“Ümummilli lider Heydər Əliyev – 90” mövzusunda konfrans keçirilmişdir

 

 

Fevralın 21-də “Azərbaycan” qəzeti redaksiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Ümummilli lider Heydər Əliyev-90” mövzusunda konfrans keçirilmişdir.

Konfransın moderatoru, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov tədbirin əhəmiyyətini vurğulamış, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin davamlı inkişaf yoluna çıxarılmasında, milli ordu quruculuğunda və digər sahələrdəki misilsiz xidmətlərdən danışmışdır.

 SAM-ın direktoru Fərhad Məmmədov Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük vətəndaş, müdrik siyasi xadim Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafındakı misilsiz rolunu qeyd etmişdir. Bildirilmişdir ki, müasir tariximizin ən çətin mərhələsində xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrimizi Azərbaycan xalqının milli mənafelərinin təmin olunması prinsipləri üzərində qurmuş, ölkəmizin xarici siyasətini bu istiqamətdə uğurla inkişaf etdirmişdir. Bir sıra əhəmiyyətli layihələrin reallaşdırılmasında mühüm rol oynayan ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dövlətimizin ərazi bütövlüyünün bərpası, strateji müttəfiqlərin qazanılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diplomatik səylərini gücləndirmişdir.

Azərbaycanın 155 ölkənin etimadını qazanaraq müstəqillik tarixində ilk dəfə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, ötən il bu mötəbər quruma sədrlik etməsini bildirən F.Məmmədov bu nailiyyətin əsası ulu öndər tərəfindən qoyulan uğurlu xarici siyasət kursunun məntiqi davamı olduğunu diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, ulu öndər Azərbaycanın güclü dövlətə çevrilməsində iqtisadiyyatın əhəmiyyətini hər zaman yüksək qiymətləndirmişdir. Bu baxımdan, Azərbaycanın yeni strateji hədəflərinin müəyyənləşdirilməsi zərurətindən yaranan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kimi mühüm sənədin fəlsəfəsi də ümummilli lider Heydər Əliyevin  xalqımızın mənafelərinə yönəldilmiş siyasətindən qaynaqlanır. Bu siyasətin davamlı şəkildə yürüdülməsinin nəticəsi olaraq ölkəmiz ötən il regionun ən güclü iqtisadi potensiala və inkişaf modelinə malik dövləti olduğunu bir daha təsdiqləmişdir. Dünya İqtisadi Forumunun “Dünya Rəqabətlilik Hesabatına” əsasən, Azərbaycan reytinq cədvəlində doqquz pillə irəliləyərək 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır.

F.Məmmədov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev demokratik cəmiyyətin inkişafı və insan hüquqlarının qorunması kimi sahələrə də xüsusi diqqət ayırmışdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov konfransda “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır” mövzusunda məruzə ilə çıxış edərək ulu öndərin həyata keçirdiyi xarici siyasət kursu nəticəsində qazanılmış nailiyyətlərdən danışmışdır. Bildirilmişdir ki, ümummilli lider qarşıda duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük verir, ən çətin anlarda belə danışıqlar, diplomatiya yolunu seçirdi. Bununla da ulu öndər ilk dəfə cəmiyyətin müxtəlif dairələrinin maraqlarını nəzərə alaraq siyasi qarşıdurmanın kəskinləşməsinə imkan verməmişdir. Digər tərəfdən, xarici düşmənlərin yaranan vəziyyətdən istifadə etmək imkanlarını azaltmışdır.

N.Məmmədov diqqətə çatdırmışdır ki, ümummilli lider müdrik addımları ilə, eyni zamanda, Azərbaycanın siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirmiş və siyasətçilərə nümunə olmuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini konkret geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirdiyini diqqətə çatdıran Prezident Administrasiyası rəhbərinin müavini vurğulamışdır ki, beləliklə də ölkəmizin xarici siyasət kursu sistemləşdirilmiş, yeni məzmun qazanmış və zamanın tələbləri səviyyəsinə qaldırılmışdır.

N.Məmmədov ümummilli liderin ölkəmizin çətin dövründə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ulu öndər həmin vəzifələr barədə 1993-cü il oktyabrın 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində danışmışdır. Ümummilli lider bəyan edirdi: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.

Prezident Administrasiyası rəhbərinin müavini vurğulamışdır ki, bu vəzifələrin fövqündə ölkənin ərazi bütövlüyünün təmin olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli kimi məsələlərin xarici siyasətin başlıca vəzifəsi olması qətiyyətlə nümayiş etdirilmişdir.

Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyev beynəlxalq aləmdən Azərbaycanın suverenliyinə və müstəqilliyinə təminat alaraq Qərb ilə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırmış, digər tərəfdən bu əməkdaşlığın imkanlarından yararlanaraq iqtisadiyyatımızın gələcək inkişafını təmin etmək imkanı qazanmışdır.

N.Məmmədov ulu öndər tərəfindən sistemli şəkildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın xarici siyasətində yüksəliş başladığını qeyd etmişdir. Qısa müddətdə ümummilli lider Heydər Əliyev bu prosesin dönməzliyini təmin etmişdir. Nəticədə, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən bir sistem kimi daxil olmuşdur. Zaman keçdikcə təkmilləşən bu sistem daim özünü yeniləşdirir və meydana çıxan gözlənilməz situasiyalara konstruktiv reaksiya verməkdədir.

Konfransda Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik  Ziyad Səmədzadənin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Heydər Əliyevin yürütdüyü iqtisadi-sosial siyasətin məntiqi davamıdır" mövzusunda məruzəsi dinlənilmişdir. 

Məruzədə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatının inkişafında və yüksəlişində Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılmışdır.

Z.Səmədzadə bildirmişdir ki, müstəqilliyimizin ilk illərində ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda  xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən  hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev həyata keçirdiyi uğurlu siyasi və iqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti artmışdır. Məhz Heydər Əliyevin qayıdışından sonra ölkəmizin davamlı iqtisadi inkişafı təmin edilmiş, bütün sahələrdə müsbət dəyişikliklər baş vermiş, iqtisadi inkişafın Azərbaycan modeli yaradılmışdır.

Vurğulanmışdır ki, dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadi strategiyanın töhfələridir.

Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda Azərbaycan dünyada davamlı inkişaf edən azsaylı ölkələrdən biridir. Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bütün dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan keçmişdir. Ölkəmiz  dinamik iqtisadi inkişaf yolu ilə sürətlə irəliləyir.

Tədbirdə “Heydər Əliyevin sosial siyasətində gender bərabərliyi” mövzusunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova ulu öndərin zəngin irsindən danışmışdır. Qeyd edilmişdir ki, hər kəs öz sahəsində ümummilli liderin ölkə üçün gördüyü işləri, dəyərli və əzəmətli ideyaların həyata keçirilməsini hiss edir. Bu, insan hüquqlarının müdafiəsi ilə birbaşa bağlı olan sahələrdə xüsusilə hiss olunur.

Ümummilli lider Heydər Əliyevin fəaliyyət istiqamətlərindən birinin sosial siyasətdə gender bərabərliyinin gücləndirilməsi olduğunu diqqətə çatdıran H.Hüseynova bildirmişdir ki, bu diqqətin nəticəsi olaraq ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır.

AQUPDK-nın sədri qeyd etmişdir ki, Azərbaycanda sosial-siyasi məsələlərin və gender problemlərinin həllinin tapılması ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə eyni vaxta təsadüf edir. Ümummilli lider qadınların cəmiyyətdə sosial statusunu təhsil, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Ulu öndər ən çətin məqamlarda da qadınlarla bağlı problemləri diqqətdə saxlamış, bu problemlərin aradan qaldırılmasına daim lazımi kömək göstərmişdir. Müstəqilliyin ilk illərində ağır müharibə şəraiti və iqtisadi çətinliklərə baxmayaraq Azərbaycan bir çox Qərb ölkələrindən daha əvvəl BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarına qoşulmuşdur. Bu addım ümummilli liderin müdrik  siyasətinin nəticəsi idi.

1990-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitliyin qadınlarla bağlı məsələlərin inkişafına təkan verdiyini diqqətə çatdıran H.Hüseynova vurğulamışdır ki, o illərdə respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu olmadığından 1994-cü il sentyabrın 19-da ümummilli lider Heydər Əliyev “4-cü Ümumdünya qadınlar konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzalamışdır. Bundan başqa, ulu öndər tərəfindən imzalanan digər fərman və sərəncamlar ilə qadınların hüquqlarının müdafiəsi təmin olunmuşdur.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edən  “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev  vurğulamışdır ki,  Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi  dahi  şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyev bütün ömrünü, fəaliyyətini Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr etmişdir. 

 Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gəncliyə diqqət və qayğı onun fəaliyyətinin prioritet istiqamətlərindən  olmuş, Azərbaycanda gənclər siyasətinin təməli qoyulmuşdur. Məhz dahi rəhbərin dəstəyi nəticəsində gənclik cəmiyyətin aparıcı qüvvəsinə, gənclər siyasəti isə dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.

Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il  fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk Forumu keçirilmişdir. Forum gənclərə  göstərilən yüksək diqqət və qayğının parlaq təzahürü, eyni zamanda, gənclərdə özünə inamı formalaşdırmaq üçün atılmış müdrik addım idi. Məhz bu cür tədbirlərdə ulu öndər Heydər Əliyev şəxsən özü saatlarla gənclərin çıxışlarını və fikirlərini dinləyərək ətrafdakılara gəncləri dinləməyin nə qədər vacib olduğunu göstərirdi.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoymuşdur. Dövlətimizin başçısı daim gənclərə arxalandığını açıq şəkildə söyləmişdir. Gənclərə göstərilən etimadın və dəstəyin nəticəsi olaraq bu gün gəncliyin nümayəndələri dövlət orqanlarında, müxtəlif    strukturlarda  təmsil olunur, cəmiyyətin inkişafına töhfələrini verirlər.

Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları,  ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında