İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının fövqəladə konfransında Azərbaycan da təmsil olunmuşdur

İyunun 30-da Suriya Ərəb Respublikasının paytaxtı Dəməşq şəhərində İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) fövqəladə konfransı keçirilmişdır.
Əlliyə yaxın ölkənin parlament nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi Milli Məclisin deputatı, Azərbaycan parlamentinin İKT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva təmsil etmişdir.
Yaxın Şərq probleminə həsr olunmuş konfransın açılışında İKT Pİ-nin fəaliyyətdə olan sədri, İndoneziya parlamentinin spikeri Marzuki Alie, Suriya parlamentinin spikeri Mahmud əl-Əbraş, təşkilatın baş katibi Mahmud Erol Kılıc (Türkiyə) çıxış etmişlər.
Çıxışlarda Qəzzə bölgəsində 1,5 milyon fələstinlinin blokadası qınanılmış və bütün dünya ölkələrinin İsrailin təcavüzünə son qoyulması üçün lazımi addımlar atmasının vacibliyi vurğulanmışdır.
Azərbaycan parlamentinin İKT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva iclasda çıxış edərək, son iyirmi ildə xalqımızın qarşılaşdığı əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu xatırlatmış, 1 milyondan çox azərbaycanlının öz ata-baba yurdundan qovulduğunu, erməni işğalının xalqımıza sağalmaz maddi və mənəvi yaralar vurduğunu demişdir. İşğal nəticəsində torpaqlarımızda çoxsaylı maddi mədəniyyət nümunələrinin, mədəni abidələrin dağıdıldığı qeyd edilmiş, bu vandalizmin təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün islam aləminə qarşı yönəldiyi vurğulanmışdır.
Erməni terrorçularının Azərbaycan ərazilərini terror təşkilatlarının fəaliyyət meydanına çevirdiyini deyən G.Baxşəliyeva, 30 terror əməliyyatı nəticəsində Azərbaycanda 2 mindən çox insanın həlak olduğunu xatırlatmışdır. Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi barədə BMT Təhlükəsizlik Şurasının və digər mötəbər beynəlxalq təşkilatların, o cümlədən İslam Konfransı Təşkilatının çoxsaylı qərar və qətnamələrini qulaqardına vurduğunu diqqətə çatdıran G.Baxşəliyeva qeyd etmişdir ki, Fələstin və Azərbaycan xalqlarının pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq səyləri daha da artırmaq, İKT-yə üzv dövlətlərin islam həmrəyliyini daha da gücləndirmək lazımdır.
Konfransda Dəməşq bəyannaməsi müzakirə edilərək qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında