Fevralın 16-da Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar VI qurultayı keçirilmişdir. Qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak etmişlər.
Qurultayı açan Şuranın sədr müavini, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə iştirak etmək üçün seçilmiş 186 nəfərdən 179-nun qeydiyyatdan keçdiyini bildirmişdir.
Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra ulu öndər Heydər Əliyevin, Şuranın sabiq sədri akademik Budaq Budaqovun, eləcə də V qurultaydan ötən dövrdə dünyasını dəyişmiş üzvlərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultaya təbrik məktubunu oxumuşdur (Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Azərbaycan Prezidentinin təbrik məktubu hərarətli alqışlarla qarşılanmışdır.
Qurultayın işçi orqanları seçiləndən sonra gündəlik təsdiq edilmiş, hesabat məruzəsi dinlənilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Şuranın sədr müavini Bayram Yusifov diqqətə çatdırmışdır ki, 1990-cı ildə yaradılmış Azərbaycan Ağsaqqallar Şurası qısa müddətdə şərəfli yol keçmişdir. Şura bu gün ölkəmizdə vətəndaş cəmiyyəti təsisatları arasında xüsusi yer tutur.
Diqqətə çatdırılmışdır ki, AAŞ milli mənəvi dəyərlərimizin qorunması, saflıq, sadəlik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Şuranın 2010-cu ildə həyata keçirilmiş “Xeyir və şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu” layihəsi də məhz bu məqsədə xidmət etmişdir. Gənc nəslin mənəvi və fiziki sağlamlığına, Vətənə sədaqət ruhunda tərbiyəsi məqsədilə ağsaqqallar mütəmadi qaydada hərbi hissələrdə görüşlər keçirirlər. AAŞ-nin 2010-cu ilin martında icrasına başladığı “Əsgərlərə yeni ruh” layihəsi çərçivəsində Tərtər, Ağdam, Goranboy və Gədəbəy rayonlarındakı hərbi hissələrdə əsgərlərlə görüşlər keçirilmiş, hədiyyə və sovqatlar paylanılmışdır.
Bildirilmişdir ki, təkcə ötən ilin may-dekabr ayları ərzində Şura Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Qubada, Salyanda, Qəbələdə, Ağsuda, Lənkəranda, Bərdədə və digər rayonlarda gənclərin yaxından iştirakı ilə zona müşavirələri və görüşlər keçirmişdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının işində də Şura yaxından iştirak etmişdir. Bununla yanaşı, Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin yad edilməsi üçün tədbirlər keçirən Şura geniş xeyriyyəçilik fəaliyyəti də göstərir.
Qeyd olunmuşdur ki, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının işində də yaxından iştirak edən AAŞ bu qurumun indiyədək keçirilmiş dörd iclasına fəal şəkildə qatılmışdır.
Hesabat məruzəsində qeyd edilmişdir ki, son illərdə ölkəmizin dinamik inkişaf, bütün sahələrdə əldə olunmuş uğurlar cəmiyyətin strukturunda əsaslı dəyişikliklər yaratmışdır ki, bu da Şuranın öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmasını zərurətə çevirmişdir.
Sonra AAŞ-nin təftiş komissiyasının sədri Tofiq Mirzəyev komissiyanın hesabatını təqdim etmiş, qurumun hesabına daxil olan vəsaitin qurultaylararası dövrdəki dinamikasını diqqətə çatdırmışdır.
Mandat komissiyasının sədri Sadiq Abdullayev məruzə edərək bildirmişdir ki, qurultaya seçilmiş 186 nümayəndədən 10-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 11-i müxbir üzvü, 30-u professor, 22-si elmlər doktoru, 4-ü elmlər namizədidir. Qurultay nümayəndələrindən müxtəlif dövlət təltifləri və fəxri adlara layiq görülənlərin sayı 128-dir.
