim kimi, 2004-cü ildə birinci proqram, 2009-cu ildə ikinci proqram qəbul edilmişdir. Artıq ikinci proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Dövlət Proqramının icrasına başlanılandan  1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində, işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür -  7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir.

2013-cü ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə - Azərbaycanda  yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir. 

2012-ci ildə Bakı və onun qəsəbələrinin inkişafı Proqramı da uğurla icra edilmişdir, böyük işlər görülmüşdür. Bu il bu proqram başa çatmalıdır. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir, yollar salınır, müasir şərait yaradılır. Bu proqramın icrası daim nəzarət altındadır və əminəm ki, bu ilin sonuna qədər qəsəbələrin əsas infrastruktur və sosial problemləri öz həllini tapacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşmışıq. Proqram çox müfəssəldir, genişdir, dəqiqdir. Hər bir məsələ orada nəzərdə tutulur - su, qaz, işıq, yollar, məktəblər, tibb məntəqələri və digər məsələlər. Bu proqramın icra edilməsi nəticəsində biz qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini, demək olar ki, aradan götürəcəyik.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə artıq qəsəbə sakinlərinə, iş adamlarına kreditlərin verilməsi prosesi başlamışdır. Qəsəbələrdə yeni iş yerlərinin açılması istiqamətində də böyük işlər görülmüşdür. Keçən il çoxlu sayda yeni müəssisələr yaradılmışdır. Əlbəttə ki, bu, işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin noyabr ayında muzdla işləyənlərin sayı 1470,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 897,9 min, qeyri-dövlət bölməsində isə 572,3 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 37,9 min, qeyri-neft sektorunda isə 1432,3 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1427,2 min nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23 faizi məhsul istehsalı sahələrində, onlardan 7,5 faizi tikintidə, 6,3 faizi emal sənayesində, 3 faizi kənd, meşə və balıqçılıq təsərrüfatlarında, 2,6 faizi mədənçıxarma sənayesində, 2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olmuşdur.

Xidmət sahəsində çalışanların 23,5 faizi təhsil, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 3,9 faizi istirahət, əyləncə və incəsənət sahələrində cəmlənmişdir. Qalanların isə 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi informasiya və rabitə, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində işləyirlər.

Yeni iş yerlərinin yaradılması daha çox sənaye sektorunda müşahidə edilmişdir. Bu isə ölkənin sənaye potensialının möhkəmləndirilməsi sahəsində  bir sıra mühüm tədbirlərin həyata  keçirilməsi ilə bağlıdır. Belə ki, 2012-ci il dekabrın 21-də təsdiqlənmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dəyişikliklərin bir istiqaməti də sənaye texnoparklarında güzəştli vergi rejiminin tətbiqi ilə bağlıdır. Həmin dəyişikliklə Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə yaradılmış sənaye və texnologiyalar parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirləri 7 il müddətinə gəlir vergisindən azad olunmuşdır.

Azərbaycanın yaxın onillikdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarının ixracından asılılığı aradan qaldırmaq və iqtisadi artımın lokomotivi kimi neftdənkənar sahələrin, xüsusilə də qeyri-neft sektorunun aparıcı bölməsi hesab olunan sənaye sektorunun inkişafını təmin etməkdir. Hökumət qeyri-neft sektorunun inkişaf  bazalarından biri kimi sənaye sektoruna daha böyük üstünlük verir. Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır. Konsepsiyada qeyd olunur ki, sənaye müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət olacaqdır.

 

Hazırda Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal (alüminium) məmulatlarının istehsalı üzrə sənaye şəhərcikləri və digər texnoparkların yaradılması sənaye texnoparkları layihələrinin genişləndirilməsi üçün başlıca zəmin hesab olunur. Bu baxımdan hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla, xüsusi iqtisadi zonaların yaradılması və sənaye şəhərciklərinin qurulması üçün müxtəlif iqtisadi təşviqedici və stimullaşdırıcı addımların atılması prioritet vəzifələrdəndir. Orta və uzunmüddətli perspektivdə sənayeləşmənin bir çox sahələrinin, o cümlədən texnoparkların yüksək inkişafına impuls vermək üçün vergi güzəştləri ilə yanaşı, digər həvəsləndirici addımların da atılması nəzərdə tutulur. Güclü texnopark kompleksləri şəbəkəsini genişləndirmək üçün investisiyaların artırılması, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması, daha əlverişli biznes mühitinin təmin edilməsi iqtisadi stimullaşdırma vasitələrinin əsas istiqamətlərini təşkil edir.

Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına töhfə verəcək, layihələrin miqyasının artmasına, bu sahəyə investorların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və son nəticədə məşğul əhalinin sayının artımı fonunda insanların sosial rifahının yaxşılaşmasına zəmin yaradacaqdır. Yeni vergi rejimi, həmçinin texnoparklarda yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının və ixracının güclənməsinə də imkan verəcəkdir.

 

Nazirlər Kabinetinin son iclasında səslənən rəqəmlər ötən ilin sahibkarlığın inkişafı, bu sahədə yeni iş yerlərinin yaradılması  baxımından da uğurlu il olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, özəl bölmənin inkişafı üçün yaradılmış azad rəqabət və əlverişli investisiya mühiti 2012-ci ildə ölkədə 5417 hüquqi şəxsin qeydiyyatdan keçməsi ilə nəticələnmişdir. Onlardan 154-ü dövlət mülkiyyətinə, 4653-ü xüsusi mülkiyyətə, 483-ü tam xarici investisiyalı müəssisələrə, 124-ü birgə müəssisələrə, 3-ü isə bələdiyyə mülkiyyətinə aiddir. 2012-ci ildə 66957 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmişdir. Artıq yeni müəssisə yaratmaq istəyən sahibkarlar qeydiyyat prosesinə 3 gün deyil, elektron formada cəmi bir neçə dəqiqə vaxt sərf edirlər.

Ölkədə istehsal müəssisələrinin sayının artımına, yeni iş yerlərinin yaradılmasına  müsbət təsir göstərən amillərdən biri də güzəştli kreditlərin həcminin artırılmasıdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir. Bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına yönəldilmişdir. Bu kreditlər hesabına 9 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında