Məşhur amerikalı ekspert: Azərbaycan həqiqətən öz gələcəyi barədə düşünən ölkədir, Ermənistan isə keçmişdə qalıb

 

 

Dünyada Azərbaycanın əhəmiyyəti artır. ABŞ-ın Con Hopkins Universitetinin Transatlantik Münasibətlər Mərkəzinin baş elmi əməkdaşı, Dövlət Departamentinin və Milli Təhlükəsizlik Şurasının sabiq yüksək rütbəli məmuru Devid Merkel belə hesab edir.

“Azərbaycanla münasibətlər Vaşinqton üçün çox vacib məsələdir. Eyni ilə bunu Brüssel, Berlin və London haqqında da demək olar”, – deyə Merkel Trend-ə müsahibəsində bildirmişdir.

Ekspertin fikrincə, Azərbaycanla ABŞ arasında münasibətlər 2011-ci ildən bəri xeyli yaxşılaşmışdır: “Bu münasibətlər bundan əvvəlki bir neçə illə müqayisədə daha yaxşı olmuşdur. Görəsən, NATO 2014-cü ildən sonra Qırğızıstandakı “Manas” bazası vasitəsilə qoşunları və avadanlıqları Əfqanıstandan çıxara biləcəkmi? Yeri gəlmişkən, Azərbaycan həqiqətən də NATO ölkələrinin etibar edə biləcəyi stabil tərəfdaş ola bilər”.

Qeyd edək ki, sonralar tranzit mərkəz adlandırılan “Manas” aviabazası 2001-ci ilin sonlarında, ABŞ-ın Əfqanıstanda öz əməliyyatlarına başlamasından sonra açılmışdır. Hazırda orada 1200-ə yaxın Amerika əsgəri var. Qırğızıstanda Amerika aviabazasının yerləşdirilməsi haqqında saziş 2014-cü ilədək qüvvədədir. Qırğızıstan hakimiyyətinin məlumatına görə, baza sazişin müddəti başa çatdıqdan sonra bağlanacaq.

Merkel daha sonra bildirmişdir ki, Azərbaycan Əfqanıstandakı əməliyyatlarda və NATO qoşunlarının bu ölkədən çıxarılmasından sonra da ABŞ-ın çox vacib müttəfiqi olacaq.

Devid Merkel hesab edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır: “Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi böyük diqqət tələb edir. Kazanda görüşün keçirildiyi andan son 18 ay ərzində heç nə dəyişməyib. Hesab edirəm ki, biz Minsk qrupunun bu prosesdə irəliləyişə nail olunmasında qeyri-səmərəli təşkilat olduğunu etiraf etməliyik. Və hesab edirəm ki, real nəticələrə nail olmaq üçün ABŞ münaqişənin nizamlanması məsələsində öz üzərinə liderlik rolu götürməlidir”.

Merkelin sözlərinə görə, ABŞ-ın bu məsələdə iştirakı münaqişənin dinc yolla həllini sürətləndirməyə imkan verər. O, tərəfləri vəziyyəti gərginləşdirən və zorakılığa səbəb ola biləcək istənilən hərəkətlərdən qaçmağa çağırmış, Xocalı aeroportunun açılmasına münasibətini açıqlamışdır: “Aeroportun açılması barədə təklif Çikaqo Konvensiyasına ziddir. Bu aeroportun açılmasının zəruriliyi barədə təqdim olunan səbəblər əslində heç bir tənqidə tab gətirmir”.

Amerikalı ekspert qeyd etmişdir ki, münaqişənin həll olunmaması bütövlükdə regionun inkişafını ləngidir. Azərbaycanda vəziyyətin Ermənistandakından qat-qat yaxşı olduğunu vurğulayan Merkel demişdir: “Azərbaycanda aktiv fəaliyyət həyata keçirilir. Azərbaycan həqiqətən öz gələcəyi barədə düşünən ölkədir, Ermənistan isə keçmişdə qalıb”.

Ekspertin fikrincə, Azərbaycanın öz qazını Avropaya nəqli barədə qərarı hər iki tərəfin xeyrinə olacaq. Lakin Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionunun başqa ölkələrinin roluna qiymət vermək hələ tezdir: “Biz hələ də başqa Xəzəryanı dövlətlərin - Türkmənistanın və Qazaxıstanın Avropaya qaz satacaqlarını bilmirik”. Merkel Orta Asiya qazının Avropaya deyil, Çinə və cənuba, o cümlədən Pakistan və Hindistana tədarük ediləcəyini istisna etməmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında