Azərbaycan - ABŞ münasibətləri uğurla inkişaf edir

{nl}

Hillari Klinton: "Cənubi Qafqaz regionunun tərəqqisi üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır"
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri beynəlxalq icmalçılar tərəfindən maraqla izlənilirdi. Ancaq xanım Klintonun Azərbaycana edəcəyi səfər politoloqların və siyasi ekspertlərin daha çox önəm verdiyi məsələ idi.
Bunun da bir neçə səbəbi var idi.Əvvəla, son zamanlar ABŞ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi məsələsini daha tez-tez gündəliyə gətirirlər. Dövlət katibinin Bakı səfəri zamanı bu xüsusda mövqelərin açıqlanması maraq doğururdu. İkinci, Klinton Bakıya gələndə torpaqlarının 20 faizi işğala məruz qalmış, bir milyon qaçqın və köçkünün problemlərini yaşayan xalqın təmsilçiləri ilə görüşməli idi. İrəvanda isə onu işğalçı ölkənin qəsbkar rəhbərləri ilə siyasi təmas gözləyirdi. Üçüncü, Azərbaycan uzun illərdir ki, ABŞ Konqresinin Azadlığa Dəstək Aktına "907-ci düzəliş" adlı iqtisadi sanksiyası ilə üz-üzədir. Xanım Klinton da daxil olmaqla ABŞ-ın bütün rəsmiləri bu sənədin tamamilə ədalətsiz olduğunu çox yaxşı bilirlər.
Beləliklə, maraqla gözlənilən və izlənilən məlum səfər başa çatdı. Ekspert və politoloqlar bu səfərdən gözlədikləri cavabları yüksək səviyyədə aldılar. Beynəlxalq aləmdə bir daha sübut olundu ki, Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətləri ölkələrin böyük-kiçikliyindən asılı olmayaraq bərabərhüquqlu tərəfdaşlar formatında uğurla inkişaf edir. Ekspertlərə və politoloqlara növbəti dəfə bəlli oldu ki, Azərbaycan postsovet məkanının ən müstəqil xarici siyasət yeridən ölkələrindən biridir. Bir daha sübut edildi ki, zamanın yaratdığı müəyyən gərgin məqamlara baxmayaraq Bakı-Vaşinqton əməkdaşlığı bütün sınaqlardan uğurla çıxır. Dövlət katibini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev münasibətlərimizdəki uğurlu məqamları mükəmməl bir ardıcıllıqla yada saldı: "Biz müstəqillik əldə etdikdən sonra ABŞ ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla inkişaf edir. Biz iqtisadi sahədə sıx əməkdaşlıq edirik. Sülhməramlı əməliyyatlarda iştirak edirik. Terrorçuluğa qarşı mübarizə ilə bağlı məsələlərdə birgə fəaliyyət göstəririk, enerji təhlükəsizliyi məsələləri daim gündəliyimizdədir".
Yəni Azərbaycan Prezidenti dost ölkənin xarici siyasət idarəsinin rəhbərinə gənc müstəqil dövlətin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımız və bütövlükdə region üçün yaratdığı problemləri yada salmazdan əvvəl Bakı-Vaşinqton əməkdaşlığının qısa tarixçəsindəki zəngin uğurları xatırlatdı. Həmin uğurlar sırasında xüsusilə diqqət çəkən məqamlar çoxdur. Münaqişənin həlli üçün Minsk qrupu formalaşdırılanda (1992-ci ilin mart ayı) Azərbaycan həmsədrlərdən biri kimi ABŞ-a inam və etimad nümayiş etdirmişdi. Rəsmi Bakı NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulanda (1994-cü ilin may ayı) Azərbaycan-ABŞ münasibətlərindəki səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə istinad etmişdi. Xəzərin Azərbaycan sektorundakı kardohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün nəhəng neft müqaviləsi hazırlanarkən ulu öndər Heydər Əliyev Birləşmiş Ştatların maraqlarının da əsas götürülməsini vacib saymış və neft diplomatiyasında ən yaxın silahdaşı olan ARDNŞ-in vitse-prezidenti İlham Əliyevi danışıqlar aparmaq üçün Birləşmiş Ştatlara göndərmişdi. Hasil edilmiş neft və qazın dünya bazarına çıxarılması üçün marşrutların seçilməsi zamanı da rəsmi Bakı Vaşinqtonla əməkdaşlığın incə məqamlarını nəzərə almışdı. Eləcə də 2001-ci ilin 11 sentyabr hadisələrindən dərhal sonra yaradılan antiterror koalisiyasının ilk iştirakçılarından biri Azərbaycan olmuşdur. Yəni Bakı ilə Vaşinqton arasında daimi bir anlaşma və etimad olmuşdur.
Bütün bunları əsas götürən Prezident İlham Əliyev Hillari Klintonu qəbul edərkən rəsmi Bakını və Azərbaycan xalqını daha çox narahat edən əsas məqamı yada saldı: "Təbii ki, ABŞ ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində bizimlə və digər ölkələrlə yaxından çalışır. Bu münaqişə bizim üçün ən böyük problem və regional təhlükəsizlik üçün əsas təhlükədir. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı - bu təşkilatların hamısı vəziyyəti əks etdirən və Ermənistan silahlı quvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını tələb edən müxtəlif qətnamələr qəbul edib. Biz münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etmək istəyirik və bu münaqişənin həllinə mümkün qədər tez nail olmaq istəyirik. Çünki insanlarımız bundan əziyyət çəkirlər". Xanım Klinton isə bütün bu məsələlərin ABŞ üçün də xüsusi əhəmiyyət kəsb etdiyini etiraf etdi: "Qeyd etdiyiniz məsələlr bizim üçün vacibdir".
Yazının əvvəlində qeyd etmişdik ki, Hillari Klintonun Bakı səfəri beynəlxalq icmalçıların diqqət mərkəzindədir və bunun səbəblərini göstərmişdik. İndi həmin səbəblərin nəticələrini, daha doğrusu, dövlət katibinin Bakı səfəri zamanı səsləndirdiyi bəzi məqamları yada salaq. Bakı səfərinin yekunları barədə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirən xanım Klinton Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini region üçün vacib amil adlandırdı: "Cənubi Qafqaz regionunun tərəqqisi üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır". Minsk qrupu həmsədri olan ölkələrin dövlət başçılarının Kanadada imzaladığı bəyanatın əhəmiyyətini xüsusi vurğulayan ABŞ diplomatı məsələnin həllində tərəqqinin olduğunu söyləmişdir: "...problemin həlli yolları tezliklə tapılmalıdır və bu məsələdə tərəqqi də vardır".
Yuxarıda qeyd etdiyimiz önəmli məqamlardan biri də Azərbaycana tətbiq edilən "907-ci düzəliş" adlı bədnam sənədin hələ də qüvvədə qalmasıdır. Dövlət katibi bu məsələ ilə bağlı məlumat vermişdir ki, Prezident Barak Obama həmin düzəlişin müvəqqəti aradan qaldırılması ilə məşğuldur. Eyni zamanda, bu məsələ tam həll olunana qədər ABŞ Prezidentinin gündəliyindən çıxarılmayacaqdır. Azərbaycandakı sosial-iqtisadi inkişafın və demokratik dəyərlərin cəmiyyət həyatına daha geniş tətbiq edilməsini yüksək qiymətləndirən diplomat bildirmişdir ki, ABŞ Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərini dəstəkləyir və bu sahədə Azərbaycanla əməkdaşlığa hazırdır.
Hillari Klintonun Azərbaycana səfəri ilə eyni vaxtda reallaşdırılan başqa bir səfər də KİV təmsilçiləri tərəfindən böyük maraqla qarşılanırdı. Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harris Bakıda olarkən qeyd etmişdir ki, Azərbaycan ABŞ üçün regional sabitlik baxımından vacib ölkədir. Onun fikrincə, dövlət katibi Hillari Klintonun Bakı səfəri Birləşmiş Ştatların Azərbaycana verdiyi önəmin göstəricisidir.
Beləliklə, ABŞ dövlət katibinin regionda maraqla gözlənilən səfəri uğurla başa çatdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səfərdən sonra ölkələrimiz arasında əlaqələr uğurla inkişaf etməyə davam edəcəkdir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında