Avropa Parlamentinin deputatları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Xocalı şəhərindəki aeroportunu yenidən açmaqla bağlı planlarından narahatdırlar

 

 

Nüfuzlu “New Europe” analitik resursunda yerləşdirilmiş xəbərdə bildirilir ki, Avropa Parlamentinin deputatları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Xocalı şəhərindəki aeroportunu yenidən açmaqla bağlı planlarından narahatdırlar.

Avropa Parlamentinin Latviyadan olan üzvü xanım İnese Vaydere bildirmişdir ki, Xocalı aeroportunun yenidən açılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi şəkildə ziyan vura bilər.

İnese Vaydere demişdir ki, Ermənistanın Xocalı aeroportunu yenidən açmaqla bağlı təşəbbüsü Dağlıq Qarabağın statusunda dəyişiklik iddiası kimi qəbul edilə bilər. Bu da Madrid prinsiplərinə tamamilə ziddir. Bundan əlavə, aeroportun yenidən açılması Azərbaycanın hava məkanının pozulması deməkdir. Bu da təbii ki, əks reaksiyaya səbəb ola bilər. Buna görə də Xocalı aeroportunun yenidən açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə mane ola biləcək təxribat xarakterli bir addımdır.

Avropa Parlamentinin deputatı diqqətə çatdırmışdır ki, aeroportun açılması ilə bağlı plan Azərbaycanın haqlı narazılığına səbəb olmuşdur. Rəsmi Bakı onun hava məkanını pozacaq hər hansı təyyarəni vurmağa hazır olduğunu bəyan etmişdir. Buna görə də Ermənistan tərəfinin təxribat xarakterli addımları vəziyyəti daha da gərginləşdirə bilər.

İ.Vaydere bildirmişdir ki, Xocalı aeroportunu yenidən açmaqla Ermənistan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki vasitəçilik səylərinə də zərbə vuracaqdır. O, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini daha da artırmasının vacibliyini bildirərək demişdir: “Avropa İttifaqı problemin həlli prosesində hələ ki, passivlik nümayiş etdirir. Halbuki təşkilat bu istiqamətdə daha çox iş görə bilər. Problemin həllində artıq irəliləyişin əldə edilməsi vacibdir ki, məcburi köçkünlər də doğma torpaqlarına qayıtsınlar”.  

Avropa Parlamentinin Slovakiyadan olan daha bir üzvü Boris Zala bildirmişdir ki, Xocalı aeroportunun yenidən açılması planları həqiqətən də ciddi narahatlıq doğurur. Bu addım Dağlıq Qarabağ münaqişəsinin həllinə potensial zərbədir və Minsk qrupunun fəaliyyətinə əngəl yaradacaqdır. B.Zala ümid etdiyini bildirmişdir ki, Ermənistan bu addımı atmayacaqdır.

Avropa Parlamentinin deputatı diqqətə çatdırmışdır ki, beynəlxalq uçuş qaydalarına uyğun olaraq Ermənistan belə bir addımı yalnız Azərbaycan tərəfinin razılığı əsasında ata bilər. Azərbaycan tərəfinin razılığı olmadan uçuşların həyata keçirilməsi isə beynəlxalq hüququn pozulması, təyyarələrin və onların sərnişinlərinin təhlükə altına atılması deməkdir.

B.Zala bildirmişdir ki, hazırda Avropa Parlamentinin üzvləri Xocalı aeroportunun açılması planları ilə bağlı narahatlıq ifadə edirlər. Lakin vəziyyət getdikcə gərginləşsə, Avropa Parlamenti müvafiq qətnamə qəbul edə bilər.

B.Zala vurğulamışdır ki, Avropa İttifaqının Ermənistana siyasi və iqtisadi təsir imkanları vardır. O, demişdir: “Biz Ermənistan ilə yeni ticarət sazişinə dair danışıqların son mərhələsindəyik. Nəzərə almaq lazımdır ki, bu məsələdə Avropa Parlamenti də razılığını verməlidir”.      

Pərvanə QARAYEVA
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında