Bu, Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə də xüsusi qeyd edilmişdir
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, uğurlu iqtisadi siyasətin başlıca komponenti düşünülmüş və təkamül yolu ilə iqtisadi idarəetmənin dərinləşdirilməsi, eyni zamanda, xalqın sosial rifahına xidmət edən təmkinli strateji qərarların qəbul edilməsidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən Azərbaycan hakimiyyəti yalnız xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkəmizin bütün resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə alır.
Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət və əldə olunan yüksək nailiyyətlər beynəlxalq maliyyə institutları, elmi-tədqiqat mərkəzləri tərəfindən təqdir olunmaqdadır. Hazırda respublikamızın mühüm nəqliyyat-kommunikasiya infrastrukturları yaradaraq bölgədə əsas tranzit məkanlarının mərkəzinə çevrilməsi, beynəlxalq ticarət sisteminə inteqrasiyası, strateji nəqliyyat dəhlizlərinin yaradılması üçün təşəbbüskar kimi çıxış etməsi və digər amillər dünyanın ən nüfuzlu qurumlarının aparıcı mövzularına çevrilmişdir. Xüsusilə də Azərbaycan hökumətinin neft gəlirlərini nəhəng infrastruktur layihələrinin reallaşmasına sərf etməsi xarici ölkələrin tədqiqat mərkəzləri tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin iqtisadi-sosial həyatında mühüm dəyişikliklərə səbəb olduğu diqqət mərkəzində saxlanılır.
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə də bu fikir bir daha öz təsdiqini tapmışdır. Həmin görüşlərdə son illər ölkəmizin regional və qlobal əhəmiyyətinin xeyli artması, regional enerji təhlükəsizliyi sahəsində mövqelərimizin güclənməsi, əhalinin sosial rifahının nəzərəçarpacaq səviyyədə yüksəlməsi xüsusi vurğulanmışdır.
Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərdən bir neçəsinə diqqət yetirək. Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay ilə görüşündə Azərbaycan ilə Beynəlxalq Maliyyə Korporasiya arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunmuşdur. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda həyata keçirdiyi layihələrdə investor kimi iştirak etməsi yüksək qiymətləndirilmişdir.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışılan görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıqda maraqlı olduğu bildirilmişdir.
Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirmiş və əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Xatırladaq ki, Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizlə əməkdaşlığı getdikcə möhkəmlənir. Fikrimizin təsdiqi kimi, bu qurumun son dövrlərdə Azərbaycanla bağlı fəaliyyətinin bəzi məqamlarına diqqət yetirək. Elə bu yaxınlarda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Kanada və Böyük Britaniya hökumətləri ilə birgə yeni yaradılmış BMK-nın Katalizator Fonduna sərmayə yatıracağı qərara alınmışdır. Sözügedən fond bərpa olunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyinin qarşısının alınması üzrə fəaliyyət göstərən fondların və bu sahəyə dair layihələrin inkişafını dəstəkləmək məqsədi ilə yaradılmışdır.
İlkin tranşda Beynəlxalq Maliyyə Korporasiyasının Katalizator Fondu 280 milyon ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 50 milyon ABŞ dollarının ARDNF tərəfindən ayrılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, 2010-cu ildə ARDNF Beynəlxalq Maliyyə Korporasiyasının Afrika, Latın Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları məbləğində sərmayə yatırmışdır.
Bu, təsadüfi deyil. Çünki Azərbaycan Respublikası qlobal inkişafa daim böyük əhəmiyyət verir. Ölkəmizin neft gəlirlərindən əldə etdiyi vəsaitlərin etibarlı investisiya layihələrinə yatırılmasının əsas səbəblərindən biri məhz budur. Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyasının təcrübəsini və inkişaf etməkdə olan ölkə bazarlarında fəaliyyətini yüksək dəyərləndirir və birgə həyata keçirilən investisiyaların ölkəmizin iqtisadi inkişafına və maliyyə göstəricilərinə müsbət təsir göstərəcəyini düşünür. Yaxın gələcəkdə Beynəlxalq Maliyyə Korporasiyasının Aktivlərin İdarə Edilməsi Şirkətinin idarə etdiyi digər fondlara investisiya imkanları da nəzərdən keçiriləcəkdir.
Xatırladaq ki, ARDNF 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyevin müvafiq qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədi ilə yaradılmışdır. Yeri gəlmişkən, 2013-cü il 1 yanvar tarixinə ARDNF-in vəsaitlərinin ümumi həcmi 34 129,4 milyon ABŞ dolları təşkil edir.
Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası arasında sıx əməkdaşlıq münasibətlərinə dair başqa bir fakta diqqət yetirək. Azərbaycan adıçəkilən korporasiyaya üzv olduğu 1996-cı ildən ötən müddət ərzində həmin qurum ölkəmizdəki özəl sektorun inkişafı məqsədi ilə 40-dan artıq investisiya və 10 məsləhət xidmətləri layihəsini həyata keçirmişdir.
Korporasiya indiyədək Azərbaycana öz vəsaitləri hesabına 400 milyon ABŞ dollarına yaxın və sindikatlaşma formasında isə 100 milyon ABŞ dollarından artıq həcmdə maliyyələşmə cəlb etmişdir. Beynəlxalq maliyyə qurumu həmçinin korporativ idarəetmə, bank və maliyyə sektorunun, kiçik və orta müəssisələrin, ipoteka bazarının inkişafı, həmçinin qiymətli kağızlar bazarı sahəsində potensialın gücləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri layihələrini reallaşdırmaqdadır. Hazırda Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda “Yaşayış təyinatlı sahələrdə enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi” və “Bərpa olunan enerji” layihəsinə olan ehtiyacla bağlı araşdırmalar aparır və layihələrin ölkəmiz üçün aktuallığını qiymətləndirir. Layihələr Rusiya Federasiyası, Ukrayna və digər ölkələrdə uğurla fəaliyyət göstərir və əhali tərəfindən enerjiyə qənaətli istifadəyə şərait yaradır.
Yaxud, başqa bir misal. Beynəlxalq Maliyyə Korporasiyası son illər Azərbaycanda mikro və kiçik bizneslərin maliyyələşdirilməsini gücləndirmək, yeni iş yerlərinin yaradılması və ümumilikdə iqtisadi inkişafı dəstəkləmək məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Adıçəkilən korporasiya tərəfindən ölkəmizdə fəaliyyət göstərən “AccessBank”a 15 milyon ABŞ dolları məbləğində kredit verilməsi bunun bariz nümunəsidir. Yeri gəlmişkən, həmin kredit vəsaiti kiçik, aşağı gəlirli və çox zaman kommersiya banklarının xidmətlərinə kifayət qədər çıxışı olmayan sahibkarların ehtiyaclarına yönəldiləcəkdir.
Davosda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi qəbul təşkil etməsi də Azərbaycan üçün mühüm önəm daşıyır. Qeyd edək ki, hər il Dünya İqtisadi Forumunun iş günlərində təşkil edilən həmin qəbul bu il “SOCAR - Energy of Azerbaijan” adlandırılmışdır.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev tədbiri açaraq Azərbaycan dövlətinin, eləcə də rəhbəri olduğu qurumun uğurları barədə məlumat vermişdir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger isə çıxışında Nobel qardaşlarını xatırlatmış, bildirmişdir ki, onların xoş niyyətli fəaliyyətləri sayəsində Avropa ilə Azərbaycan arasında əlaqə yaranmışdır. Avropa komissarı demişdir: “Bakı çox güclü təsir bağışlayan şəhərdir. Bəli, təəccüblənməyin - gərək bunu özünüz görəsiniz!” O, ARDNŞ haqqında vurğulamışdır: “Uğur sizi izləyir”.
Tədbir çərçivəsində iki memorandum imzalanmışdır. Birinci sənəd - Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında Memorandum ARDNŞ-in icraçı direktoru Şahmar Mövsümov və İFC-nin rəhbəri Cin-Yonq Çay tərəfindən imzalanmışdır. Tərəflər özəl sektor sahəsində iki təşkilat arasında əməkdaşlığın və dünyanın inkişaf etməkdə olan bazarlarına özəl investisiyaların genişləndirilməsi barədə razılığa gəlmişlər. Xatırladaq ki, ARDNF Afrika-Latın Amerikası-Karib Fonduna 100 milyon ABŞ dolları məbləğində sərmayə qoymuşdur. Bundan əlavə, yeni yaradılan qlobal fonda 50 milyon ABŞ dolları həcmində əlavə sərmayə qoyuluşu haqda razılıq əldə edilmişdir.
Qeyd etmək lazımdır ki, ARDNF dünyanın yeni bazarlarına ilk sərmayə qoyan qurumlardan biri olmuşdur.
Qəbul zamanı imzalanmış ikinci sənəd ARDNŞ ilə İsveçrənin MİGROS şirkəti arasında anlaşma memorandumudur. Bu sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və MİGROS şirkətinin Direktorlar Şurasının sədri Herbert Bolliger imzalamışdır. Tərəflər İsveçrənin yanacaq bazarında əməkdaşlığın daha da dərinləşməsi, investisiyalar bazarının imkanlarının öyrənilməsi istiqamətində birgə işi davam etdirmək barədə razılığa gəlmişlər.
Enerji təhlükəsizliyi Azərbaycanın xarici siyasət konsepsiyasının təməl prinsiplərindəndir. Ölkə Prezidenti İlham Əliyev bununla bağlı demişdir: “Azərbaycan öz enerji strategiyasının həyata keçirilməsinə enerji təhlükəsizliyi məsələlərinin Avropa bazarı üçün bu dərəcədə vacib olmasından bir çox illər əvvəl başlamışdır. 1994-cü ildə biz əsas neft şirkətlərini Xəzərin Azərbaycan sektoruna gəlməyə və sərmayə qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər dənizini və onun resurslarını beynəlxalq əməkdaşlıq üçün açdıq və bütün vəzifələrimizi yerinə yetirdik”.
Bu fikir bir daha qlobal enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolunun getdikcə artdığını, Azərbaycanın böyük karbohidrogen resurslarına malik olmasına dair verilən proqnozların reallığını aydın surətdə göstərir.
Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda keçirilən sessiyasında çıxış edən Prezident İlham Əliyev bütün bunlar barədə ətraflı danışmışdır. Vurğulamışdır ki, neft strategiyasının uğurla reallaşdırılması nəticəsində respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi Azərbaycanın dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir.
Böyük neft-qaz ehtiyatlarına malik ölkələr qarşısında duran əsas vəzifə bu resurslardan səmərəli faydalanmaq, onun əsasında inkişafın möhkəm təməlini yaratmaqdır. Mövcud dünya xəritəsinə diqqət yetirdikdə aydın olur ki, zəngin enerji ehtiyatları olan ölkələrin heç də hamısı bundan inkişaf naminə yararlana bilmir. Lakin neft kapitalını insan kapitalına müvəffəqiyyətlə çevirməyi bacaran dövlətlər də mövcuddur. Onların sırasında Azərbaycan xüsusilə seçilir. Yeri gəlmişkən, ölkəmiz neft-qaz ehtiyatlarından sürətli tərəqqiyə hesablanmış inkişaf məqsədilə səmərəli istifadə olunmasında uğurlu bir nümunənin əsasını qoymuşdur.
Dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda keçirilən sessiyada Prezident İlham Əliyev çıxışında Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə, təhlükəsizliyin təmin olunması məsələsinə xüsusi önəm vermişdir. Dövlətimizin başçısı Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkəmizin bu sahədə qazandığı uğurlardan danışmış, respublikamızda sözügedən sektorda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, bununla bağlı hər hansı bir problemin yaranmadığını diqqətə çatdırmışdır.
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşü də diqqət mərkəzində olmuşdur. Görüşdə Azərbaycan ilə AYİB arasında səmərəli əməkdaşlığın mövcudluğu vurğulanmış, bu əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. AYİB ilə Azərbaycan arasında enerji, qeyri-enerji, informasiya-kommunikasiya texnologiyaları, sənayenin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. Azərbaycanda sosial infrastrukturun inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulanmışdır.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AİB) fəaliyyətində ölkəmizə xüsusi önəm verir. AİB indiyədək Azərbaycan iqtisadiyyatına 500 milyon dollar vəsait yatırmışdır. Kreditlərin 100 milyon manatı mikrokreditləşmə üçün ayrılmışdır. Nəticədə respublikamızda sosial məsuliyyətin artırılması və kredit portfelinin yaxşılaşmasına nail olunmuşdur. Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankında ölkəmizlə bağlı 2013-2016-cı illər üçün strategiya yenidən işlənilir ki, burada da mikromaliyyələşmə əsas hədəflərdən olacaq.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.