Sonra məruzələr ətrafında çıxışlar olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri, akademiklər Teymur Bünyadov, Vasim Məmmədəliyev, İsmayıl İbrahimov, müxbir üzv Sudeyif İmamverdiyev, Naxçıvan Ağsaqqallar Şurasının sədri Əbülfəz Əsgərov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, AAŞ-nin üzvü Zahid Qaralov, Gəncə Ağsaqqallar Şurasının sədri Arif Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxış etmişlər.
Çıxışlarda bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vaxtilə ulu öndərimiz Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını davam etdirir. Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını vurğulayan ağsaqqallar diqqətə çatdırmışlar ki, bütün xalqımız kimi, onlar da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaqlar.
Ağsaqqallar son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, dövlətimizin başçısının həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını vurğulamışlar. Qeyd edilmişdir ki, bu gün Azərbaycanda ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. Xüsusən gənc nəslin tərbiyəsində onların rolu yüksək qiymətləndirilir. Bildirilmişdir ki, Azərbaycan ağsaqqalları qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırlar.
Əkrəm Naibovun “Daş yuxular” yazısına münasibət bildirən ağsaqqallar ölkəmizlə bağlı həqiqətləri qəsdən təhrif edən, Azərbaycan xalqını təhqir edən “yazısı”nın mövqeyini milli mənəvi dəyərlərə zərbə hesab etdiklərini demişlər. Bildirmişlər ki, Əkrəm Naibov və onun arxasında dayanan qüvvələr Azərbaycan xalqının birliyinə, ölkəmizin haqq səsinin tanıdılmasına mane ola bilməyəcəklər.
Çıxışlarda, həmçinin Fəttah Heydərovun böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olduğu vurğulanmış, Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə onun namizədliyi irəli sürülmüşdür.
Qurultayda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, ağsaqqalları “Azərbaycan cəmiyyətinin, milli mənəvi dəyərlərimizin qızıl fondu” adlandıran ulu öndər Heydər Əliyev hər zaman onlara böyük diqqət və qayğı göstərmişdir. Azərbaycanda elə bir təşkilat yoxdur ki, onun sıralarında bu qədər dəyərli insan toplaşsın. Azərbaycan cəmiyyətinin qaymağı bu təşkilatda təmsil olunur. Ölkəmizin bütün adlı-sanlı ziyalıları bu təşkilatın üzvləridir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin qurultaya təbrik məktubunda da ağsaqqalların Azərbaycan cəmiyyətinin ən dəyərli nümayəndələri olduğu xüsusilə vurğulanmışdır. Azərbaycan cəmiyyətinin ən dəyərli nümayəndələri ilə bir yerdə olmaq hər birimiz, cəmiyyətimiz, dövlətimiz üçün ciddi məqamdır və bu qurultayın dəyəri də elə bununla ölçülür.
Ağsaqqallıq ənənələrinin tarixindən danışan Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycanda ilk yazılı mənbə olan “Kitabi-Dədə Qorqud” dastanında da ağsaqqal institutu həmişə hamının hörmətlə yanaşdığı, cəmiyyətin idarəçiliyində əsas söz sahibi olan, bütün məsələlərdə öz məsləhəti ilə cəmiyyətin idarəçiliyində iştirak edən bir institut olubdur. Dədə Qorqud həmin institutun başında duran şəxs olmuşdur. Ondan sonra gələn qəbilə ağsaqqallarının, rəhbərlərinin sözü insanlar üçün qanun sayılmışdır.
Diqqətə çatdırılmışdır ki, sonrakı dövrdə - mərkəzləşmiş Azərbaycan dövlətinin hökmdarı Şah İsmayılın sarayında da əsas institut - əsas məsləhət verənlər bu cəmiyyətin ağsaqqalları olmuşlar. Bu institut Şah İsmayılın hakimiyyəti dövründə “Lələlər məclisi” olmuşdur. Azərbaycan cəmiyyətinin ən dəyərli ağsaqqalları lələlər qismində Şah İsmayılın sarayında fəaliyyət göstərmişlər.
Ağsaqqallığın cəmiyyətdə qazanılmış hörmət, nüfuz, ad və dəyər olduğunu vurğulayan Əli Həsənov bildirmişdir ki, müstəqil Azərbaycan dövlətində ağsaqqallıq institutunun tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə qayıdışından əvvəl Azərbaycan Ağsaqqallar Şurası təsis olunmuşdusa da 1992-1993-cü illərdə hakimiyyətdə olanlar keçmişin bütün dəyərlərindən imtina etmişdilər. Ümummilli liderimiz yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün keçmiş dəyərləri bərpa etdi və ağsaqqallar təzyiqlərdən xilas oldular.
Diqqətə çatdırılmışdır ki, 1993-cü ildə ölkə parçalanmaq təhlükəsi ilə üzləşəndə ümummilli liderə məktub göndərən insanların böyük əksəriyyəti ağsaqqallar idi. O vaxtdan başlayaraq, ağsaqqallıq institutu Azərbaycan cəmiyyətinin ciddi təsisatına çevrilmişdir.
Əli Həsənov ağsaqqalların bu gün Azərbaycan cəmiyyətində təkcə gənc nəslin tərbiyəsində, milli mənəvi dəyərlər sisteminin formalaşdırılmasında və mühafizəsində deyil, eyni zamanda, ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşməsində iştirak etdiklərini xüsusi vurğulamışdır. Şöbə müdiri demişdir ki, sizin tövsiyələrinizə hər zaman biz dövlət məmurlarının, gənclərimizin, bütün Azərbaycanın ehtiyacı vardır. Ağsaqqallar müdrikliyin, inkişafın, təcrübənin rəmzidirlər. Gənclər istedadlı, enerjili ola bilərlər. Amma nəsilləri birləşdirən bir rabitə, gənc nəsil ilə bugünkü müdrik ağsaqqallıq arasında bağlılıq olmasa tarazlıq pozular və cəmiyyətlərdə çalxalanma baş verər. Prezident İlham Əliyev Azərbaycan ağsaqqallarına güvənir, ümid edir və sizinlə bundan sonra da ölkəmizin gələcək inkişafı istiqamətində birgə irəliləməyə hazır olduğunu diqqətinizə çatdırır.
Qarşıdan tale yüklü seçkilərin gəldiyini vurğulayan şöbə müdiri Azərbaycanın mühüm bir dövrə qədəm qoyduğunu bildirmişdir. Azərbaycan cəmiyyəti və dövləti elə bir mərhələyə qədəm qoymuşdur ki, dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada BMT Təhlükəsizlik Şurasında təmsil olunur. Amma bizim dövlətin də rəqibləri, bugünkü inkişafımızı gözü götürməyənlər vardır. Bu sıraya bəzi qonşu dövlətlər, dairələr, Ermənistan və erməni diasporu daxildir. Ona görə də bu gün öz yazıçılarımızın, şairlərimizin, qeyri-hökumət təşkilatlarımızın, jurnalistlərimizin, siyasi partiyalarımızın əli ilə Azərbaycana zərbə vurmaq istəyənlər vardır.
Əli Həsənov qeyd etmişdir ki, daxildə də Azərbaycanın inkişafını dayandırmaq istəyən qüvvələr mövcuddur. Azərbaycan on milyonluq əhalisi ilə bölgədə müstəqil siyasət yeridən dövlətə çevrilmişdir. Prezident İlham Əliyev müstəqil siyasət yeridir, Azərbaycanın maraqlarına xidmət etməyən heç bir məsələ ilə razılaşmır. Belə bir mərhələdə ölkə daxilində qarşıdurma yaratmaq istəyənlər var və onların qarşısını yalnız ağsaqqallar ala bilər. Əminəm ki, qarşıdan gələn siyasi fəallıq dövründə Ağsaqqallar Şurası bütün proseslərin başında dayanacaqdır. Qoy, cəmiyyət sizdən nümunə götürsün, fikirlərinizlə idarə olunsun. Dövləti idarə etməli, yönəltməli, mənfi insanları cəmiyyəti idarə etməkdən sıxışdırıb kənarlaşdırmalıyıq.
Sonra təşkilati məsələlərə baxılmış, hesabat məruzəsi və mandat komissiyasının hesabatı səsə qoyularaq qəbul edilmişdir.
AAŞ-nin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş, Şuranın fəaliyyətinin əsas istiqamətləri təsdiq olunmuşdur. Daha sonra Şuranın rəhbər orqanları seçilmişdir.
Fəttah Səməd oğlu Heydərov açıq səsvermə yolu ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Onu bu vəzifəyə seçdiklərinə görə qurultay iştirakçılarına minnətdarlığını çatdıran Fəttah Heydərov bildirmişdir ki, biz əl-ələ verərək birgə fəaliyyətlə qarşıda duran vəzifələrin öhdəsindən gələcəyik. Çünki cəmiyyətimizdə ağsaqqal sözünə, nəsihətinə həmişə ehtiyac olmuşdur. Ən çətin faciələrin, ağır durumların qarşısı ağsaqqal sözü ilə alınmış, ən böyük uğurların təməlində ağsaqqal iradəsi dayanır.
Ulu öndər Heydər Əliyevin ən böyük ağsaqqalımız olduğunu vurğulayan Fəttah Heydərov ümummilli liderin bütün mənalı ömrünü Azərbaycanın inkişafına həsr etdiyini diqqətə çatdırmışdır. Ağsaqqallarımız ulu öndərin 1970-ci illərdə Azərbaycan üçün xidmətlərini çox yaxşı xatırlayırlar. Heydər Əliyevin əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaqdır. Çünki ulu öndər 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkəmizi parçalanmaq təhlükəsindən xilas etmişdir. Müstəqilliyimizin əvvəllərində başımıza bu faciələr, müsibətlər ona görə gəlmişdi ki, o dövrdə biz ağsaqqalsız qalmışdıq.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan ağsaqqalları ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, ölkəmizi sürətli inkişaf yoluna çıxaran Prezident İlham Əliyevi yaxından dəstəkləyirlər. Ağsaqqallarımızın əsas vəzifəsi müasir gəncliyimizi milli vətənpərvərlik ruhunda yetişdirmək, onları düzgün yola - Heydər Əliyev yoluna istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdir. Azərbaycan ağsaqqalları dövlətimizin inkişafı yolunda Prezident İlham Əliyevə güvənir, etimad göstərir və qarşıdan gələn prezident seçkilərində onun namizədliyini dəstəkləyir. Çünki dövlətimizin başçısının hər bir uğuru istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə açıq-aşkar görünür. Biz bütün bu xidmətlərinə, eləcə də ölkəmizdə ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Fəttah Heydərov diqqətə çatdırmışdır ki, cəmiyyətimizdə Azərbaycanın çörəyi ilə böyüməyinə, yüksək mükafatlarla, fəxri adlarla təltif edilməyinə baxmayaraq, dövlətimizə, xalqımıza xəyanət edən insanların olması təəssüf doğurur. Belə insanlar və onları dəstəkləyənlər bilsinlər ki, Azərbaycan xalqının birliyi möhkəmdir və belə dönüklər bizə mane ola bilməzlər.
Sonra AAŞ-nin 67 nəfərdən ibarət Məclisi, nəzarət-təftiş komissiyasının və idarə heyətinin tərkibi seçilmişdir.
Qurultayın qətnaməsi oxunmuşdur.
Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar VI qurultayının nümayəndələri Prezident İlham Əliyevə müraciət qəbul etmişlər (Müraciət qəzetin bugünkü nömrəsində dərc olunur).
Bununla da AAŞ-nin növbədənkənar VI qurultayı öz işini başa çatdırmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.