Ziya MƏMMƏDOV: Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, BTQ-dən istifadə edə bilməyəcək

 

 

Fevralın 13-dəTiflisdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin nəqliyyat nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirilmişdir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat konfransında “Şərq Tərəfdaşlığı” layihəsinin üzvləri olan ölkələr iştirak etmişlər.

Konfransı Gürcüstanın sabit inkişaf və iqtisadiyyat naziri Georgi Kvirikaşvili açmışdır. Sonra nəqliyyat nazirləri jurnalistlərin suallarını cavablandırmışlar. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun tikintisi ilə bağlı jurnalistlərə açıqlama vermişdir: “Bu layihə Avropanı Asiya ilə birləşdirəcək. Bu yeni layihədir. Türkiyə ərazisində layihə ilə bağlı böyük işlər aparılır. Bu vacib layihədən sonra biz Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə daha bir böyük layihəni həyata keçirəcəyik. Bu, Londona qədər uzanacaq avtomobil layihəsidir. Bu layihə Amerikanın 100 layihəsindən biri kimi qəbul olunmuşdur. Layihəyə Orta Asiya ölkələri də maraq göstərir”.

Nazir BTQ layihəsinin tikintisinin indiyədək qrafik üzrə aparıldığını bildirmişdir: “İndi qış fəsli olduğundan, mütəxəssislərimiz tikintinin davam etdirilməsi üçün hazırlıq işləri görürlər. Havalar yaxşılaşan kimi dəmiryolunun tikintisi davam edəcək. Layihə ilə bağlı olan problemləri üç ölkənin rəhbərləri həll edirlər. Azərbaycan, Gürcüstan və Türkiyə layihəni dəstəkləyir. Bu gün biz Gürcüstanla Koordinasiya Şurasının iclasını keçirəcəyik. Orada BTQ-nin tikintisinə əlavə büdcəni müəyyənləşdirəcək və sonra maliyyələşmə üçün dövlətə təqdim edəcəyik.”

“BTQ dəmiryolu layihəsinin istifadəyə verilməsindən sonra Ermənistan bu layihədən istifadə edə bilərmi?” sualına Ermənistan nəqliyyat nazirinin müavini Artaş Avetisyan “imkan düşən kimi biz bu dəmiryolunun imkanlarından istifadə edəcəyik” - deyə cavab vermişdir.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Ermənistanın nazir müavininin cavabına belə reaksiya vermişdir: “Bu layihənin tikintisi Azərbaycanın təşəbbüsü və büdcəsi ilə həyata keçirilir. Nə qədər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxlayır və münaqişə həll olunmayıb, biz bu dəmiryolundan Ermənistanın istifadəsinə imkan və razılıq verməyəcəyik. Bu, yalnız hər üç ölkənin razılığı ilə həyata keçirilə bilər”.

Mətbuat konfransında ermənilərin Azərbaycanın işğal olunmuş Xocalı aeroportunu istismara vermək cəhdlərinə münasibət bildirən Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat məsələləri üzrə avrokomissar Siym Kallas Avropa Birliyinin bu məsələ ilə heç bir əlaqəsinin olmadığını demişdir: “Mülki təyyarələrin uçuşu üçün milli dövlət özünün hava məkanından istifadə icazəsi verməlidir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında