İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə qəbul edilmişdir

 

“Ermənistan Respublikasının  Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Q Ə T N A M Ə

 

21-22 yanvar 2013-cü il

Xartum, Sudan Respublikası

İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin  Parlament İttifaqının 21-22 yanvar 2013-cü ildə Sudan Respublikasının Xartum şəhərində keçirilmiş 8-ci Sessiyası

İslam Əməkdaşlığı Təşkilatının Nizamnaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək;

Azərbaycanın ərazisinin 20 faizindən artıq hissəsinin işğalı ilə nəticələnən Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzündən dərin narahatlıq hissi keçirdiyini ifadə edərək;

Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün durumu və bu humanitar problemlərin miqyası və ciddilik dərəcəsindən olduqca mütəəssir olaraq;

Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycanın cəbhə xəttində məskunlaşmış mülki əhalisi arasında uşaq və qadınlar da daxil olmaqla insan itkiləri və yaralanma hallarından narahatlığını bildirərək;

Müvafiq keçmiş qətnamələri, xüsusən də 13-14 mart 2008-ci il tarixində Seneqal Respublikasının paytaxtı Dakar şəhərində keçirilən İslam Sammiti Konfransının 11-ci Sessiyası tərəfindən qəbul edilən 10/11-P(İS) saylı qətnaməni yenidən təsdiq edərək;

BMT Nizamnaməsinə ciddi şəkildə riayət olunması və Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinin bütünlüklə yerinə yetirilməsində israrlı olaraq;

Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə yönələn bütün diplomatik və digər səyləri alqışlayaraq;

Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək öhdəliyini bir daha təsdiqləyərək;

Həmçinin Ermənistan Respublikasının təcavüz siyasətinin  ATƏT çərçivəsindəki sülh proseslərinə dağıdıcı təsirini qeyd edərək:

1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü qəti pisləyir;

2. İşğal olunmuş Azərbaycan ərazilərində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməlləri insanlıq əleyhinə cinayət kimi dəyərləndirir;

3. İşğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin talanını və dağıdılmasını qəti pisləyir;

4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin icra edilməsini və Dağlıq Qarabağ ərazisi də daxil olmaqla, Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edir və Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etməsində israr edir;

5. Yuxarıda qeyd edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulan tələblərin Ermənistan tərəfindən hələ də icra olunmamasından narahat olduğunu bildirir;

6. Təcavüzkarı münaqişənin gələcək eskalasiyası imkanından və Azərbaycan ərazilərini işğal altında saxlamağa davam etməkdən məhrum etmək üçün bütün dövlətləri Ermənistanı hər hansı silah və hərbi sursatla təmin etməkdən çəkinməyə çağırır, üzv dövlətlərin ərazisi bu cür təchizatın tranziti üçün istifadəf edilməməlidir;

7. Üzv dövlətləri, həmçinin beynəlxalq ictimaiyyətin digər üzvlərini erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə tələb olunan belə səmərəli siyasi və iqtisadi vasitələrdən istifadə etməyə, bununla əlaqədar olaraq Ermənistan Respublikası ərazisində iqtisadi fəaliyyətdən, Ermənistan Respublikasında iqtisadi, sənaye, maliyyə və digər sahələrə investisiya qoyuluşundan çəkinməyə və Ermənistan Respublikası ilə ümumi əməkdaşlığı məhdudlaşdırmağa çağırır;

8. İƏT-ə üzv dövlətlərdən öz milli və hüquqi qurumlarının Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində iqtisadi, turizm və digər fəaliyyətlərə cəlb olunmasına imkan verməməyi xahiş edir;

9. Fait accompli - baş vermiş faktın münaqişənin həlli üçün əsas ola bilməyəcəyini və nə Azərbaycan Respublikasının işğal olunmuş əraziləri çərçivəsində cari vəziyyətin, nə də səsvermə prosesinin təşkili daxil olmaqla status-kvonun möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin hüquqi qüvvəyə malik olmadığını vurğulayır;

10. Ermənistan və Azərbaycan arasında mövcud olan silahlı münaqişənin dövlətlərin ərazi toxunulmazlığı və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında ədalətli və sülh yolu ilə həll olunmasına çağırır;

11. Ermənistan və Azərbaycan mövcud olan silahlı münaqişənin həllinə dair 1996-cı il ATƏT-in Lissabon Sammitində ATƏT sədrinin verdiyi bəyanatda əks olunmuş 3 prinsipə - Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi toxunulmazlığı, Dağlıq Qarabağ regionunun Azərbaycan daxilində ən yüksək statuslu muxtariyyəti və bu regionun və onun əhalisinin təhlükəsizliyinin təminatı prinsiplərinə tam dəstəyini ifadə edir;

12. Ermənistan və ATƏT-in Minsk qrupunun bütün üzv dövlətlərini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in müvafiq qərar və sənədləri əsasında ATƏT-in yürütdüyü sülh proseslərinə konstruktiv şəkildə qatılmağa çağırır;

13. Erməni millətindən olan əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmələrinin qarşısını almağı və dayandırmağı tələb edir, belə ki, bu köçürmələr beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edilir və bu, münaqişənin sülh yolu ilə həll olunması prosesinə zərər vura biləcək təsirə malikdir və üzv dövlətləri Azərbaycan tərəfindən bu məqsədlə həyata keçirilən səyləri, habelə BMT-nin Baş Məclisində və o cümlədən BMT-nin Nyu-Yorkdakı daimi nümayəndəliyi vasitəsilə həyata keçirilən fəaliyyəti dəstəkləməyə çağırır;

14. Azərbaycan ilə tam həmrəy olduğunu və Azərbaycan hökuməti və xalqının ölkəni müdafiə etmək məqsədilə həyata keçirdiyi səyləri dəstəklədiyini bildirir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz, şərəf və ləyaqətlə qayıtmalarına imkan yaratmağa çağırır;

15. Üzv dövlətləri 1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş soyqırımı tanımağa, faciənin 20-ci ildönümü olan 2012-ci ildən başlayaraq bu cinayəti törədənləri cəzalandırmaq məqsədilə ədalət məhkəməsinə cəlb olunması üçün digər mühüm tədbirləri görməyə çağırır”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında