Azərbaycan ilə Gürcüstan arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Yanvarın 28-də Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında (ARDDA) Gürcüstanın Dəniz Administrasiyasının rəhbəri Mamuka Akhaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. ARDDA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə administrasiyanın rəisi Qüdrət Qurbanov son vaxtlar iki ölkə arasında bütün sahələrdə olduğu kimi, dəniz nəqliyyatı sahəsində əməkdaşlıq istiqamətində də əldə edilmiş uğurlardan danışmış, bu əlaqələrin gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəyinə əmin olduğunu söyləmişdir.

Dövlət Dəniz Administrasiyasının struktur tərkibində yaradılmış dünya okeanlarında üzən gəmilərin Uzaq Məsafədən Tanınması və İzlənilməsi üzrə Milli Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verən ARDDA-nın rəisi Q.Qurbanov bildirmişdir ki, bu qurum respublikamızın qoşulduğu “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədi ilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq məhz Azərbaycanda yaradılmışdır. Qeyd olunmuşdur ki, Milli Mərkəz geniş texniki imkanlara malikdir və ən müasir avadanlıqla təmin edilmişdir. Təkcə Xəzəryanı ölkələrdən deyil, habelə digər regionlarda yerləşən dövlətlərin hökumətləri adından da öz bayraqları altında üzən gəmilərin hərəkətlərinin izlənilməsinin geniş imkanlara malik olan Milli Mərkəzə həvalə edilməsi ilə bağlı müraciətlər daxil olmaqdadır.

Q.Qurbanov Azərbaycan Respublikasının ilk milli süni peyki “AzerSpase-1"in yaxın günlərdə orbitə çıxarılacağını və həmin vaxtdan etibarən gəmilərin təhlükəsiz hərəkətinin izlənilməsinin müstəqil olaraq milli peykimiz vasitəsilə həyata keçiriləcəyini, bununla da bütün sahələrdə olduğu kimi, dəniz nəqliyyatı sahəsində də daha bir uğura nail olunacağını xüsusilə vurğulamışdır.

Gürcüstan Dəniz Administrasiyasının rəhbəri Mamuka Akhaladze Azərbaycanın bütün sahələrdə olduğu kimi dəniz nəqliyyatı sahəsində də əldə etdiyi uğurları yüksək qiymətləndirərək, son vaxtlar iki ölkə arasında əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə etmişdir. ARDDA-nın beynəlxalq səviyyədə qazandığı nailiyyətləri, eləcə də administrasiyanın fəaliyyətinin yüksək səviyyədə təşkilini xüsusi vurğulayan qonaq, bu təcrübənin Gürcüstan Dəniz Administrasiyasında da tətbiq ediləcəyini bildirmişdir.

M.Akhaladze ARDDA-nın tərkibində fəaliyyət göstərən dünya okeanlarında üzən gəmilərin Uzaq Məsafədən Tanınması və İzlənilməsi üzrə Milli Mərkəzin müasir texniki imkanlara malik avadanlıqla təchiz edildiyini qeyd etmiş və belə bir mərkəzin ölkəsində olmadığını nəzərə alaraq, Gürcüstanın dövlət bayrağı altında üzən gəmilərin hərəkətinin izlənilməsini Milli Mərkəz tərəfindən həyata keçirilməsini xahiş etmişdir.

Müzakirələrdən sonra Milli Mərkəz tərəfindən Gürcüstan bayrağı altında üzən gəmilərin hərəkətinin izlənilməsinin həyata keçirilməsi barədə müvafiq müqavilə imzalanmışdır.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak etmişdir.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında