Azərbaycan parlament nümayəndə heyəti Pakistanda səfərdə olmuşdur

 

 

Xəbər verdiyimiz kimi Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 11-12-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) birinci iclasında iştirak etmək üçün Pakistanda səfərdə olmuşdur.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə deputatlar Əliağa Hüseynov, İlham Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.

Əvvəlcə toplantıda iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri İƏT PA-nın təsis sənədini imzalamışlar. Sonra təsis konfransında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan altı ölkənin parlament rəhbərləri və bu təşkilatın baş katibi Şamil Ələsgərov çıxış etmişlər. Çıxışlarda qarşılıqlı münasibətlərin inkişafı, üzv ölkələrin üzləşdiyi problemlər, regional münaqişələrin birlikdə həlli məsələləri diqqət mərkəzində olmuşdur.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxışında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana daim dəstək olmağın vacibliyini qeyd etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov İƏT PA-nın təsis edilməsini yüksək qiymətləndirmiş və əmin olduğunu bildirmişdir ki, əsası qoyulan yeni beynəlxalq qurum ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafına, dövlətlərimiz arasında siyasi və iqtisadi əlaqələrin dərinləşməsinə, bölgəmizin zəngin potensialının gerçəkləşməsinə kömək göstərəcəkdir. O.Əsədov qeyd etmişdir ki, bu gün bəşəriyyət böyük sınaqlar və problemlər qarşısındadır. Bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. Başqa sözlə desək, dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmamışdır. Müasir dünyanın dinamik inkişafı həyatın bir çox sahələrində hərtərəfli inteqrasiya ilə sıx bağlıdır.

Bütün bunlar beynəlxalq əməkdaşlığın mühüm bir formatını təşkil edən parlament diplomatiyasının roluna yeni məzmun verir. Ənənəvi diplomatiya mexanizmlərini tamamlayıb zənginləşdirən parlament diplomatiyası dövlətlər və xalqlar arasında dialoqun demokratik forumu və əməkdaşlığın səmərəli vasitəsi olduğunu artıq sübuta yetirmişdir. Bu baxımdan 10 dövləti birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin parlament ölçüsünün yaradılması çox böyük əhəmiyyətə malik olan siyasi hadisədir. Azərbaycan tərəfi olaraq biz İƏT PA-nın fəaliyyətinə böyük ümidlər bəsləyirik. Əminik ki, yeni Parlament Assambleyası açıq və konstruktiv dialoq və müzakirələr üçün faydalı, əhəmiyyətli bir forum rolunu oynayacaq, sülh, sabitlik, sosial-iqtisadi rifah kimi ümumi maraqlarımızın təşviq və təmin edilməsinə xidmət göstərəcəkdir.

Oqtay Əsədov vurğulamışdır ki, yeni yaradılan Parlament Assambleyası bölgəmizdə mövcud olan dondurulmuş münaqişələrdən çıxış yollarının axtarılmasına da səmərəli xidmət etməlidir. Bu mənada 20 ildən çox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə nizama salınması, yəni Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, daimi yaşayış yerlərindən zorla qovulmuş 1 milyon Azərbaycan vətəndaşının doğma yurdlarına qaytarılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi regional əməkdaşlığın inkişafı üçün tamamilə yeni perspektivlər açacaqdır.  

Sonra İslamabad şəhərində keçirilən İƏT PA-nın birinci ümumi yığıncağında tövsiyə xarakterli qərarlar qəbul edilmiş, təşkilatı məsələlərə baxılmışdır.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun toplantıda iştirak edən bir sıra parlamentlərin rəhbərləri ilə görüşləri olmuşdur. Pakistan İslam Respublikası Senatının sədri Seyid Nəyyar Hüseyn Buxari, Milli Assambleyasının sədri xanım Fehmida Mirzə, İran İslam Respublikası Parlamentinin sədri Əli Laricani və Pakistan İslam Respublikası Milli Assambleyasının sədr müavini Feysəl Kərim Kundi ilə görüşlərdə yeni təsis olunan İƏT PA-nın fəaliyyəti və perspektivləri, ölkələrimiz arasında o cümlədən, parlamentlərimiz arasında münasibətlərin və əlaqələrin daha da genişləndirilməsi, inkişaf etdirilməsi eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Bununla da Azərbaycan Parlament nümayəndə heyətinin Pakistana səfəri başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında