Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilmişdir

 

 

Fevralın 15-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Mili Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlikdəki qanun layihələri barədə deputatlara məlumat verdikdən sonra cari məsələlərə baxılmışdır. Deputatlar ölkəmizdə və respublikamızdan kənarda baş verən proseslərlə bağlı rəy və təkliflərini bildirmişlər.

Deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Oqtay Əsədov demişdir: Hər il Milli Məclisin yaz sessiyasının ilk iclaslarının birində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilir. Bu iclasda da məruzə dinləniləcək və biz deputatlar yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı fikirlərimizi bildirməliyik.

Sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məlumat vermişdir. Nazir müavini demişdir ki, dövlət müstəqilliyinin bərpasından ötən 21 il ərzində ölkəmizdə siyasi, sosial, iqtisadi sahələrlə yanaşı, yerli özünüidarəetmənin həyata keçirilməsi istiqamətində də önəmli nailiyyətlər əldə edilmişdir. Azərbaycan dövləti yerli demokratiyanın inkişaf etdirilməsi üçün möhkəm sosial və hüquqi baza yaratmışdır.

Bildirilmişdir ki, 2012-ci il ölkəmiz üçün uğurlu, yaddaqalan və əlamətdar olmuşdur. Respublikamızda yerli demokratiya və özünüidarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Qeyd olunmuşdur ki, ötən il bələdiyyələrlə xeyli maarifləndirmə işləri aparılmışdır. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların maliyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bildirilmişdir ki, ötən il inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52370 bələdiyyə aktı qəbul olunmuşdur ki, bu da ötən illə müqayisədə 64 faiz çoxdur. Bunlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilmiş, onların qanunauyğunluğunun təmin edilməsi üçün bələdiyyələrə təkliflər göndərilmişdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində ötən il ərzində 8937,76 hektar torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilmiş və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunmuşdur.

İnzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.

Ötən il ərzində həyata keçirilən maarifçilik tədbirlərinə 6000 -dən çox bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur ki, bu da ötən illə müqayisədə 16,8 faiz çoxdur. Həmçinin, bələdiyyələr üçün müxtəlif məsələlər üzrə 13 metodik vəsait hazırlanmışdır.

Nazir müavini bildirmişdir ki, ölkəmizdə bələdiyyələrin işinin daha da yaxşı təşkil edilməsi, inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi məqsədi ilə beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilmiş, o cümlədən Avropa Şurasının müvafiq qurumları, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Türk Dünyası Bələdiyyələr Birliyi, respublikamızın dövlət və qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq fəaliyyəti davam etdirilmişdir.

Sonra deputatlar çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşmüş, bələdiyyə institutunun fəaliyyətinin getdikcə daha da təkmilləşdiyini, hesabatın dolğun hazırlandığını vurğulamış, gələcəkdə nəzərə alınması üçün bəzi təkliflər səsləndirmişlər.

Hesabat qənaətbəxş hesab edilmişdir.

Sonra iclasda “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsi” təsdiq edilmiş, Ticarət Gəmiçiliyi Məcəlləsinə redaktə xarakterli dəyişiklik olunmuşdur.

Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə  “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan əlavəni deputatların diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, qanuna edilən əlavəyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamənin verilməsinə, eləcə də bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatın verilməsi üçün 50 manat rüsum ödəniləcəkdir.

Sənəd səs çoxluğu ilə təsdiq edilmişdir.

Daha sonra İnzibati Xətalar Məcəllələrinə, həmçinin “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlara bir sıra dəyişikliklər olunmuşdur. Bildirilmişdir ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir.

Qeyd olunmuşdur ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 24-cü maddəsinə əlavə olunan bəndə əsasən, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya vəd verə bilməz.

Qeyd olunmuşdur ki, bu dəyişikliklər çirkli pulların yuyulmasının qarşısını almağa, xarici missioner təşkilatların çirkin niyyətlərinin qarşısının alınmasına xidmət  edir.

Bildirilmişdir ki, bu gün qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflığının təmin edilməsində də müəyyən boşluqlar vardır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 223-cü maddəsinə təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Qanunun bu tələbini pozan fiziki və hüquqi şəxslər cərimə olunacaqlar.

İş gününün sonunda “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanun layihəsi birinci oxunuşda müzakirə edilmişdir.

Layihə barədə məlumat verən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, bu qanun ölkəmizdə uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.

Layihə barədə deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra sənəd konseptual baxımdan səsə qoyularaq birinci oxunuşda qəbul edilmişdir.

Bununla da Milli Məclisin iclası başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında