Əkrəm Əylislinin “Daş yuxular” romanı cəmiyyət tərəfindən böyük nifrətlə qarşılanıb. Ermənilərin soydaşlarımıza qarşı mütəmadi olaraq həyata keçirdikləri qanlı qırğınlar, dəhşətli terror aktları və işğalçılıq siyasəti beynəlxalq aləmdə də kəskin pislənilir. Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlayan, bir milyondan artıq azərbaycanlını doğma ata - baba torpaqlarından didərgin salan, dünyada analoqu olmayan Xocalı soyqırımı kimi böyük milli faciəni törədən ermənilərin qəddar və qaniçən xalq olması artıq dünya birliyinə yaxşı məlumdur. Belə bir millətin müdafiəsinə qalxan, ermənilərin soyqırımına məruz qaldığını iddia edən və Rusiya mətbuatında “Daş yuxular” adlı antimilli roman dərc etdirən Əkrəm Əylisli haqlı olaraq ictimai lənət obyektinə çevrilib.
Azərbaycanın həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində artıq dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları və Qarabağ həqiqətləri ilə faktlar əsasında məlumatlandırıldığı bir vaxtda Ə.Əylislinin “Daş yuxular” adlı antimilli romanı ermənilərə özlərini təmizə çıxarmaq və beynəlxalq aləmdə Azərbaycanı ittiham etmək üçün fürsət vermişdir. Bir sıra ölkələrin parlamentləri səviyyəsində Xocalı soyqırımının rəsmən tanındığı və bu müsbət tendensiyanın davam etdiyi bir zamanda Ə.Əylislinin xəyanətkar əsərində azərbaycanlıları “erməni qanına susamış vəhşi” obrazında təqdim etməsi, milli-mənəvi dəyərlərimizi aşağılaması, dünyada sülhsevər ölkə kimi tanınan Vətənimizə qara yaxması xəyanətdən başqa bir şey deyil. Azərbaycan ictimaiyyəti, həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımız Ə.Əylislinin “Daş yuxular” romanının əsil milli xəyanət olduğunu bildirirlər. Azərbaycan dövlətinə və xalqına böhtanlar yağdıran nankor yazıçının “Xalq yazıçısı” və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi barədə ölkə başçısının imzaladığı sərəncamlar ictimaiyyətin nümayəndələri tərəfindən böyük razılıqla qarşılanmışdır.
Ə.Əylislinin yazdığı bu roman ermənilərin antitürk təbliğatında əvəzsiz bir əyani vasitəyə çevrilmişdir. O, utanıb - qızarmadan müxtəlif bəhanələr və qarayaxmalarla özünə bəraət qazandırmağa çalışır və “Daş yuxular” adlı antimilli romanı ilə guya “milləti zirvəyə qaldırdığını” iddia etməkdən çəkinmir. Bəs siyasətçilər, partiya funksionerləri bu barədə nə düşünürlər? Onlardan bir neçəsinin fikirlərini oxucuların diqqətinə çatdırırıq:
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı:
- Ataların bir sözü var: “Axsaq atın kor nalbəndi olar”. Əkrəm Əylislini müdafiə edən elə onun tayıdır. Əkrəmi müdafiə eləyənlərə Allah ağıl versin ki, erməni əhval-ruhiyyəsində kitab nəşr etdirən bir şəxsi dəstəkləyirlər. Əkrəmə qarşı bu gün Azərbaycanda hansısa bir təhlükə yoxdur. Ona görə, onu müdafiə etmək anormallıqdır. Onu kimdən və nədən müdafiə edirlər? Əkrəm xalqımıza uzun müddət ziyan vuracaq bir kitab ortaya qoyub. Bu kitabın da primitiv bədii məziyyətləri hamıya bəllidir. Onu müdafiə edənlər gərək o kitabı bir də oxusunlar. Kiminsə bu kitabdan xəbəri olubsa və bu kitabın çap olunmasına rəvac veribsə, onlar elə Əkrəmin tayıdırlar.
Milli Məclisin deputatı Zahid Oruc:
- Eldar Namazovun dəstəsi son hadisələrin gedişində tutduğu mövqeyə görə, özünü cəmiyyətdən təcrid etdi. Bu antimilli dəstə bir tərəfdən insanların rəyini, bütövlükdə milli platformanı dəstəklədiyini vurğulasa da, hadisələrin gedişində onların zərərli mövqeyi, ölkədə sabitliyi pozmaq cəhdləri göstərdi ki, o, ümumxalq platformasına çevrilməyə qadir olmayan qondarma qurumdur. Qeyri-müntəzəmlik, sistemsizlik, ardıcıllığın olmaması da insanların nəzərində çox ciddi problemlər yaradır. Daimi fəaliyyət göstərən bir mexanizmə çevrilə bilməmək o deməkdir ki, onların faydalı iş əmsalı sıfıra bərabərdir. “İctimai Palata” da uzun müddət guya parlamentin alternativi kimi çalışdığını iddia edirdi. Xalqın təsirləri, təzyiqləri fonunda böhtan dolu bir əsərə münasibətdə onlar da reneqat Namazovun dəstəsi ilə eyni dili, leksikonu bölüşürlər. Bu, insanların mövqeləri antimillidir.
Əkrəm Əylisli öz yaxın çevrəsində bu əsəri əvvəldən oxunuşunu təşkil etmiş və ilk prezentasiya Eldar Namazovun dəstəsində keçirilmişdir. Odur ki, “Ziyalılar Forumu”nun və “İctimai Palata” nın bu antitürk və antiazərbaycan ruhlu əsəri ədəbi və bədii cəhətdən bəyənməsi də xalqa xəyanətdir. Məhz onların xeyir-duası ilə “Daş yuxular” əsəri işıq üzü görmüşdür.
Milli Məclisin deputatı Elman Məmmədov:
- Əgər bu gün kimsə Azərbaycan xalqına, dövlətinə düşmən mövqedə duran Əkrəm Əylislini müdafiə edirsə, onun mövqeyi ilə Əylislinin mövqeyində fərq yoxdur. Əgər kimlərsə Azərbaycan torpaqlarını işğal edən, uzun illər boyu azərbaycanlılara və türklərə qarşı soyqırımı, qırğınlar törədən, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salan ermənilərin tərəfində duraraq Əylislini tərifləyib, müdafiə edirlərsə, bu, o deməkdir ki, onun ünvanına deyilən sözlər həm də onu müdafiə edənlərə şamil olunmalıdır.
Milli Məclisin deputatı Jalə Əliyeva:
- Bu əsərə heç bir halda haqq qazandırıla bilməz. Bu, mümkün də deyil. Bu gün Əkrəm Əylislini müdafiə edənlər bununla humanist hisslərdən çıxış etmək istəyirlərsə, yanılırlar. Çünki elə məsələlər var ki, orada humanizm gülünc görünə bilər. Humanizmdən o vaxt danışmaq olar ki, həqiqətən də əsər ali hisslər üzərində qurulmuş olsun. Bir əsərdə ki, illərdən bəri hüquqları tapdalanmış, alçaldılmış, təhqir edilmiş, yurd-yuvalarından qovulmuş bir xalqın əzab-əziyyətlərinin üstündən xətt çəkili, bir çox titulları olan, öz xalqı və dövləti tərəfindən yüksək mükafatlandırılan bir yazıçı öz xalqının bu əzablarının üstündən xətt çəkərək bu bəlaları ona yaşadan tərəfə haqq qazandırırsa, bunun artıq humanizmlə, insanpərvərliklə heç bir əlaqəsi yoxdur. Ə.Əylisinin qələmindən belə bir əsərin çıxmasından çox üzülürəm. İstərdim ki, “İctimai Palata”da toplanan insanlar da ədalətli bir mövqe sərgiləsinlər. Onların ziddiyyətli mövqedə olmaları heç bir ölçüyə sığmır. Ən azından baş verənləri bir daha vərəqləyib, ədalətli mövqe ortaya qoymalıdırlar.
Politoloq Cümşüd Nuriyev:
- “Ziyalılar Formu”nun bəzi üzvlərinin Əkrəm Əylislinin kitabından öncədən məlumatları olub. “İctimai Palata” çıxılmaz bir vəziyyətə düşüb. Bu qurum o günə qalıb ki, erməniləri təbliğ edən, erməni tarixini bir növ Azərbaycanın hesabına zənginləşdirən bir əsərlə bağlı “söz azadlığını dəstəkləmək” məsələsini gündəmə gətirib. Bir tərəfdən bildirirlər ki, bu əsərdəki fikirlər ilə razılaşmırıq, digər tərəfdən isə deyirlər ki, söz azadlığı olmalıdır. Bu “söz azadlığı” onların liderləri olan Əbülfəz Elçibəyi biabırçı şəkildə, açıq mətnlə rüsvay edir. Belə çıxır ki, bu insanlarda mənəviyyat yoxdur. Əgər ölkənin, xalqın apardığı bir hərəkatı Əkrəm Əylislinin qələmə verdiyi kimi qəbul edirlərsə, onda Əkrəm Əylislinin onlar haqqında söylədiyi sözləri də qəbul edirlər. Özünə, nəslinə, xalqına hörməti olan insan Əkrəm Əylislini müdafiə edə, dəstəkləyə bilməz. Onlar da Əkrəm Əylisli kimi erməni dəyirmanına su tökürlər. Onların bu addımının Ermənistan Yazıçılar Birliyinin atdığı addım ilə heç bir fərqi yoxdur. “İctimai Palata”nın öz dövlətinə, xalqına hörməti yoxdur. Əksinə, ermənilərə yarınmaqla məşğuldurlar.
Vəhdət Partiyasının sədri Tahir Kərimli:
- Əkrəm Əylislinin “Daş yuxular” əsəri bir neçə adama göndərilibmiş. “İctimai Palata”nın böyük bir hissəsinin öncədən bu kitabdan xəbəri və məlumatı olub. Qeyd edim ki, bu kitab hissə-hissə tərtib olunub və yazılan zaman “İctimai Palata”dakı insanlarla məsləhətləşmələr aparılıb. Çünki həmin insanlar Əkrəm Əylislinin dostlarıdır. “İctimai Palata”nın xalqı aşağılayan bu insanı müdafiə etməsi bir daha göstərir ki, bu qurum qeyri-səmimi bir qurumdur.
ASDP sədri Araz Əlizadə:
- Əkrəm Əylislini müdafiə edənlər gözləyirlər ki, onlara “əhsən” desinlər. Çünki Əkrəm Əylisli də bu əsəri yazanda elə bilirdi ki, ona “əhsən” deyəcəklər. Onu müdafiə edənlər pul güdürlər. Çünki bu cür məsələlərlə bağlı hər hansı müdafiə komitəsi yaradılanda onu xaricdən maliyyələşdirməyə başlayırlar. Necə ki, o əsərin yazılmasında pul əsas idi, onun müdafiəsində də pul əsasdır.
Göründüyü kimi, ziyalılar, politoloqlar, deputatlar və ictimaiyyətin digər nümayəndələri erməni vəhşiliyini, terrorunu, qəddarlığını ört - basdır etməyə çalışan Əkrəm Əylislini lənətləyirlər. Bu antimilli romandan iki il əvvəl məlumatlı olan reneqat Eldar Namazovun dəstəsinin və İctimai Palata adlı qeyri - formal qurumun təsisçilərinin bu biabrçılığı ört - basdır etmələri, əksinə romanın çapı üçün canfəşanlıq göstərmələri Əkrəm Əylislinin erməni sevgisini daha da artırıb. Bütün bunlardan sonra belə qənaətə gəlmək olur ki, “Daş yuxular” romanı ermənipərəst qüvvələrin həmrəyliyini ortaya qoydu.
Təqdim etdi: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.