Milli Məclisin 2013-cü il yaz sessiyası öz işinə başlamışdır

 

 

Fevralın 1-də Milli Məclisin 2013-cü il yaz sessiyası öz işinə başlamışdır. Milli Məclisin sədri Oqtay Əsədov sessiyanın ilk iclasını açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Sonra Milli Məclisin sədri yaz sessiyasının başlanması  münasibətilə deputatları təbrik etmiş, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulamışdır. 

Parlamentin sədri bildirmişdir ki, bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirilmişdir. Sessiyada anti-Azərbaycan qüvvələr tərəfindən “Azərbaycanda siyasi məhbuslar” adlı məruzə təqdim edilmişdi. Əminliklə demək istəyirəm ki, Prezident İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti bu dəfə də onlara öz məqsədlərinə nail olmağa imkan verməmiş və bu məruzə AŞPA tərəfindən rədd edilmişdir. Bu münasibətlə mən Milli Məclis adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Eyni zamanda, nümayəndə heyətimizə fəal və məhsuldar işinə görə təşəkkür edirəm.

Sədr diqqətə çatdırmışdır ki, yaz sessiyasında deputatları gərgin və maraqlı iş gözləyir. Bu sessiyada digər qanun layihələri ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılacaqdır.

Yaz sessiyasının iclaslarında Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun illik məruzələri də dinləniləcəkdir. 

Milli Məclisin sədri parlamentin yaz sessiyasının da yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etmişdir.

Sonra sədr iclasın gündəliyi barədə məlumat verərək bildirmişdir ki, gündəliyə 12 qanun layihəsi daxil edilmişdir. Gündəliyin təsdiqindən sonra cari məsələlərə baxılmışdır.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Əli Hüseynli bu qurumun qış sessiyasında görülən işlər barədə deputatlara ətraflı məlumat vermişdir. Əli Hüseynli demişdir ki, avropalı deputatlar almaniyalı deputat Ştrasserin hazırladığı “Azərbaycanda siyasi məhbuslar” adlı məruzənin Avropa üçün də nə qədər təhlükəli olduğunu başa düşürdülər və buna görə də sənədin əleyhinə çıxış etdilər. Bu məruzənin qəbul olunmaması Azərbaycan dövlətinin nə qədər güclü olduğunu bir daha göstərmişdir.

Komitə sədri demişdir ki, sessiyada həmməruzəçilərin təqdim etdiyi digər bir məruzədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv məlumatların əksini tapması, həmməruzəçilərin çıxışlarında Ermənistanın hərbi yolla Azərbaycan torpaqlarını işğal etməsi və nəticədə bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi faktını səsləndirməsi erməniləri və onların havadarlarını təşvişə salmışdır. 

Cari məsələlərin müzakirəsi zamanı deputatların toxunduqları digər əsas məsələ isə son günlər ictimaiyyəti narahat edən yazıçı Əkrəm Əylislinin “Drujba narodov” jurnalında çap olunan “Daş yuxular” romanına etiraz olmuşdur. Milli Məclisin üzvləri bu əsərin erməni ideologiyasına və separatizminə xidmət etdiyini bildirmişlər. Onlar yazıçının bu əsərini Azərbaycan dövlətinə və xalqına qarşı xəyanət kimi qiymətləndirmişlər.

Daha sonra gündəlikdəki qanun layihələrinə baxılmış, Milli Məclisin intizam və hesablayıcı komissiyaları yenidən təşkil olunmuşdur.

Yaz sessiyasının ilk iclasında “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Saziş və “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə” məsələ də səsə qoyularaq təsdiqlənmişdir. Bildirilmişdir ki, bu sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına xidmət edir.

Bundan başqa, iclasda İnzibati Xətalar Məcəlləsinə, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” və “Patent haqqında” qanunlara dəyişikliklər olunmuşdur. Bildirilmişdir ki, bu dəyişikliklər qanunlarımızın daha da təkmilləşməsinə və Avropa standartlarına uyğunlaşdırılmasına xidmət edəcəkdir.

Bununla da Milli Məclisin yaz sessiyasının ilk iclası başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında