Bu adamlara Tanrının “ bəxş etdiyi” kəramətdir ki, özlərinin hansısa xeyri olub-olmayacağının fərqinə varmadan özgənin itirdiyinə sevinirlər. Bu da bu sayaq xəstəlikdir. Allah hamını sağlam yarada bilmir ki. Üstəlik, bizim müxalifətin özünün qazandığı xəstəliklər də az deyil.
Ən başlıcası, bu adamlar 18-20 illik həyatlarındakı məğlubiyyətlərdən dərs almaq kimi qabiliyyətdən də məhrumdurlar. Xalq Azərbaycan müxalifətinə dönə-dönə başa saldı ki, siyasət sizlik deyil. Anlamadılar. Elə bildilər ki, kimsə onları istəməzlikdən belə deyir. 1993-cü ilin yayından sonra keçirilən bütün seçkilərdə elə səs azlığı ilə məğlub oldular ki, həmin göstəricini Afrikanın ən geridə qalmış ölkələrinin müxalifəti qazanmış olsaydı, daha ömrü boyu siyasət tərəfə üz çevirməzdi.
Əslində dörd dəfə prezident, dörd dəfə parlament seçkilərində məğlub olmuş siyasi düşərgə ölkədəki öz elektoratının gücünə çoxdan bələd olmalı idi. Ancaq vəzifə hərisliyi bu adamların gözünü elə tutub ki, elektoratın mesajlarına deyil, xaricdəki havadarlarının yalançı vədlərinə inanırlar. Bugünkü Azərbaycan müxalifətini digər ölkələrdəki analoji siyasi düşərgələrin təmsilçilərindən fərqləndirən bir sıra, özü də əsaslı fərqlər var. Əvvəla, bizim müxalifət digər ölkələrdəki həmkarlarından fərqli olaraq siyasi mübarizə apara bilmir. Hər addımı kor-koranə atır, hər bəyanatı havadan götürür, hər qərarı qəbul edəndən sonra düşünürlər. Heç bir məsələni müzakirə edə bilmirlər. Çünki müzakirə etmək üçün birinci kiminsə sözü kiminsə boğazından keçməlidi. Yəni dinləmək mədəniyyəti olmalıdır. Bu adamlar nəinki bir-birini dinləmək, hətta, eşitmək belə istəmirlər. Öz işləridir. Ancaq öz işləri olsa da, arxalarınca gedən beş-on adama da hörmətləri olmalıdır ki, bu adamlar bizə inanıb ömürlərini müxalifətdə keçirməklə məşğuldurlar, barı, bunların xatirinə ağıl kəsən bir qərar qəbul edək. Edə bilməyəcəklər. Çünki qanlarında, beyinlərində, düşüncələrində demokratiyadan əsər-əlamət yoxdur.
İsa Qəmbər və Əli Kərimli başda olmaqla düşərgə mənsublarının hansısa göstərə bilməz ki, haçansa, tutaq ki, on il və ya on beş il əvvəl müxalifət düşərgəsində kiməsə güzəştə gedib. Göstərə bilməzlər. Çünki heç zaman, heç kəsə güzəştə getməyiblər. Partiya sədrləri arasında davam edən bu qarşılıqlı etimadsızlıq ab-havası sıravi müxalifətçiləri daha ağır xəstəliklərə mübtəla edib. İndi artıq prezidentliyə namizədliyi gözlənilən müxalif siyasətçilərin bir-birinə olan münasibəti sıravi cəbhəçi ilə müsavatçıların münasibətlərinin yanında toya getməlidir. Sanki bir-birinin qanını içmək istəyirlər. Heç bir məsələdə fikirləri üst-üstə düşmür.
İnsafən, bir məsələ var ki, orada müxaliflərin hamısı yekdil olurlar. Bu , Azərbaycan dövləti haqqında kiminsə söylədiyi cəfəngiyata münasibət məsələsidir. Dərhal hamılıqla bəyan edirlər ki, bəs Qurgen Piroyan Azərbaycan haqqında haqlı olaraq filan fikirləri söyləyib. İş o yerə çatıb ki, nəinki hansısa beynəlxalq təşkilatın bizim haqqımızda söylədiyi qərəzli fikirləri və ya erməni lobbisinin hansısa təmsilçisinin düşmənçiliklə dilə gətyirdiyi “arqumentləri” bayraq edirlər, hətta, Azərbaycanda baş vermiş təbii fəlakətlərin fəsadlarına, donvurmaya, günvurmaya, dəm qazından ölənə də sevinirlər. İstənilən xoşagəlməz hadisədən dərhal sonra dilləri açılır, nə açılır: dövlət dövlət olsaydı... İndi götürüb soruşasan ki, hansı erməni öz ölkəsində baş vermiş xoşagəlməz hadisəyə sevinir. Ermənilər nəinki Azərbaycana qarşı mübarizədə iqtidarlı, müxalifətli eyni mövqedən çıxış edirlər, hətta, Azərbaycan müxalifətinin öndə gedənlərini də həmin mübarizəyə qata bilir, əlbir işləyirlər. Bizimkilər isə sevinirlər ki, Avropa Şurasında hansısa deputat Azərbaycanın əleyhinə danışdı. Çox cılız mövqedir. Məhz elə həmin cılızlığın nəticəsidir ki, xalq onları 20 ildir bütün seçkilərdən əliboş qaytarır. Bir sözlə, Azərbaycan müxalifətinin bu gün bayraq etdiyi heç bir məsələ milləti, xalqı və ya Vətəni sevməkdən irəli gəlmir, onların bayrağı Azərbaycana düşmənçilik edənlərin nəfəsindən dalğalanır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.