Azərbaycan dinamik inkişaf edir və dünyanın bütün ölkələri ilə hərtərəfli əlaqələr qurmaqda maraqlıdır

Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyəti iyulun 5-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Milli Məclisin sədri Amerika Yəhudi Komitəsi nümayəndə heyətinin səfərinin əhəmiyyətini vurğulayaraq demişdir ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlarla səmərəli əməkdaşlıq edir. Hər iki dövlət rəsmilərinin qarşılıqlı səfərləri münasibətlərimizin daha da dərinləşməsinə təkan verir.
Parlamentin sədri Amerika Yəhudi Komitəsinin ABŞ-dakı Azərbaycan diasporuna dəstəyini məmnunluqla qeyd etmişdir. Qonaqların nəzərinə çatdırılmışdır ki, Azərbaycanda yaşayan yəhudilər ölkənin tamhüquqlu vətəndaşı kimi Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir, qədim dövrlərdən burada azad və rahat yaşayırlar. İsrail isə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.
Müstəqillik dövründə qazanılmış nailiyyətlərimizdən danışan Milli Məclisin sədri bildirmişdir ki, Azərbaycan dinamik inkişaf edir, dünyanın bütün ölkələri ilə hərtərəfli əlaqələr qurmaqda maraqlıdır və bölgənin inkişafında mühüm rolu vardır. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapmaması bölgənin təhlükəsizliyinə və inkişafına əngəl yaradır.
Xoş sözlərə və qonaqpərvərliyə görə, minnətdarlığını bildirən Devid Allan Harris ölkəmizə son səfərindən ötən iki ildə Azərbaycanda çox böyük dəyişikliklər müşahidə etdiyini vurğulamış, bu inkişafın sevindirici, iftixar doğuran hal olduğunu qeyd etmişdir. Amerikanın qlobal maliyyə böhranı ilə üzləşdiyi bir dövrdə Azərbaycanın imza atdığı uğurların qürur doğurduğunu demişdir. O, ölkəmizdəki yəhudi icmasının yaşayışından və tolerantlıqdan razılığını ifadə etmişdir. Qonaq bildirmişdir ki, Azərbaycan hər cəhətdən ABŞ üçün vacib ölkədir. Bütün sahələrdə ABŞ-Azərbaycan əlaqələri sevindiricidir.
Söhbət zamanı diaspor təşkilatlarımızın birgə əməkdaşlığı, ikitərəfli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Yevda Abramov və digər rəsmi şəxslər iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında