İsmayıllı ziyalıları və ağsaqqalları yanvarın 23-də bu rayonda baş vermiş hadisələrə münasibət bildirərkən elə təmkin və ağılla danışdılar ki, istənilən vicdanlı adamda bu məsələni siyasiləşdirmək istəyənlərə qarşı dərin bir nifrət yarandı. Hadisədən dərhal sonra “İsmayıllıda xalq üsyana qalxdı” deyənlərin nə qədər rəzil, qərəzli və məkrli yol tutduğu hamıya gün kimi aydın oldu.
Hamı gördü ki, özündənrazı bir sərxoşun törətdiyi ədəbsizliyi bir andaca əndazədən çıxarıb siyasi hadisə müstəvisinə qaldırmaq istəyənlər sırf antiazərbaycan qüvvələrinin dəyirmanına su tökən muzdlu “ideoloqlardır”. Hələ istintaq başa çatmasa da artıq gün kimi aydındır ki, yanvarın 23-də İsmayıllıda törədilən adi xuliqanlıq hadisəsini siyasiləşdirmək istəyənlər “Binə” ticarət müəssisəsindəki bazardaxili problemi ölkə miqyasına çıxarmaq istəyib uduzan avantüristlərin “mənəvi” davamçılarıdır. Onlar elə bilirlər ki, bazarda baş verən münaqişəni və ya mehmanxana qarşısındakı avtomobil qəzasını siyasi hadisə kimi şişirtməklə hansısa xarici qüvvənin diqqətini cəlb edə biləcəklər.
Normal məntiqə malik adamlar öz-özlərinə sual verirlər ki, nə üçün bu hadisələr - yəni “Binə” ticarət müəssisəsindəki anlaşılmazlıq və İsmayıllıdakı avtomobil qəzasının əks-sədası olan qarışıqlıq belə kosmik sürətlə cəmiyyətə çatdırıldı və tamamilə başqa səmtə istiqamətləndirildi? Məhz elə həmin normal məntiqli adamların arqumentləri ondan ibarətdir ki, Azərbaycan xalqına və milli dövlətçiliyimizə xidmət edən qüvvələr kimi xalqımıza xəyanət və dövlətçiliyimizə qəsd mövqeyində dayananlar da daim “iş başında”dırlar. Qaragüruhçular bir dəqiqəni belə boşuna istifadə etmək istəmirlər. Çünki hər saatları, hər dəqiqələri üçün pul alırlar. Daha çox münaqişə törətməyə nail ola bilməsələr də, aralarında daha çox münaqişə barədə xəbər verməyə nail olmaq yarışı gedir. Odur ki, at oğurlayıb həbsə düşmüş oğruya siyasi məhbus “statusu” verirlər. Bu qarayaxmalara nə qədər nail ola bilsələr, o qədər də maddi vəsait əldə edirlər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə qeyd edir: “Bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus olan informasiya vasitələri İsmayıllıda baş vermiş hadisəni qızışdırmaq və idarəolunmaz məcraya yönəltmək, insanlardan öz məqsədləri üçün istifadə etmək , yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına qarşı qeyri-qanuni hallar yaratmaq, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, dövlət orqanlarının fəaliyyətini iflic etmək, həmçinin dövlət orqanlarına, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə ziyan vurmağa cəhdlər göstərirlər. Bu olayın səbəbkarları və ondan öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar ciddi cəza alacaqlar. Heç kim hesab etməsin ki, belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanuni funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə biləcəkdir. Həmişə dövlətçiliyə sədaqəti ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisı bəzi təxribatçı qüvvələrin onlardan vasitə kimi istifadə edərək öz subyektiv ambisiyalarını həyata keçirmələrinə imkan verməyəcək”.
Bu gün ölkədə fəaliyyət göstərən elə bir kütləvi informasiya vasitəsi yoxdur ki, orada İsmayıllıdan olan ziyalıların, ağsaqqalların və ya sadə azərbaycanlıların bu məsələyə münasibəti verilməmiş olsun. Əslən İsmayıllıdan olan şair Baba Vəziroğlu Azərbaycanın son 20 ildə qazandığı hərtərəfli uğurların üzərinə kölgə salmaq istəyən qüvvələrin heç nəyə nail ola bilməyəcəyini söyləyir. “Birdən -birə belə hadisələrin baş verməsi nə dövlətə, nə də millətə yaxşı heç nə vəd eləmir. Düşünürəm ki, belə münaqişələr qanuni, sivil şəkildə həllini tapmalıdır. Mən məsələnin siyasiləşdirilməsinə qarşıyam, amma, bu hadisənin günahkarları barədə çox ciddi tədbir görülməsinin tərəfdarıyam”. İsmayıllıdakı 1 saylı orta məktəbin direktoru Şəfaqət Rəsulov kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirib ki, iki nəfərin arasında yaranmış münaqişənin bu şəkildə böyüməsinə heç kəs inana bilməzdi: “İsmayıllı camaatı həmişə dövlətçiliyi dəstəkləyib və xırda münaqişələri siyasiləşdirərək dövlətə qarşı çıxmaq istəyənləri qınayıb, bunu yolverilməz sayıb”.
Xatırladaq ki, İsmayıllıda olan müxbirimiz və ümumiyyətlə, ölkənin bütün kütləvi informasiya vasitələri xəbər verirlər ki, rayon rəhbərliyinin reallaşdırdığı məqsədyönlü tədbirlər və xüsusən, ağsaqqal və ziyalıların ictimaiyyət nümayəndələri ilə keçirdiyi tədbirlər nəticəsində rayonda çox qısa müddətdə sabitlik təmin olunub. Bununla yanaşı, hamı heç nədən hay- küy yaradan insanların cəzalandırılmasını tələb edir. Yanvarın 25-də İsmayıllıda Yeni Azərbaycan Partiyası nümayəndələrinin, Milli Məclisin deputatlarının, hüquq-mühafizə orqanları əməkdaşlarının, sakinlərin, ziyalıların, gənclərin, eləcə də rayondakı idarə və müəssisə rəhbərlərinin iştirakı ilə görüş keçirilib. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov İsmayıllı camaatının sağlam düşüncəli, dövlətçiliyi, sabitliyi sevən insanlar olduğunu söyləyərək deyib ki, yerli camaat təxribatçı insanların müəyyən niyyət və hərəkətlərinə fikir vermir. Bu təxribatçı insanlar tezliklə ifşa olunmalıdır. YAP rəsmisi qeyd edib ki, İsmayıllıda törədilmiş gərginliyin aradan qaldırılması üçün ən mühüm şərtlərdən biri onun səbəblərini araşdırmaq, burada maraqlı olan tərəflərin niyyətini aydınlaşdırmaqdır: “Mən qəti əminəm ki, bu olaylardan ən çox narahatlıq keçirən, və əziyyət çəkən sadə insanlardır. Görünən odur ki, məişət zəminində baş verən xırda anlaşılmazlıqdan istifadə edənlər var... Bu hadisədən ayrı-ayrı qüvvələr siyasi divident qazanmağa çalışır”.
YAP rəsmisinin də dediyi kimi bu gərginlikdən ən çox zərər çəkən məhz sadə insanlardır. Elə bədxah qüvvələr də bunu çox yaxşı başa düşür, bilavasitə sadə insanları incidəcək əməllərə əl atırlar ki, insanlarda dövlətə qarşı inamsızlıq və ya narazılıq hissləri yaransın. Bu ssenarilər Azərbaycan xalqına çoxdan tanışdır. Çünki artıq 20 ilə yaxındır ki, bədxahlarımız həmin variantlardan istifadə etməyə çalışır və ifşa olunurlar.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.