“Əsrin müqaviləsi” neft sənayesinin inkişafı üçün nə dərəcədə əhəmiyyətli idisə, ilk milli peyk də qeyri-neft sənayesinin inkişafı üçün bir o qədər mühüm rol oynayacaqdır

 

 

“1994-cü ildə ulu öndər Heydər Əliyevin qətiyyəti, əzmi, iradəsi və uzaqgörənliyi sayəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesinin inkişafı üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etmişdisə, ilk milli peykin orbitə buraxılması da ölkəmizin qeyri-neft sənayesinin inkişafı üçün bir o qədər mühüm rol oynayacaqdır”.

Bu sözləri  Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov “Azərspace-1” peykinin orbitə buraxılmasını şərh edərkən demişdir.

Diplomat bildirmişdir ki, Azərbaycan ilk milli “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması ilə kosmik fəzada peyki olan məhdud sayda ölkələr qrupuna daxil oldu. Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədə müvafiq olaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan gəlirlər gələcəkdə neft gəlirlərini üstələyəcəkdir. Bu, Azərbaycanın orbitə çıxaracağı son peyki deyildir və qarşıdakı illərdə orbitə çıxarılacaq peyklərimizin sayı artacaqdır. O zaman Azərbaycan iqtisadiyyatının gələcəyinə nikbinliklə baxmaq olar. Layihənin özəlliyi ondan ibarətdir ki, bu, intellektual layihədir, eyni zamanda, beynəlxalq əməkdaşlığın nəticəsidir. Bu layihə azərbaycanlı mütəxəssislərin ABŞ, Fransa və malayziyalı həmkarları ilə əməkdaşlığının məhsuludur.

Səfir Tahir Kərimov Malayziyanın bu sahədəki təcrübəsinə toxunaraq demişdir ki, 1992-ci ildə ölkənin sabiq baş naziri və “Malayziya möcüzəsi”nin yaradıcısı Məhəmməd Mahathirin təşəbbüsü ilə kosmik sənaye sahəsində layihələr həyata keçirilməyə başlananda hökumət bu qərara görə həm daxildən, həm də xaricdən kəskin tənqid olunmuşdu. Həmin dövrdə Malayziyada cəmi 3 televiziya kanalı fəaliyyət göstərirdi. Küçələrdə avtomobilin görünməsi belə maraq doğuran hadisə idi. Tənqidçilər peyk buraxılışının nə dərəcədə lazımlı olduğunu şübhə altına alırdılar. Hesab edilirdi ki, Malayziyanın həllini gözləyən kifayət qədər problemləri vardır və peykə xərclənən vəsait digər məqsədlər üçün sərf olunsa daha yaxşı olar. Lakin M.Mahathirin qətiyyəti və ciddi səyləri ilə 1996-cı ildə bu ölkənin ilk peyki orbitə çıxarıldı. Hazırda  Malayziyanın orbitdə 4 süni peyki vardır. Beləliklə, ilk peykə xərclənən vəsait nəinki geri qayıtdı, hətta əldə olunan vəsait iqtisadiyyatın digər sahələrinə də yönəldilərək Malayziya iqtisadiyyatının çoxşaxəli inkişafına əsaslı töhfə verdi.

Azərbaycanın ilk peykinin orbitə çıxarılması da layihəyə çəkilən xərclərin cəmi 7 ildən sonra tamamilə qarşılanmasını nəzərdə tutur. Peykin orbitdə istismar müddəti isə ən azı 15 il hesablanır. Bu isə layihənin Azərbaycan büdcəsinə ildə ən az 30-40 milyonluq mənfəət gətirməsi deməkdir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq edən Malayziyanın MEASAT şirkətindən verilən məlumata əsasən, artıq “Azərspace-1” peykinin potensial istifadəçiləri ilə kommersiya razılaşmaları müzakirə olunur. Peykin fəaliyyətinə nəzarət edəcək üç məntəqədən biri də məhz Malayziyada yerləşir. Digər iki məntəqə isə Azərbaycanda yerləşir. Xüsusilə vurğulanmalıdır ki, ehtiyat idarəetmə mərkəzinin Naxçıvan Muxtar Respublikasında yerləşməsi regionların inkişafı konsepsiyasının tərkib hissəsidir.

Şahin CƏFƏROV,
AzərTAc-ın xüsusi müxbiri
Kuala Lumpur


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında