Prezident İlham ƏLİYEV: Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz çox müsbətdir
Son zamanlar Prezident İlham Əliyevin iştirakı ilə keçirilən istənilən yerli və ya beynəlxalq tədbir ölkəmizdə olduğu kimi xarici aləmdə, xüsusən, region ölkələrində böyük maraq və diqqətlə izlənilir. Çünki bu gün Azərbaycan Prezidentinin hansısa bir məsələyə münasibət bildirməsi bir çox dairələrdə xüsusi önəm kəsb edir. Beynəlxalq ekspert və politoloqlar dövlət başçımızın hətta yerli əhəmiyyətli məsələlərə münasibətini də dərindən öyrənməyə və gənc müstəqil Azərbaycan Respublikasının məqsədlərini təhlil etməyə çalışırlar. Çünki artıq hamıya məlumdur ki, Azərbaycansız regionda heç bir iqtisadi layihə reallaşmayacaq. Bu baxımdan Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans daha dərin məzmunu və əhəmiyyəti ilə yaddaşlarda qaldı.
Həmin konfransda dövlət başçımız dostlarımızı və müttəfiqlərimizi məmnun edəcək çoxsaylı rəqəmlər, faktlar səsləndirməklə yanaşı, ölkəmizdəki və dünyadakı bədxahlarımızı yenidən, özü də ayıq başla düşünməyə sövq edəcək qətiyyətli mövqe nümayiş etdirdi. Qeyd olundu ki, bu gün Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, ölkəmiz rəqabət qabiliyyətliliyinə görə dünyada 46-cı, MDB məkanında isə birinci yerdədir. Dövlətimizin valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir, yoxsulluq göstəricisi 6 faizə endirilib. Ancaq bütün bunlarla yanaşı, konfransda səsləndirilən bir çox məsələlər var idi ki, onlar təkcə mətbuatın deyil, eləcə də bütün politoloq və ekspertlərin gündəmində özünə xüsusi yer tutmuşdur. Məsələn, ölkəmizdə həyata keçirilən dövlət proqramlarının sosial tərəqqimizdəki əhəmiyyəti və Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyanın ildən-ilə, bir çox hallarda aydan-aya artırılması məsələləri bütün mütəxəssislər üçün önəmli idi. Həmin məsələyə münasibət bildirən Prezident İlham Əliyev adı çəkilən konfransda demişdir: “Bu ilin sonuna qədər ikinci Dövlət Proqramının icrası təmin ediləcəkdir. Beləliklə, 10 ili əhatə edən bir dövr arxada qalacaqdır. Ancaq artıq bu gün də demək olar ki, həm 2004-cü ildə, həm 2009-cu ildə qəbul edilmiş iki Dövlət Proqramının icrası ölkəmizin inkişafı üçün çox böyük rol oynamışdır. Əgər bu proqramlar qəbul edilməsəydi, indi bölgələrdə gedən inkişafdan söhbət aparmaq belə yersiz olardı. Məhz, 2004-cü ildə qəbul edilmiş bu qərar ölkəmizin hərtərəfli, dayanıqlı və şaxələndirilmiş şəkildə inkişafını təmin etmişdir.
Birinci proqram artıqlaması ilə icra edilmişdir. Proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər ondan sonrakı illərdə əlavə edilmişdir. 2009-cu ildə də qəbul edilmiş proqrama çoxsaylı əlavələr edilmişdir. Çünki həyat yerində durmur, ölkə qarşısına yeni vəzifələr çıxır. Biz bu proqramların icrası əsnasında yeni məsələlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmüşük. Bir sözlə, bu proqram daim yenilənir. Beləliklə, bölgələrdən gələn təkliflər, sifarişlər, mənim bölgələrdə olduğum zaman yerli vətəndaşlarla görüşlər zamanı verilən təkliflər, əlbəttə ki, bu proqramlara əlavə edilir. Eyni zamanda, 2009-cu ildə ikinci proqram qəbul olunandan sonra Prezidentin ehtiyat fondundan bölgələrin inkişafına böyük həcmdə vəsaitin ayrılması təmin edilmişdir. Xüsusilə infrastruktur, nəqliyyat, kənd yollarının bərpası və abadlıq işlərinin görülməsi üçün”.
Qeyd edək ki, cənab dövlət başçımız elmi şəkildə əsaslandırılmış, ölkəmizin bütün bölgələrinin bərabər sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının nəticəsindən məmnun olduğunu söyləməklə yanaşı, bu proqramların böyük perspektivindən də əminliklə söz açır: “Ölkədə gedən müsbət dəyişikliklər deməyə əsas verir ki, bu ilin sonuna qədər ikinci Dövlət Proqramının tam icrası təmin ediləcəkdir. Bu proqram, yenə də demək istəyirəm ki, artıqlaması ilə icra ediləcəkdir. Bu ilin sonuna qədər Dövlət İnvestisiya Proqramında və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır.
Hesab edirəm ki, bu il ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi keçən ildəkindən az olmamalıdır. Keçən il 22,1 milyard dollar vəsait qoyulmuşdur. Bu il də hesab edirəm ki, bu qədər vəsait qoyulmalıdır. Çünki həm dövlət xətti ilə və özəl sektorun fəaliyyəti nəticəsində hesab edirəm ki, biz bu rəqəmə çatacağıq. Bu da şübhəsiz, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatdırılmasına xidmət göstərəcəkdir”.
Adıçəkilən konfrans Azərbaycan həqiqətlərinin nisbətən yeni olan bir məqamının dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətli oldu. Belə ki, cəmi on il əvvələ qədər xarici sərmayəsiz heç bir problemini həll edə bilməyən Azərbaycan Respublikası bu gün dünyanın bir çox ölkələrinə, xüsusən, Avrasiya məkanındakı tərəfdaşlarımızın iqtisadiyyatına külli miqdarda investisiya yatıran ölkəyə çevrilib. Ona görə də Prezident İlham Əliyev konfransdakı yekun nitqində bu məsələyə xüsusilə toxunaraq qeyd etdi ki, bizim investisiya yatırmaq ünvanlarımız respublikamızın bölgələri ilə yekunlaşmır: “Bəlkə də bu, bilavasitə regionların inkişafı ilə bağlı olan məsələ deyildir. Ancaq onu da qeyd etmək istəyirəm ki, biz xaricə qoyulan investisiyaların coğrafiyasını genişləndiririk.
“Biz regiondan başlamışıq. Biz ən çox investisiyaları region ölkələrinin iqtisadiyyatına qoyuruq. Ondan sonra investisiyaların bir hissəsini artıq Avropa ölkələrinə qoymağa başlamışıq. Hazırda, hesab edirəm ki, investisiya qoyuluşu üçün perspektivli olan bölgə Asiya qitəsidir. Asiya ölkələri ilə bütövlükdə bizim münasibətlərimiz çox uğurla, çox müsbət inkişaf edir. Bu münasibətlər bütövlükdə qarşılıqlı hörmət, etimad, bir-birinin işinə qarışmamaq, bir-birinə dərs oxumamaq prinsipləri əsasında qurulubdur. Ona görə, bu güclü siyasi əlaqələri nəzərə alaraq, biz Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. İlk növbədə, o bölgə investisiya qoyuluşu baxımından çox cəlbedicidir və hesab edirəm ki, bizim üçün çox münasibdir. Eyni zamanda, Asiya ölkələrinin şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin genişləndirilməsi üçün yeni imkanlar açılır və mən bunu alqışlayıram”.
Diqqət yetirin. Azərbaycan Prezidenti qeyd edir ki, biz ehtiyacı olan ölkələrin iqtisadiyyatının dirçəldilməsi üçün investisiya yatırmağa hazırıq. Amma bir şərtlə ki, hamı bizə bərabərhüquqlu tərəf-müqabil kimi baxsın, qarşılıqlı etimad olsun. Biz hamıya etimad göstərdiyimiz kimi hamıdan etimad gözləyirik: “Biz bütün ölkələrlə səmərəli, işgüzar münasibətlərə malikik. Bizim yeganə istəyimiz ondan ibarətdir ki, hər bir ölkə Azərbaycan ilə öz münasibətlərini bərabərhüquqlu tərəfdaş kimi qursun. Biz bunu istəyirik, bunu tələb edirik və buna nail oluruq. Biz bütün ölkələrlə onların ölçüsündən asılı olmayaraq bərabərhüquqlu münasibətlər qururuq. Bundan kənarda heç bir münasibət ola bilməz. Heç bir ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur, ola da bilməz, heç kim bizə dərs deyə bilməz. Üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız beynəlxalq təşkilatların haqqı yoxdur ki, bizə hansısa irad tutsun. Bunu hamı bir daha eşitsin, siz və kimə aiddir, onlar da. Yəni, investisiya portfelimizin şaxələndirilməsi işində hesab edirəm ki, Asiya, Latın Amerikası istiqamətləri hazırda cəlbedici görünür”.
Prezidentin sədrliyi ilə keçirilən konfrans yada saldığımız məsələlərdən başqa da bir neçə aspektdən xüsusi önəm kəsb etdi. Belə ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, fəqət bu gün sosial-iqtisadi böhranın girdabında çabalayan Ermənistan başda olmaqla bir neçə ünvanda Azərbaycanın sabahı ilə maraqlananlar ordusu mövcuddur. Onlar ağızlarını ayırıb dünyanın müxtəlif guşələrindən gələn xəbərlərə qulaq kəsilirlər ki, görək Azərbaycan haqqında hansı bəd proqnozlar veriləcək. Bu məqamdan yaxşı xəbərdar olan Prezident İlham Əliyev adıçəkilən konfransda bədxahlarımıza ölkəmizin sabahı barədə yaxşı bir proqnoz verdi: “Gələcək planlarımızla bağlı deyim ki, artıq bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Yenə də demək istəyirəm, əminəm proqram uğurla başa çatacaqdır. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hesab edirəm ki, artıq üçüncü Dövlət Proqramının hazırlanması ilə bağlı işlər başlamalıdır. Əminəm ki, 2014-cü ildə üçüncü Dövlət Proqramı - beşillik proqram qəbul ediləcəkdir. O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz məsələlər öz əksini tapacaqdır və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir”.
Dövlət başçımız ölkəmizin son illərdəki uğurlarını bir daha yada salaraq qeyd etdi ki, Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz də çox müsbətdir. Biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük, rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdəyik. Biz böyük maliyyə imkanlarına malikik. “Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir. Bu, dünya miqyasında çox yüksək göstəricidir. Yoxsulluq 6 faizə düşübdür, işsizlik aradan qaldırılır və biz gələcəyə baxırıq. Bir neçə gün bundan əvvəl birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və həmin fakt Azərbaycanın ümumi inkişafını göstərir. Əminəm ki, bu inkişaf bundan sonra da uğurlu və dayanıqlı olacaqdır. Bu inkişafı təmin etmək üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və ölkənin inkişafı üçün daha da səmərəli işləməlidirlər”.
Bir sözlə, ölkəmizin sosial-iqtisadi inkişafı hamının etiraf edəcəyi bir səviyyədə günün reallığına çevrildikcə dövlətimizin beynəlxalq aləmdəki nüfuzu da durmadan artır. Məhz həmin tendensiya Azərbaycan dövlətini daha qüdrətli, dövlət başçımızı isə daha qətiyyətli edir. Bu iki amil isə son nəticədə Azərbaycan insanının həyat səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərir. Elə dövlət və dövlət başçımız da buna çalışır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.