AŞPA-nın qış sessiyasında bir daha sübut olundu ki, Azərbaycan artıq bu qurumda söz sahibidir

 

Avropa Şurası Parlament Aassambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyasında bir daha təsdiqləndi ki,  Azərbaycan artıq bu qurumda söz sahibinə çevrilmişdir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri yanvarın 26-da keçirdikləri mətbuat konfransında söyləmişlər.

Nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov demişdir ki, sessiyadan əvvəl dünyanın bir çox Avropa ölkələrinin parlamentlərində, eləcə də AŞPA-da Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı aparılan müzakirələr müsbət sonluqla yekunlaşmışdır. Azərbaycan parlamentinin beynəlxalq fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsi AŞPA-nın qış sessiyasında öz müsbət nəticəsini göstərmişdir. Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən alət kimi istifadə edən məruzəçi Kristofer Ştrasserin hazırladığı qərəzli layihə məhz bu sessiyada səs çoxluğu ilə qəbul olunmadı. Ona görə ki, artıq avropalı deputatların böyük əksəriyyəti başa düşmüşdür ki, onun məruzəsi Azərbaycana qarşı subyektiv və qərəzli mövqedən hazırlanıb və əsas məqsəd də ölkəmizdə gedən prosesləri başqa tərzdə təqdim etməkdir. Amma o, istəyinə nail ola bilməmişdir. Bununla, həm də sübut olundu ki, bu cür təzyiq vasitəsilə Azərbaycanı dünyada və beynəlxalq təşkilatlarda öz siyasətindən çəkindirmək mümkün deyildir.

S.Seyidov demişdir ki, AŞPA-da əldə olunan bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsidir. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət, başqa ölkələrlə dostluq münasibətlərinin inkişaf etdirilməsi belə bir nəticənin əldə olunması üçün zəmin yaratmışdır.

Assambleyada aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycana qarşı bu cür cəhdlər artıq Avropanın özünə də təhlükə yaratdığı üçün qətiyyətlə rədd edilir. Eləcə də Avropa Şurası bu sessiyada sübut etdi ki, Azərbaycanla konstruktiv əməkdaşlığa hazırdır. Bunu K.Ştrasser də başa düşdü və təqdim etdiyi məruzəyə rədd cavabı verildikdən sonra o, özü, açıq şəkildə məğlubiyyətini etiraf etdi.

S.Seyidovun sözlərinə görə, K.Ştrasserin iclasın başlamasına bir neçə saat qalmış məruzəsində dəyişikliklər etməsi də avropalı deputatların diqqətindən kənarda qalmamışdır və onun bu addımı ciddi narazılıq yaratmışdır.

Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbərinin müavini, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə demişdir ki, rəsmi Bakı AŞPA ilə əməkdaşlıqda, o cümlədən insan haqları məsələsində hər zaman siyasi iradə nümayiş etdirmişdir.

Ə.Hüseynli bildirmişdir ki, sessiyada Azərbaycan üzrə məruzəçilərin təqdim etdiyi məruzənin müzakirəsi zamanı  ermənilərin bir neçə dəfə sənədə müdaxilə etmək cəhdi boşa çıxmışdır. Məruzəçilər çıxışlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, 1 milyona yaxın azərbaycanlının öz yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığını dilə gətirmişlər. Ermənistan nümayəndə heyətinin üzvünün bu həqiqəti etiraf etməsi isə onların özlərini və tərəfdaşlarını pis vəziyyətdə qoymuşdur. Belə ki, Ermənistandan olan  deputat rəqəmlərin şişirdildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, sessiyada və sessiyadan qabaq keçirilən görüşlərdə Azərbaycandakı real vəziyyət, qəbul olunmuş qanunların Avropa standartlarına uyğunlaşdırıldığı, korrupsiyaya qarşı mübarizə, dini dözümlülük konkret faktlarla diqqətə çatdırılmışdır. Bakıda başqa dini icmaların nümayəndələri üçün yaradılmış şərait, sinaqoqların və katolik kilsənin tikilməsi, rus pravoslav kilsənin əsaslı təmir olunması barədə məlumatlar avropalı deputatlar tərəfindən xüsusi qeyd olunmuş və yüksək qiymətləndirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında