Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

 

 

Fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov və Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev müzakirə olunan məsələ ilə əlaqədar məlumat vermişlər.

Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: – Hər bir ölkədə, regionda görülmüş işlərin nəticəsi makroiqtisadi sabitliyi təmin edən iqtisadi artımla müəyyənləşir. Bu baxımdan, hər il olduğu kimi,     2012-ci ildə də muxtar respublikada ümumi daxili məhsulun həcmində artım təmin olunmuş, sənaye və digər istehsal sahələrinin inkişafına diqqət artırılmışdır. Bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmış, yerli xammaldan istifadəyə əsaslanan yeni istehsal və xidmət sahələri işə salınmışdır. Nəticədə, muxtar respublikanın idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalmış, iqtisadiyyatın daxili resurslar hesabına ixracyönümlü inkişaf xətti götürməsi təmin edilmişdir. İstifadəyə verilmiş onlarca təhsil, səhiyyə, mədəniyyət obyektləri, dünya standartları səviyyəsində çəkilmiş yollar iqtisadi tərəqqinin mühüm göstəricilərindəndir. Əldə olunmuş nəticələr arxayınlaşmaq üçün əsas vermir. Bu nəticələrin daha da yaxşılaşdırılması üçün fəaliyyət gücləndirilməli, bəzi sahələrdə buraxılmış nöqsan və çatışmazlıqlar aradan qaldırılmalıdır.

Ali Məclisin sədri ötən il işdə buraxılmış nöqsanlara toxunaraq demişdir ki, müvafiq tapşırıqların verilməsinə baxmayaraq, daxili bazarın qorunması və yerli istehsalın inkişafı sahəsində imkanlardan hələ də tam istifadə olunmur. Muxtar respublikada iqtisadi inkişafın nəticəsi olaraq əhalinin gəlirləri artır. Bu, təbii haldır. Lakin yol vermək olmaz ki, gəlirlərin həcmində müşahidə olunan artım istehlak bazarında qiymətlərin də heç bir səbəb olmadan artması ilə nəticələnsin.

İstehlakçıların elektrik enerjisi və təbii qazdan səmərəli və düzgün istifadəsinə lazımi səviyyədə nəzarət olunmur. Pərakəndə çəkilmiş elektrik dirəkləri və xətləri vaxtında dəyişdirilmir, xətlərə toxunan ağacların budanması davamlı təşkil olunmur. İstər rayon mərkəzlərində, istərsə də qəsəbə və kəndlərdə nizam-intizam aşağı səviyyədədir. Yeni tikilən inzibati binaların saxlanma vəziyyəti qənaətbəxş deyil. Şəhər və rayon mərkəzlərində təmir olunmayan çoxmərtəbəli yaşayış binalarında blokların qapı və pəncərələri, həmçinin dam örtüklərinin bir çoxunun nasaz vəziyyətdə olması qış mövsümünə hazırlığın yerlərdə aşağı səviyyədə təşkil olunduğunu göstərir.

“Qeyd olunan nöqsan və çatışmazlıqlar aidiyyəti qurumların məsuliyyət hissinin artırılmasını tələb edir. Qarşıdakı dövr ərzində istər mərkəzi, istərsə də yerli icra hakimiyyətləri işə münasibəti kökündən dəyişməlidirlər”,-deyən Ali Məclisin sədri aidiyyatı orqanlara konkret tapşırıqlar verərək bildirmişdir ki, muxtar respublika büdcəsinin həcminin ildən-ilə artması nəzərə alınaraq Maliyyə Nazirliyi və onun yerli qurumları büdcə vəsaitinin təyinatına uyğun və səmərəli istifadəsinə nəzarəti artırmalı, debitor borcların yaranmasının qarşısını almalı, qanunsuz xərclərə yol verməməlidirlər. İqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən və mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması təmin olunmalıdır.

Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi üçün də konkret vəzifələr müəyyənləşdirmişdir. Qeyd olunmuşdur ki, daxili bazarın xarici amillərin təsirindən qorunmasında yerli istehsalın inkişafının xüsusi rolu nəzərə alınaraq yerli xammaldan istifadə əsasında fəaliyyət göstərən və satış bazarı olan yeni müəssisələrin yaradılması İqtisadi İnkişaf Nazirliyi tərəfindən bundan sonra da daim diqqət mərkəzində saxlanmalı, daxili bazarda süni qiymət artımının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin təsirliliyi artırılmalıdır.

Ali Məclisin sədri qeyd etmişdir ki, həyata keçirilən islahatların nəticəsi olaraq kənd təsərrüfatı məhsulları istehsalında hər il artım müşahidə olunur. İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri qiymət artımına yol verməmək üçün istehsal olunmuş məhsulların yarmarkalar vasitəsi ilə birbaşa istehsalçılar tərəfindən satışını davam etdirməlidirlər. Soyuducu anbarlarda məhsulların saxlanmasının normativ qaydalara uyğunluğunun təmin edilməsi, eləcə də mövsüm ərzində tələbatdan artıq məhsulun anbarlara cəlb olunması üçün İqtisadi İnkişaf Nazirliyi öz fəaliyyətini gücləndirməlidir.

Müşavirədə bildirilmişdir ki, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi torpaqların şoranlaşmasının qarşısını almaq üçün meliorativ tədbirləri davam etdirməli, yerli icra hakimiyyətləri ilə birlikdə suvarma suyundan səmərəli istifadəni daim nəzarətdə saxlamalıdır. Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları yaradılmış şəraitdən düzgün istifadə etməli, profilaktiki tədbirləri gücləndirməli, xəstəliklərin qarşısının alınması, heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməli, süni mayalanmanın üstün cəhətlərinin təbliği, mal-qaranın, xüsusilə gətirilmiş damazlıq cins mal-qaranın saxlanılma şərtləri ilə bağlı əhali arasında maarifləndirmə tədbirləri aparmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatına yararsız və ya azyararlı torpaq sahələrində meşə və qoruyucu meşə zolaqlarının salınmasını diqqət mərkəzində saxlamalı, meşə fondundan səmərəli istifadə olunması, onun qorunması və bərpası ilə bağlı tədbirləri daha da gücləndirməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi muxtar respublikada həyata keçirilən tikinti-abadlıq işlərində keyfiyyət amilinə nəzarəti artırmalı, tikinti sektorunda bədbəxt hadisələrin qarşısının alınması üçün işçilər arasında texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırmanın təşkilini, işçilərin fərdi və xüsusi mühafizə vasitələri ilə təchiz olunmasını nəzarətdə saxlamalıdır.

Son illər geniş vüsət alan quruculuq tədbirlərinin əsas tərkib hissəsindən birinin də magistral və yerli əhəmiyyətli yolların yenidən qurulması və bərpası olduğunu bildirən Ali Məclisin sədri demişdir ki, müasir tələblər səviyyəsində inşa olunan yollar əhalinin rahat gediş-gəlişi üçün imkanlar yaratmış, bununla yanaşı, ucqar kəndlərimizin iqtisadi inkişafına da müsbət təsir göstərmişdir. Nəqliyyat Nazirliyi muxtar respublikanın bütün yaşayış məntəqələrinə gediş-gəlişi təmin etmək məqsədilə yeni marşrutların yaradılmasını diqqət mərkəzində saxlamalı, yerli icra hakimiyyətləri ilə birlikdə, xüsusən qış aylarında bütün marşrutların vaxtlı-vaxtında hərəkətini təmin etməlidir.

Müşavirədə prioritet sahə olan təhsilin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanmış, Təhsil Nazirliyinin qarşısında konkret vəzifələr qoyulmuşdur. Ali Məclisin sədri qeyd etmişdir ki, muxtar respublikada təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə Təhsil Nazirliyi ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalı istifadəni təmin etməli, dərs zamanı müasir əyani vasitələrin tətbiqi üçün müvafiq tədbirlər həyata keçirməlidir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə tapşırılmışdır ki, müvafiq qurumlarla birlikdə iş yerlərində, bazarlarda, kommunal və ictimai xidmət obyektlərində sanitar-gigiyena qaydalarının tətbiqinə nəzarəti artırsın. Səhiyyə müəssisələrində əmək intizamına, tibbi heyətin ixtisasartırma kurslarına göndərilməsinə ciddi əməl olunsun. Tibb müəssisələrində quraşdırılan müasir avadanlıqların öyrənilməsi və qorunmasına, vaxtlı-vaxtında servis xidmətinin təşkilinə nəzarət olunsun, dezinfeksiya işlərinin aparılması təmin edilsin.

Ali Məclisin sədri daha sonra demişdir: – Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlara nəzarət etməli, mədəniyyət müəssisələrinin, klub və kitabxanaların fəaliyyətində ciddi dönüş yaratmalıdır. İnsanların intellektual səviyyəsinin artırılması, təhlil aparmaq qabiliyyətinin formalaşdırılması üçün hər zaman ehtiyac duyduğu vasitələrdən biri olan kitab oxumaq və mütaliə mədəniyyətini artırmağın ən sadə yolu kitabxanaların xidmətindən istifadədir.

Ali Məclisin sədri qeyd etmişdir ki, muxtar respublikada hər il onlarca yeni müəssisə istifadəyə verilir, yeni iş yerləri açılır, əhalinin məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülür. Buna uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu özəl sektorda fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə tam şəkildə cəlb olunması üçün tədbirlərin ardıcıllığını və nəticəli olmasını təmin etməlidir.

Hüquqi maarifləndirmə işinin səviyyəsinin artırılması, vətəndaşların hüquq və vəzifələrinin izah olunmasında yaxından iştirak edilməsi muxtar respublikanın məhkəmə və prokurorluq orqanlarına tapşırılmışdır.

Ali Məclisin sədri qarşıya qoyulmuş vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayaraq demişdir ki, muxtar respublikanın inkişafı bizim hər birimizi düşündürməli, hər bir sahədə məsuliyyət hissi artırılmalı, Heydər Əliyev ilində daha da səylə çalışmalıyıq.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında