“Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir və BMT Nizamnaməsini əsas tutaraq bəyan edirik ki, güc yolu ilə torpaqların tutulması yolverilməzdir”. Bu tələb İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin rəhbərlərinin Qahirədə keçirilən İslam Sammiti Konfransının yekununda qəbul olunmuş sənəddə öz əksini tapmışdır.
Sənəddə həmçinin BMT-nin Ermənistan Silahlı Qüvvələrinin tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan çıxarılmasını nəzərdə tutan 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl olunması tələb edilir: “Biz münaqişənin suverenlik, ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının toxunulmazlığı çərçivəsində həll olunmasına çağırırıq. Biz Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş torpaqlarında mədəni və İslam irsinin dağıdılmasına, məcburi demoqrafik dəyişikliyə, şəxsi mülkiyyət hüququnun pozulmasına, qanunsuz iqtisadi fəaliyyətə təəssüf edirik və üzv ölkələri onların fiziki və hüquqi şəxslərinin bu qeyri-leqal fəaliyyətlərə cəlb olunmasının qarşısını almağa çağırırıq. Biz bir daha Azərbaycan Respublikasının, BMT Baş Assambleyası çərçivəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək cəhdlərinə özümüzün prinsipial dəstəyimizi bəyan edirik”.
Bu sənədin qəbul olunduğu İslam Sammiti Konfransı Misirin paytaxtı Qahirə şəhərində keçirilmişdir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət başçıları “Xocalıya Ədalət” kampaniyasına tam dəstək vermişlər. Təşkilatın ali orqanı olan və İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransının 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci sessiyası Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanımışdır.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Qahirə Sammitində iştirak edən nümayəndəsi Elməddin Mehdiyev bildirmişdir ki, sözügedən qərar Zirvə Görüşünün Yekun Kommunikesində bütün üzv ölkələrin konsensusu əsasında qəbul olunmuşdur.
İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə bas koordinatoru Leyla Əliyeva tərəfindən təsis edilmiş “Xocalıya Ədalət” beynəlxalq kampaniyası sözugedən Kommunikenin “Humanitar məsələlər” bəndində 57 ölkənin dövlət başçıları tərəfindən dəstəklənmişdir. Həmin bənddə “1992-ci ilin fevralında Ermənistan Republikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam soyqırımı və insanlığa qarşı cinayət” adlandırılır, üzv dövlətlər “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının fəaliyyətində aktiv iştirak etməyə, milli və beynəlxalq səviyyədə bu soyqırımı aktının insanlığa qarşı cinayət kimi tanınmasına hər vasitə ilə yardım göstərməyə çağırılır.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun İstanbul ofisinin əməkdaşı Elməddin Mehdiyev sənədin əhəmiyyətini xüsusi vurğulamışdır: “2008-ci ilin mayında Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan kampaniya Xocalıda baş verənlər haqqında dünya ictimaiyyətinin məlumatlandırılması və hadisəyə dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymət verilməsi məqsədi ilə keçirilir. Bu baxımdan, faciənin mühüm beynəlxalq sənədlərdə öz əksini tapması və tanınması kampaniyanın fəaliyyət istiqamətlərindən biridir”.
Qeyd edək ki, Xocalı faciəsi 2012-ci ilin noyabrında Cibutidə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında da insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmışdır. 2013-cü ilin yanvarında Sudanın paytaxtı Xartum şəhərində keçirilən İƏT Parlamentlər İttifaqı Konfransının 8-ci sessiyası da forumun hazırladığı qətnamə əsasında faciəni insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qəbul etmişdir.
Zirvə görüşündə qərarın qəbul olunması zamanı Azərbaycan XİN-in nümayəndə heyəti ilə yanaşı Türkiyə, Misir, Küveyt və Pakistan nümayəndələri xüsusi fəallıq göstərmişlər.
“Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il, mayın 8-də Şuşanın işğalının ildönümü günündə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür və indiyə qədər dünyanın 35-dən çox ölkəsi tərəfindən dəstək qazanmışdır
Samirə ƏLİYEVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.