Radikal müxalifət sosial bazasız qalıb
Azərbaycanın sürətli inkişafı və respublikamızın dünya birliyinin fəal aktorlarından birinə çevrilməsi ölkəmizdə ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan xarci antiazərbaycan qüvvələri ciddi narahat edir. Onlar bəzi yerli xəyanətkar və satqın dairələrdən istifadə etməklə ölkəmizin reytinqinə xələl gətirə biləcək kampaniyalar təşkil edirlər. Lakin belə antimilli dairələrin bütün cəhdləri iflasa uğrayır. Bu da ilk növbədə onunla əlaqədardır ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Hazırda ölkəmizin dünya birliyindəki əlaqələri əvvəlki illərlə müqayisədə xeyli genişlənib. Bugünlərdə respublikamızın həyatında baş verən daha bir tarixi hadisə ölkəmizin düşmənlərinin sanki bütün ümidlərini puç etdi. Söhbət birinci Azərbaycan telekommunikasiya peykinin orbitə çıxarılmasından gedir. Bu tarixi hadisə ölkəmizin sürətli inkişaf yolunda olmasından xəbər verir.
Azərbaycanın uğurlu inkişafı artıq beynəlxalq aləmdə də öz təsdiqini tapıb. Ölkəmizin bütün regionlarında böyük quruculuq işləri aparılır. Xarici siyasət sahəsində əldə olunan uğurlar respublikamızın beynəlxalq nüfuzunu getdikcə artırır. Azərbaycan bu gün dünyanın ən nüfuzlu beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri - daimi üzvüdür. Bütün bünlar hər bir soydaşımızı sevindirir. Təəssüf ki, bu uğurlardan qısqanclıq hissi keçirənlər də var. Onlar ölkəmizin inkişafını gözü götürməyən xarici düşmənlərimizin çirkli pulları hesabına vətənpərvərlik hissini itirən, xalqın taleyüklü məsələlərini özlərinin maddi maraqlarına qurban verən radikal müxalifət nümayəndələridir. Dünənə qədər qeybə çəkilmiş belələri prezident seçkiləri ilində yenidən peyda olmağa və az qala bağıraraq “mən də varam” - deməklə yaddaşlara qayıtmaq istəyirlər. Ancaq bilmirlər ki, onlar çoxdan unudulublar. Antimilli əməlləri ilə xalqın nifrətini qazanan destruktiv qüvvələr utanıb - qızarmadan prezidentliyə namizədliklərini irəli sürmək istəyirlər. Onlar bu adla regionlara getmək və yenidən yalan “maşınlarını” işə salmaq istəyirlər. Ancaq regionlarda yaşayanlar belə hay - küyçülərin iç üzünə bələd olduqlarından onlarla görüşə getməkdən imtina edirlər. Bu faktı müxalifət partiyalarının nümayəndələri də öz açıqlamalarında təsdiqləyirlər. Məsələn, Müsavat Partiyasının başqanı İsa Qəmbərin bir neçə dəfə Lənkərana səfərə çıxması və bu səfərlərin baş tutmamasına münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu deyib: “İsa Qəmbər Lənkərana gedəndə onu döyüb, qovublar. Siz bu rayonda bu cür qarşılanırsızsa, seçkidə necə iştirak edəcəksiz?! Necə əminsiz ki, xalq sizi dəstəkləyəcək?! Necə oldu ki, Lənkəranda sizə qarşı xalq dəstəyi nümayiş olunmadı?! Biz sizə dəstək verən, qarşınıza çıxan kütləni görmədik”. ADP sədri İ.Qəmbərin Lənkəran səfərinin növbəti bir oyun olduğunu deyib və kütlənin onu heç vaxt dəstəkləməyəcəyini bildirib.
AXCP sədri Əli Kərimli hələ regionlara səfəri barədə düşünmür. Çünki yaxşı bilir ki, onu da İsa Qəmbərin aqibəti gözləyir. Hətta AXCP sədrinin yaxınları ona dəfələrlə bildiriblər ki, xarici düşmənlərimizin əlində alətə çevrilməsin. Onun xəyanətkar əməlləri qohumlarına da utanc gətirir. Bu gün ölkədə ictimai - siyasi vəziyyət, əhalinin güzəranı və yeni iş yerlərinin yaradılması hamının ürəyincədir. Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov, Rüstəm İbrahimbəyov, Leyla Yunus, Gültəkin Hacıyeva və digərlərinin ara qarışdırmaq cəhdləri heç bir fayda verməyəcək.
Müsavat Partiyasında İsa Qəmbərə yaxınlığı ilə seçilən Qabil Hüseynli də adlarını lider qoyanların çirkin oyunlarından və hakimiyyətə gəlmək yolunda min oyundan çıxdıqlarından bezdiyini bildirərək deyib ki, “Onlar yalan vəd verib cəmiyyətdə müəyyən ümid yaratmağa çalışırlar. Sonradan siyasi ambisiyaların toqquşması, bir - birinə güzəştə getmək mədəniyyətinin yoxluğu üzündən bu prosesi başa çatdıra bilmirlər və beləliklə də xalqın gözündən düşürlər”.
Radikal mövqedə olan müxalifət nümayəndələrinin həmfikirləri də etiraf edirlər ki, prezident seçkiləri yaxınlaşdıqca prezidentliyə iddialı olan Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov və digərləri arasında ziddiyyətlər və qarşıdurmalar daha da genişlənir. Hətta “İctimai Palata” adlı qondarma qurum müəyyən müddət ərzində AXCP - Müsavat qarşıdurmasını ört - basdır etməyə çalışsa da, buna nail ola bilmədi. İndi bu qurumda təmsil olunan partiya sədrləri arasında prezident seçkiləri ərəfəsində partiya maraqları daha sürətlə qabarmağa başlayıb. Artıq hamıya, hətta digər müxalifət nümayəndələrinə də bəllidir ki, nə İsa Qəmbər, nə də Əli Kərimli hadisələrin gedişinə heç bir təsir göstərə bilməyəcək. Hazırda Amerikada ermənilərlə əməkdaşlıq edən eks-spiker Rəsul Quliyev də Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini sərt tənqid edərək deyib ki, AXCP və Müsavat funksionerləri arasındakı qarşıdurmalar heç vaxt səngiməyəcək. Eks-spiker prezident seçkilərində müxalifət liderlərinin, xüsusən də İsa Qəmbər və Əli Kərimlinin qalib gəlmək potensialının olmadığını deyib. Çünki onlara heç kimdən dəstək yoxdur. Ona görə də bu qüvvələrin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialının sıfıra yaxın bir səviyyədə olduğunu bildirib.
R.Quliyev daha sonra vurğulayıb ki, İsa Qəmbər və Əli Kərimlinin hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilməz. Çünki onlar normal məntiqlə iş görmürlər.
Destruktiv müxalifət sanki pusquda dayanaraq hər bir hadisədən Azərbaycan dövlətinin əleyhinə istifadə etməyə çalışır. AXCP və Müsavat Partiyası arasındakı qarşıdurmadan istifadə edən Eldar Namazov prezidentliyə namizədliyini irəli sürmək üçün bu fürsətdən yararlanaraq “öz komandasına” hərəkətə keçmək tapşırığı verib. Ümidlərini Rüstəm İbrahimbəyova bağlayan E.Namazov “El” hərəkatı adlı layihə də yaradaraq prezident seçkilərinə hazırlaşır. Çoxlarının satqın və pula, var - dövlətə hədsiz həris olan bir şəxs kimi tanıdığı E.Namazovun cəmiyyətdə heç bir reytinqi yoxdur. Onu tanıyanlar yaxşı bilirlər ki, elə satqınçılığına və xəyanətinə görə də tutduğu vəzifəsindən uzaqlaşdırıldı. Belə bir adam dövlət başçısı olarsa, qısa müddət ərzində ölkəni də öz maddi maraqlarına qurban verər. E.Namazov Rüstəm İbrahimbəyovun erməni dostlarına güvənərək İsa Qəmbər, Əli Kərimli və Rəsul Quliyevin hakimiyyət planlarının uğursuz olduğunu deyir və onları da öz ətrafında cəmləşdirmək istəyir. Lakin o da Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti, cəmiyyətin inkişaf meyillərini düzgün qiymətləndirə bilməyən, ölkənin tarixi keçmişi və hazırkı durumu arasında uğursuz və savadsız paralellər aparan, öz imkan və bacarıqlarını qeyri-adekvat şəkildə şişirdən avantürist spekulyasiyalarla yaşayan buqələmundur. Ona görə də onun bütün cəhdləri iflasa uğrayır. Yeri gəlmişkən, sonuncu parlament seçkilərində öz rəqibinə uduzan Gültəkin Hacıyeva da özündən küsmək əvəzinə iqtidardan küsərək, Eldar Namazovun dəstəsinə qoşulur. Bu, ona biznes fəaliyyətini davam etdirmək üçün lazımdır.
Destruktiv müxalifət nümayəndələri öz iddialarından, ambisiyalarından geri çəkilmək istəmirlər. İndi onların hər biri yalnız özünü prezidentliyə “vahid namizəd” kimi görür. Ona görə də müxalifət düşərgəsində prezidentliyə namizədlərin sayı getdikcə artır. Onların hər biri müxtəlif iddialar ortaya atmaqla özlərini “lider”, “ana müxalifət”, “aparıcı partiya sədri” kimi cəmiyyətə sırımaq istəyirlər. Lakin xalq onların yalan vədlərinə yaxşı bələd olduğundan belə “lider”lərin bütün iddiaları fiaskoya uğrayır. Hətta Rüstəm İbrahimbəyov hansısa varlı adamlara arxalanaraq Eldar Namazovu prezidentliyə namizəd kimi sırımaq istəsə də, buna nail ola bilmir. Çünki xalq hakimiyyətin etibarlı əllərdə olduğuna inanır. Bu inamı Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzu da təsdiqləyir.
Azərbaycan iqtisadiyyatı nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Ölkəmizdə çox uğurlu iqtisadi islahatlar aparılır, yeni iş yerləri açılır, əmək haqları, pensiyalar, sosial müavinətlər artır. Yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir.
Bu günlərdə Azərbaycan telekommunikasiya peykinin orbitə çıxarılması bu uğurlarımızın bariz nümunəsidir. Heç şübhə etmirəm ki, ölkəmizin qazandığı bu tarixi uğur radikal müxalifətin dərdinin üstünə daha birini də gətirəcək.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.