Reneqat Eldar Namazovun qaragüruhçu dəstəsi “Daş yuxular”ı iki il bundan qabaq bəyənibmiş

 

 

Xalqın ermənipərəst yazıçıya etirazı İctimai Palatanın bəyanatında  “təqib, xüsusilə qaragüruhçu, səviyyəsiz divantutma çağırışları” adlandırıldı 

Əkrəm Əylislinin  “Daş yuxular” romanı millətinə, dövlətinə, xalqına xəyanətdən başqa bir şey deyil. Bu roman dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən də hiddətlə qarşılanıb. Ə.Əylislinin ermənilərə olan sevgisini bu roman vasitəsilə açıq şəkildə büruzə verməsi onun tərəfdarları tərəfindən  sıradan bir bədii əsər kimi təqdim edilsə də, əsl   reallıq ondan ibarətdir ki,  burada onun erməni sevgisi, Zori Balayanın “OCAQ”ındakından daha qabarıq və daha rəngarəng təsvir edilib.

Zori Balayanın erməni sevgisi başadüşüləndir və erməni yazıçısından başqa münasibət gözləmək də sadəlövhlükdür.  Amma Azərbaycanın çörəyini yeyib suyunu içən, qoynunda rahat yaşayan, bütün problem və qayğılardan uzaq olan, hər cür şəraiti olan, dövlət tərəfindən tam təmin olunan bir adamın öz millətinə xəyanət etməsi, ermənilərin müdafiəsinə qalxması xalqın haqlı narazılığına səbəb olub. Axı, Əkrəm Əylisi və ona haqq qazandıranlar da ermənilərin zaman - zaman Azərbaycan xalqına qarşı törətdikləri soyqırımından və dəhşətli terror aktlarından xəbərdardırlar. Bu gün ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılmasını dünyanın əksər ölkələri və mötəbər beynəlxalq təşkilatlar da təsdiqləyirlər. Bunu bilə - bilə və görə - görə erməniləri “zavallı”, “təzyiqə” və “soyqırımına məruz qalan”  xalq kimi qələmə verənə  azərbaycanlı demək ən böyük günah olardı. Əkrəm Əylisli belə bir nankorluq etdi.

Ə.Əylislinin bu nankorluğuna, milli xəyanətkarlığına haqq qazandıranlar, xalqın belə bir antimilli yazıçıya nifrətini bildirməsini ona  qarşı təqib və hücum adlandıranlar da var. Bu fikirdə olanlar  Ə.Əylislinin erməni sevgisinə şərik olanlardır. İctimai Palata adlı qondarma qurumun bu günlərdə yaydığı bəyanatda “Daş yuxular”a haqq qazandırılması və ermənilərin müdafiəsinə qalxmış romanın müəllifinə xalq etirazını  dayandırmaq bir tələb kimi irəli sürülüb. Yeri gəlmişkən, qeyd edək ki, İctimai Palatanın üzvləri  “Daş yuxular” romanından iki il əvvəl məlumatlı imiş. 2010 -  cu ildə   reneqat Eldar Namazovun qaragüruhcu dəstəsinin Koordinasiya Şurası Əkrəm Əylislinin “Daş yuxular” romanını müzakirə etmiş, bəyənmiş və “əsər” az tirajla çap edilərək xüsusi adamlara paylanılıb. Bu barədə məlumat verən  mənbənin deməsinə görə, həmin kitabdan İctimai Palatanın üzvlərinə də paylanıb. “Daş yuxular”ın   da yer aldığı “Möhtəşəm tıxac” adlı trilogiya hələ iki il əvvəl  dərc olunubmuş. Bildirilir ki,  “Daş yuxular” həmin kitabdakı ikinci romandır. Kitaba daxil olan birinci roman “Yəmən”, üçüncü isə “Möhtəşəm tıxac” adlanır.

Rəy üçün kitab verilən insanların böyük əksəriyyəti  reneqat Eldar Namazovun dəstəsi  və Ziyalılar Forumunun üzvləri olublar. Eldar Namazov riyakarlıqla  bu  romanın Moskvada nəşr olunmasını təklif edib. Məhz bundan sonra  Ə.Əylisli  romanı  “Drujba narodov” jurnalına təqdim edib. Reneqat Eldar Namazov və onun dəstəsinin üzvlərinin “Daş yuxular”a haqq qazandırmaları onların ermənilərə olan sevgilərindən xəbər verir. 

 İki il əvvəl bu məsələdən xəbərdar olan İctimai Palatanın üzvləri də  Ə.Əylislinin milli xəyanətkarlığı və  ermənilərə olan məhəbbəti  barədə ictimaiyyəti məlumatlandırmayıblar. Xalqına, elinə - obasına məhəbbəti olan hər bir kəs bu romandan xəbərdar olan kimi dərhal  ciddi etirazını bildirməli və bunun araya - ərsəyə gəlməsinin qarşısını almalı idi. Ancaq İctimai Palatanın təsisçiləri olan AXCP və Müsavat Partiyasının rəhbərləri hakimiyyətə gəlmək yolunda bu romandan öz məqsədləri üçün istifadə etməyi qərarlaşdırmış və romanın  milli- mənəvi dəyərlərimizə, xalqımızın adına böyük ləkə olduğunu qulaqardına vurmuşlar.  Həmin qurumun bu günlərdə yaydığı bəyanatdan da əsərə olan hüsn - rəğbəti açıq şəkildə özünü büruzə verir. İctimai Palatanın Koordinasiya Şurasının iclasında “Daş yuxular” romanı  müzakirə olunub və  bəyanat  da qəbul olunub. Həmişə antimilli, anti - Azərbaycan mövqedə olan İctimai Palata bu dəfə də öz xislətini ortaya qoyub. Qurumun üzvləri  ermənilərin müdafiəsinə qalxmış Ə.Əylisliyə qarşı xalqın  haqlı etirtazını, nifrətini pisləmiş, bunun hakimiyyət tərəfindən təşkil olunduğunu bildirmişlər.

Bəyanatda  qeyd edilir  ki,  “...Yazıçıya qarşı təşkil olunan kampaniyanı pisləyirik. Evinin qarşısında təşkil olunan piketlər də müasir dövrün tələblərinə cavab vermir”.

İctimai Palatanın  “Daş yuxular”la bağlı bəyanatında daha sonra  bildirilir ki, “ Əkrəm Əylislinin Azərbaycan-erməni münasibətləri mövzusunda qələmə aldığı romanı cəmiyyətdə təpki ilə qarşılanıb, kəskin neqativ rəy və hərəkətlərə səbəb olub.Yazıçının özü və ailəsi isə həm də rəsmi hakimiyyətin repressiyası ilə üzləşib. İctimai Palata hər kəs kimi, Əkrəm Əylislinin də ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeydsiz-şərtsiz tanıyır. Bunları qeyd etməklə, İctimai Palata əsər ictimailəşdikdən sonra Ə.Əylisliyə və ailəsinə qarşı təqibləri, xüsusilə qaragüruhçu, səviyyəsiz divantutma çağırışlarını yolverilməz hesab edir və pisləyir”.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov  da  təmsil olunduğu partiyanın mövqeyini əks etdirərək  bildirib ki,   belə bir romanın yazılması və Moskvada nəşr olunması o demək deyil ki, Əkrəm Əylisli xalq düşməni elan olunmalı və gündəm bununla dəyişməlidir. O qeyd edib ki, AXCP yaxın günlərdə partiya olaraq məsələyə münasibət bildirəcək və Ə.Əylisliyə qarşı hücumların qarşısını alacaq.

Belə düşüncə sahiblərinin azərbaycanlı olmaları adamda təəssüf doğurur. Antimilli mövqedə olan belələri hələ də xalqın etiraz səsini təqib hesab edirlər. Çünki onları ölkəmizin, xalqımızın taleyindən çox, hakimiyyətə gəlmək maraqlandırır. Həm  İctimai Palata üzlərinin, həm də reneqat Eldar Namazovun dəstəsinin ermənilərlə sıx əməkdaşlığı, hakimiyyətə gəlmək yolunda onlardan kömək ummaları barədə kifayət qədər məlumatlar var. Ona görə də Əkrəm Əylislinin erməniləri müdafiə edən romanı belələri tərəfindən haqsız olaraq sanfəşanlaqla müdafiə olunur. Yoxsa, erməni lobbisinin  yardım və ianələrindən əlləri çıxar. Məhz buna görə də “Daş yuxular” romanı həm İctimai Palatanın, həm də Eldar Namazovun dəstəsinin seçki manifesti hesab olunur.

Azərbaycanlıları təhqir edən, aşağılayan , erməniləri isə mədəni, insaflı və məzlum xalq kimi təqdim edən “Daş yuxular”a  və onun müəllifinə haqq qazandıranlar ermənilər, bir də bu qəddar, zalım və qaniçən millətə sevgisi olanlardır. Təəssüf ki, belələri arasında İctimai Palata adlı qondarma qurumun bəzi üzvləri, reneqat Eldar Namazov və onun dəstəsində olan nankorlar da var. Elə buna görə də belə simasız ünsürlər “Daş yuxular” adlı cəfəngiyyata görə Əkrəm Əylisli ilə birgə məsuliyyət daşıyırlar. Xalq belələrini lənətləyir.

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında