ABŞ-ın Azərbaycandakı səfirinə ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilmişdir

 

 

Fevralın 20-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə ətraflı məlumat vermiş, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulamışdır.

Baş nazirin müavini diplomata qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin tapşırıqları əsasında, eləcə də beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən danışmışdır.

Bildirilmişdir ki, ölkəmizdə son 20 ildə dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,5 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun üç milyard dolları büdcə, 1,5 milyard dolları Dövlət Neft Fondunun, bir milyard dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bundan əlavə, indiyədək ölkəmizdə Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmışdır.

Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini demişdir ki, son dövrlərdə Azərbaycanın iqtisadiyyatı daha da inkişaf etmiş, hərbi qüdrəti güclənmiş, beynəlxalq əlaqələri möhkəmlənmişdir. Bunun əksinə, Ermənistanın siyasi, sosial-iqtisadi vəziyyəti daha da ağırlaşmış, təcavüzkar ölkənin tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması işğalçı ölkədə vəziyyəti daha da çətinləşdirmiş, yeni problemlər yaratmışdır.

Ə.Həsənov vurğulamışdır ki, son 20 ildə bütün beynəlxalq humanitar təşkilatlar Azərbaycanda 930 milyon ABŞ dolları məbləğində proqram həyata keçirmişlər. Onun 442 milyon dolları ABŞ dövlətinə məxsus QHT-lərin payına düşür. 1995-ci ildə beynəlxalq humanitar təşkilatlar 80 milyon ABŞ dolları məbləğində proqram həyata keçirmişdilər. Azərbaycan hökumətinin isə o vaxt praktiki olaraq heç bir imkanı yox idi. 2012-ci ildə isə bütün beynəlxalq humanitar təşkilatlar 25 milyon ABŞ dolları məbləğində proqram həyata keçirmişlər, ancaq Azərbaycan 700 milyon dollara yaxın vəsait sərf etmişdir. 

Münaqişənin həlli prosesindən danışan Ə.Həsənov bu istiqamətdə ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin vacibliyini vurğulamışdır. Baş nazirin müavini demişdir ki, Azərbaycan Prezidenti münaqişənin həlli və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün ciddi səy göstərir. Qaçqın və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Azərbaycan-ABŞ münasibətlərinə toxunan Baş nazirin müavini əlaqələrimizin inkişaf etdiyini diqqətə çatdırmış, R.Morninqstara diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

R.Morninqstar Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, ABŞ məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat qeyd etmişdir ki, münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupu daha fəal olmuşdur.

Sonda qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı disk və kitab hədiyyə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında