Yardımlıda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir

 

 

Fevralın 19-da Yardımlı Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) fəalları ilə görüş keçirilmişdir. Tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, deputatlar Mübariz Qurbanlı, Hadi Rəcəbli, Cavanşir Paşazadə və Nəriman Əliyev iştirak etmişlər.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev bildirmişdir ki, 2 min 860 nəfər  üzvü və 61 ərazi ilk partiya təşkilatını birləşdirən siyasi təşkilat rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edir. Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq bu il xalqımız ümummilli lider Heydər Əliyevin 90 illik  yubileyini təntənə ilə qeyd edəcəkdir. Bu il, həmçinin ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Qarşıda duran əsas vəzifə YAP üzvlərinin ulu öndərin irsini layiqincə öyrənmək və həyata keçirmək, qarşıdan gələn prezident seçkilərində fəallıq nümayiş etdirməkdir.

Əli Əhmədov çıxış edərək demişdir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini daha da möhkəmləndirmişdir. Bu dövrdə həyatımızın bütün sahələrində dinamik inkişaf təmin edilmiş, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Növbəti 5 ildə də Azərbaycanda müsbət dəyişikliklər olacaqdır. Azərbaycan gündən-günə simasını dəyişir, inkişaf edir. Biz bunu dağlıq ərazidə yerləşən Yardımlı rayonunun timsalında aydın görürük.

Qeyd olunmuşdur ki, bu gün YAP öz sıralarında 600 minə yaxın üzvü birləşdirir. Bu, böyük qüvvədir. Partiyanın üzvləri əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilərdə də xüsusi fəallıq nümayiş etdirməlidir. Seçkiqabağı təşviqat və təbliğat kampaniyası dövründə partiya üzvləri ölkəmizdə olan inkişafla bağlı real həqiqətlərin əhaliyə çatdırılmasında lazımi iş aparmalıdırlar.

Bildirilmişdir ki, gənclərlə iş daim diqqət mərkəzində olmalı, qadınların ictimai-siyasi işlərə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməlidir.

Görüşdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun Çayüzü kənd ərazi ilk partiya təşkilatının sədri Hüseyn Vəliyev regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrasından danışmış, həyata keçirilən tədbirlərdə YAP üzvlərinin xüsusi fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə razılıq verilməsi, ölkəmizin ilk süni peykinin orbitə çıxarılması İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.

Qeyd olunmuşdur ki, yardımlılılar dövlətimizin başçısının siyasətini bəyənirlər və bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Sonra Yardımlı Rayon İcra Hakimiyyətində YAP Yardımlı rayon Gənclər Birliyinin üzvlərinin iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.

Gənclər Birliyinin sədri Anar Alışov təşkilatın strukturu barədə məlumat vermişdir. O demişdir ki, rayon əhalisinin 31 min nəfərini gənclər təşkil edir. Rayonda gənclərin məşğulluğunun, asudə vaxtlarının səmərəli təşkili sahəsində ardıcıl tədbirlər görülür.

Rayon gənclər və idman idarəsinin rəisi Rövşən Süleymanov çıxışında qeyd etmişdir ki, rayonun gəncləri Prezident İlham Əliyevin siyasi kursunu bəyənir və növbəti seçkilərdə onun namizədliyini dəstəkləyəcəklər.

“Dəyirmi masa”da çıxış edən Əli Əhmədov demişdir ki, Azərbaycanın gələcəyi gənclərin fəaliyyətindən çox asılıdır. Azərbaycan Prezidenti gənclərə böyük diqqət və qayğı ilə yanaşır.

Sonra ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bölgələrdə mövcud olan problemlər, xüsusən də gənc qızların erkən ailə qurmasının yaratdığı narahatlıqlar barədə fikir mübadiləsi aparılmışdır.

Gənclərin maarifləndirilməsi ilə bağlı təbliğat işlərinin aparılmasının vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, gənclərin arzu və təklifləri öyrənilməli, problemlərinin həlli yolları araşdırılmalı, onların ictimai-siyasi həyatdakı fəallığı təmin olunmalıdır. Sosial şəbəkələrdə gənclərimiz xüsusi fəallıq nümayiş etdirməli, Azərbaycan reallıqlarını, həqiqətlərini təhrif edənlərə qarşı ciddi mübarizə aparmalıdırlar.

Qarşıdan gələn prezident seçkilərində gənclərin fəal iştirakının vacibliyi vurğulanmış və qeyd olunmuşdur ki, növbəti 5 ildə Azərbaycanın davamlı inkişafının təminatçısı olan İlham Əliyevin namizədliyinin dəstəklənməsi hər bir partiya üzvünün arzusudur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında