Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yeni binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, son illər Naxçıvanın tarixinin, arxeologiya və etnoqrafiyasının, mədəniyyətinin və təbii sərvətlərinin öyrənilməsi ciddi tədqiqatların predmetinə çevrilmiş, yeni elmi istiqamətlər müəyyənləşdirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisindəki tarixi abidələr tədqiq olunaraq pasportlaşdırılmış, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmiş, elmi simpoziumlar və konfranslar keçirilmişdir.
Görülən işlər naxçıvanşünaslıq istiqamətində də yeni imkanlar açmış, bu sahədə konkret elmi nəticələr qazanılmışdır. Naxçıvanşünaslıq Mərkəzinin yaradılması elm, tədqiqat və təhsil müəssisələri arasında səmərəli əmkdaşlığın qurulmasında, elmi-tədqiqat işlərinin aparılmasında, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaqdır. Akademik İsmayıl Hacıyev yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikasının elmi ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin açılışına əlamətdar və tarixi bir gündə - Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 89-cu ildönümü günündə toplaşmışıq. Belə bir gündə Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi muxtariyyət tariximizlə yanaşı, bu qədim Azərbaycan torpağının digər tarixi mərhələlərinin də öyrənilməsinə, tədqiq və təbliğ olunmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına göstərilən diqqətin ifadəsidir.
Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 89-cu ildönümü və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi münasibəti ilə kollektivi və muxtar respublika əhalisini təbrik edərək demişdir: 89 il bundan əvvəl yaradılmış Naxçıvan Muxtar Respublikası mühüm tarixi missiyanı yerinə yetirmişdir. Onlardan biri də muxtar respublikaya aid ərazinin, bununla birlikdə isə minilliklər boyu Azərbaycan türkləri tərəfindən bu ərazidə yaradılmış zəngin maddi və milli dəyərlərin qorunmasıdır. Əgər bu dəyərlər qorunmasaydı, biz indi nəinki Naxçıvanın qədim tarixindən, heç müasir və ən müasir tarixindən də danışa bilməzdik.
Naxçıvan böyük bir tarixi keçmişə malikdir. Bu tarix Sovetlər Birliyi dövründə lazımi səviyyədə öyrənilməmiş, bir sıra ciddi elmi və nəzəri səhvlərə yol verilmişdir. Ulu öndər Heydər Əliyevin istər Azərbaycana rəhbərliyinin birinci, istərsə də ikinci dövründə xalqımızın tarixinin, mədəniyyətinin və milli dəyərlər sisteminin elmi dəlil və arqumentlər əsasında yenidən öyrənilməsinə başlanmışdır. Müstəqillik dövründə Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti vahid elmi konsepsiya baxımından öyrənilmiş, buna uyğun olaraq Azərbaycanşünaslıq və onun tərkib hissəsi kimi naxçıvanşünaslıq da elmi istiqamət kimi müəyyənləşmişdir.
Ali Məclisin sədri demişdir ki, elmi sahə kimi naxçıvanşünaslığın öyrənilməsinə 1996-cı ildən başlanmışdır. Həmin ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumu naxçıvanşünaslığın öyrənilməsində yeni mərhələ təşkil etmişdir. Bundan ötən illər ərzində Naxçıvan tarixinin müxtəlif mərhələlərinin, ələlxüsus da qədim dövr tarixinin öyrənilməsinə dair 50-dən çox beynəlxalq elmi forum, konfrans və simpozium keçirilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisində 800-dən artıq yeni tarixi abidə tapılmış, ümumilikdə, 1200-dən çox tarix və mədəniyyət abidəsi pasportlaşdırılaraq onların dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmişdir. Bununla yanaşı, uzun müddət öyrənilməsinə qadağa qoyulmuş Nuh peyğəmbər və Naxçıvan bağlılığı yenidən elmi tədqiqatların gündəliyinə çıxarılmış, qədim daşüstü yazılar, yurd yerləri, beş minillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiq olunmuşdur.
“Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində Naxçıvanın tarixinə dair 50-yə yaxın ziddiyyətli məzmuna və istiqamətə malik kitab və ya broşura hazırlanmışdırsa, 1996-cı ildən ötən dövr ərzində naxçıvanşünaslığa dair hazırlanan monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsaitlərinin sayı mini keçmişdir”, – deyən Ali Məclisin sədri bildirmişdir ki, əldə olunan kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılması, tədqiq və təbliğ edilməsi Naxçıvanşünaslıqla məşğul olan ayrıca bir mərkəzin yaradılmasını zərurətə çevirmişdir. Bu zərurət əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2011-ci il 17 fevral tarixli sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, eletron kitabxana və elektron arxiv yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvan tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir” – fikrini xatırladan Ali Məclisin sədri ulu öndərimizin müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində kollektivə və tədbir iştirakçılarına uğurlar arzulamışdır.
Bina ilə tanışlıqdan sonra tədbirdə iştirak edən Naxçıvan ziyalılarının bir qrupu ilə görüşən Ali Məclisin sədri qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvanın həm də mühüm bir elmi-tədqiqat mərkəzi olduğunu bildirərək demişdir ki, Naxçıvan tarixinin öyrənilməsi və tədqiqi bütövlükdə Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi deməkdir.
Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyətə başlamasını ölkəmizin ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirən ziyalılar göstərilən diqqət və qayğıya, onların fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitə görə öz minnətdarlıqlarını bildirmişlər.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.