Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

 

 

Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  bütün dövrlərdə həmişə gəncliyin qüvvəsini, potensialını yüksək qiymətləndirmiş, bu sahəyə daim xüsusi diqqət və qayğı bəsləmiş, gənclərin fiziki və mənəvi cəhətdən sağlam, hərətərəfli biliyə malik olmaları üçün hər cür şərait yaratmışdır. Hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev gənclərimizin keçmiş SSRİ - nin ən qabaqcıl və tanınmış təhsil ocaqlarında təhsillərini davam etdirməsi üçün bütün imkanlardan istifadə etmişdir. Həmin dövrdə minlərlə gəncimiz müxtəlif peşələrə yiyələnərək respublikamızın inkişafına öz töhfələrini vermişlər. Bu, ulu öndərin uzaqgörən siyasətinin bariz nümunəsi idi.

Azərbaycanda müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meylləri öz əksini tapmışdı. Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin işlənib hazırlanması zərurətini ortaya atdı. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlandı.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi  ilk illərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Ulu öndər deyirdi:" Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən  və uşaqlarından asılıdır".

 Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini zəruri məsələlərdən biri  hesab etmiş və bu məqsədlə  1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması barədə sərəncam imzalamışdır. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.  Bir il sonra  fevralın 2-də  müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etdi.

 1997-ci il  fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə  çıxış edərək  gənclərə müraciətində demişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.”

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət gənclər siyasəti haqqında” fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilir. “Dövlət gənclər siyasəti haqqında” fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Fərmana müvafiq olaraq ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2002-ci il  aprelin 9-da  Heydər Əliyev tərəfindən imzalanmışdır. Bu qanunda gənclər siyasətinin əsas istiqamətləri  gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı,gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yardımı və gənclər təşkilatlarına dövlət yardımı  kimi müəyyənləşdirilmişdir.

Ulu öndərin daxili və xarici siyasətini siyasi uzaqgörənliklə davam etdirən möhtərm Prezidentimiz İlham Əliyev Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, beynəlxalq aləmə inteqrasiyası və dünya birliyində fəal  iştirakının təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasını daim diqqət mərkəzində saxlayır. Gənclərin   məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə ölkə başçısının  2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı  gənclərə dövlət qayğısının artırılması istiqamətində qətiyyətli addım idi. Bu əhəmiyyətli sənəddə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir. Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir.

Gənclər siyasətinin daha da təkmilləşdirilməsinin təmin edilməsi,  gənclərin yaradıcılıq potensialının aşkara çıxarılması və  reallaşdırılması üçün lazımi şəraitin yaradılması,  gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, xüsusi istedadlı gənclərin seçilməsi və onlarla müvafiq tədbirlərin həyata keçirilməsi qarşıya qoyulmuş prioritet vəzifələrdəndir. “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini istiqamətləndirmiş və gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaratmışdır.

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, beynəlxalq tədbirlərdə fəal təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Fakt üçün bidiririk ki, 2008-2011-ci illərdə dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil etmişdir. Azərbaycan gənclər təşkilatlarının beynəlxalq təşkilatlarla əməkdaşlığı istiqamətində də mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsi olaraq  son illər gənclər təşkilatlarımız  11 beynəlxalq təşkilata üzv qəbul edilmişdir.

Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirmək və gənclərimizin nüfuzlu beynəlxalq tədbirlərdə iştirakını təmin etmək istiqamətində həyat keçirilən tədbirlərdən biri də  Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis  olunmasıdır. Birliyin təsis qurultayı 2012-ci il martın 12-də  Bakıda keçirilmişdir. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Sözügedən birlik, öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir.

Dünya Azərbaycanlı Gənclər Birliyinin başlıca məqsədi Azərbaycan Respublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır. Bundan əlavə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Respublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır. Ölkədən kənarda təhsil almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil etmək, gənc kadrlar bazasının təşkili, xarici ölkələrdə  yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə işinin təşkil edilməsi,  azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə inteqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata keçirmək, habelə bu cür layihələrin həyata keçirilməsinə dəstək vermək birliyin qarşıya qoyduğu əsas vəzifələrdəndir.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur.  Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20- dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, onların sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və digər məsələlər kifayət qədər aktualdır.

Bakıda Gənclər Mərkəzinin, regionlarda isə gənclər evlərinin inşa edilməsi üçün müvafiq addımlar atılmışdır. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda gənclər evi tikilməsi üçün layihələr təsdiq olunmuşdur.  Yaxın 2-3 ildə isə daha 15 gənclər evi inşa olunacaq.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində  Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq olunması ilə əlaqədar  sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Bütün bunlarda əsas məqsəd   gənclər siyasətini daha da inkişaf etdirmək,  gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllinin təmin olunmasıdır.  Artıq ölkəmizdə  dövlət gənclər siyasətinin yeni mərhələsi başlanmışdır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına  şərait yaradacaqdır. 

 Respublikamızın son illərdə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər bütün vətənpərvər azərbaycanlılar kimi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə də qürur hissi doğurur. Dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilən ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilmişdir.  Təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında gəncliyin də özünəməxsus yeri və rolu vardır. Eyni zamanda respublikanın artan siyasi və iqtisadi imkanları gənc nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılmasına, müasir düşüncə tərzi, universal dünyagörüşü, dərin intellektə malik kadr potensialının formalaşdırılmasına yönəlmiş layihələrin də həyata keçirilməsinə öz təsirini göstərir.

Azərbaycan gənclərinin qarşısında böyük perspektivlər açılmışdır. Azərbaycan gəncliyi bu gün hər addımda öz arxasında qüdrətli bir dövlətin dayandığını hiss etməkdədir. Bu da  gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, özünə inamının artmasına, gələcəyə daha optimist nəzərlərlə baxmasına stimul yaradır.

Bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanmaqdadır. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırımı aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir. Onu da qeyd edək ki, gənclərimiz bu sahədə artıq qətiyyətli addımlar atmış, Ermənistanın  terror təşkilatlarının zaman - zaman azərbaycanlılara qarşı törətdikləri soqırımı barəsində dünya ictimaiyyətinə mükəmməl məlumat vermişlər. “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu kampaniya  çərçivəsində Xocalı soyqırımı haqqında  əsl həqiqətlərin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması istiqamətində həyata keçirilən tədbirlər böyük vüsət almışdır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Bu kampaniyanın getdikcə daha geniş vüsət almasının nəticəsidir ki, bu gün bir neçə dövlət  Xocalı qətliamını azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanımışdır.

Hazırda  gənclərimizin daha mötəbər beynəlxalq tədbirlərdə iştirakı və ölkəmiz haqqında əsil həqiqətlərin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Dövlətimizin başçısı tərəfindən təsdiqlənmiş dövlət proqramları qarşıya çox mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi gənclərimizin dünya birliyinə inteqrasiyasında və onların səsinin daha yüksək tribunalardan eşidilməsində mühüm rol oynayacaq.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında