Azərbaycanın ən böyük humanitar problemi qaçqın və məcburi köçkün problemidir

 

 

Azərbaycanın News.az xəbər portalına müsahibəsində Münaqişələr və Dövlətçiliklə bağlı London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoru Dennis Sammut Minsk prosesinin fəaliyyətsizliyini qəbul edərək, danışıqlar prosesinin uğursuzluğunda münaqişənin hər iki tərəfini günahlandırmışdır. Lakin bu problemdə Azərbaycan tərəfinin günahını soruşduqda o, sualla cavab verməkdə çətinlik çəkmişdir.

AzərTAc-ın Almaniya üzrə xüsusi müxbiri V.Seyidov Dennis Sammutun müsahibəsində ikili standartlardan yanaşmaq mövqeyi ilə bağlı ilk Azərbaycan-Amerika onlayn qəzeti “The AzeriTribune”də “Azərbaycanın ən böyük humanitar problemi qaçqın və məcburi köçkün problemidir” sərlövhəli məqalə ilə çıxış etmişdir.

Müəllif yazır: “Əslində 20 ildən artıqdır ki, rəsmi Bakı Ermənistanın BMT-nin, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, NATO-nun, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının qətnamələrinə, həmçinin ayrı-ayrı dövlətlərin parlamentlərinin və dünya liderlərinin çağırışlarına əməl etməyini gözləyir. Dəyişdirilmiş Madrid prinsiplərini qəbul edən və gələcəkdə Dağlıq Qarabağ ərazisində yaşayan bütün əhaliyə seçkilərdə iştirak etmək hüququnun verilməsi ilə razılaşan tərəf də məhz Bakı idi. Ermənistan isə Madrid prinsiplərini rədd edir və əksinə Dağlıq Qarabağ ərazisinə başqa yerlərdən gətirilmiş erməniləri yerləşdirir və əvvəllər bir ermənin belə yaşamadığı yeddi Azərbaycan rayonunda erməni məskənləri salırlar.

Bununla belə, rəsmi Bakı heç vaxt bu məsələni qaldırmamışdır. Halbuki o da azərbaycanlı qaçqınların Ermənistandakı yurd-yuvalarına qayıtmasına və ermənilərin Dağlıq Qarabağda yaratmaq istədiyi kimi qoşa muxtariyyətin yaranmasına nail ola bilərdi. Bu zaman belə bir sual yaranır ki, niyə Ermənistandan çıxarılan azərbaycanlıların Ermənistana qayıtması və qoşa muxtariyyət istəməsi mümkün görünmədiyi təqdirdə ermənilər Azərbaycan ərazisində yaşamağa davam edir və öz muxtariyyətlərini ən yüksək səviyyədə tələb edirlər? Yəqin ki, hər iki tərəfin bərabər günahkar olduğunu deyən cənab Sammut bunu izah edə bilər.

Bundan əlavə, aeroportun açılması kontekstində izolyasiyanı rədd edən Sammut haqlı olaraq qeyd edir ki, “Dağlıq Qarabağdakı ermənilər mühasirə altında yaşayan icma vəziyyətindədirlər və bu vəziyyət də sülh mühitinin yaranmasına kömək etmir”. Qarabağ ermənilərinin hisslərindən danışmaq və Qarabağ azərbaycanlılarının 20 ildən artıq bir müddətdə qaçqın və məcburi köçkün şəraitində yaşaması və öz evlərinə qayıtmaq hüququnun tamamilə rədd olunması kimi acınacaqlı vəziyyət barədə bir kəlmə belə deməmək münaqişə barədə məlumatı olmayan xarici müşahidəçilərə 20 illik tarixi olan problemin mürəkkəbliyini anlamağa kömək etmir. Bütün bunlarla bərabər soruşmaq lazımdır: Hansı daha pisdir: Dağlıq Qarabağ erməniləri kimi aeroportdan uzaqda olsa da öz evində rahat yaşamaq, yoxsa 20 ildir ki, ata-baba yurdlarından qovulan Qarabağ azərbaycanlıları kimi beynəlxalq aeroporta yaxın yerlərdə məcburi köçkün kimi yaşamaq? 

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti beynəlxalq ictimaiyyət tərəfindən anlaşılmayana qədər ümumilikdə münaqişənin mahiyyətini başa düşmək və ona son qoymaq mümkün deyildir.

Son olaraq, cənab Sammut “aeroportun açılması məsələsinə humanitar nöqteyi-nəzərdən yanaşmağı”, onun “beynəlxalq nəzarət altında fəaliyyət göstərməyini” və “yalnız mülki uçuşlar üçün nəzərdə tutulduğu” iddialarını dəstəkləyir. Əgər humanitar mövqedən yanaşsaq, Dağlıq Qarabağ münaqişəsi zəminində ən böyük humanitar problem məhz qaçqın və məcburi köçkünlər problemidir. Tərəflərdən yalnız birinin hisslərini və qayğılarını nəzərə almaqla problemi həll etmək olmaz. Humanitar diqqətin miqyasını yalnız aeroport probleminə yönəltməkdənsə, çünki bunun azərbaycanlı əhalini Dağlıq Qarabağa köçürülməsindən əvvəl həyata keçməsi o deməkdir ki, bu məsələdən bəhrələnən yalnız Qarabağ erməniləri olacaq və iki icma arasında ciddi fərq yaranacaq, bu humanitar diqqəti bütün Dağlıq Qarabağ ərazisinə yönəltmək və eyni beynəlxalq nəzarət altında bölgənin qədim sakinləri olan azərbaycanlıları oraya qaytarmaq daha ədalətli olardı. Bunlar həyata keçdikdən sonra isə aeroport da daxil olmaqla bütün kommunikasiyalar yenidən açıla və mülki məqsədlə istifadəyə verilə bilər. Nəticədə hər iki icma bundan yararlanar. Dağlıq Qarabağda qoşa icma strukturunu yaratmazdan əvvəl və ya yaratmadan aeroportun istifadəyə verilməsi Dağlıq Qarabağın statusu ilə bağlı Ermənistanın mövqeyinin daha da gücləndirməyə xidmət edəcək və onların siyasi qələbəsi hesab olunacaqdır.

Doğrudan da, humanizmin bir aeroportun bir insan həyatından daha önəmli və uçmaq hüququnun öz evində yaşamaq hüququndan daha vacib olduğu fikrini anlamaq çətin olduğu kimi, onu qəbul etmək daha çətindir”.

Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında