“Böyük ədib” Rüstəm İbrahimbəyovun bəd əməlləri kriminalla zəngin bir ssenarinin mövzusudur

 

Dünən tanınmış iki ziyalımızın söhbətinin şahidi oldum.  Birincisi alim idi, ikincisi yazıçı. Alim söhbəti bir növ özlərindən başladı: - “Alim azanda aləm azar” - deyiblər. Yazıçı azanda isə özü - özünü rüsvay  edərmiş.

Uzun on illərdən bəri öz bəd əməllərini yazıçı adının kölgəsində gizlədən,  daim ən yaxşı dolanacaqla ölkənin ən gözəl məkanlarında istirahət edib, ən imkanlı adamlardan biri kimi yaşayan, dövlətin və xalqın etimadından bəhrələnərək  region ölkələrinin hamısında özünə rahat şərait yaradan və ən nəhayət, bütün mükafatlara və dövlət təltiflərinə layiq görülən yazıçı - dramaturq Rüstəm İbrahimbəyovla  xalqımızın və dövlətimizin arasını kim vurdu? Yazıçının cavabı: -  Əlbəttə, ermənilər və özü. Alimin ikinci sualı: - Bu necə ola bilər, axı Rüstəm müəllim erməniləri indi də özünə dost, qardaş hesab edir.  Yazıçının izahı: - Bəli, Rüstəm müəllimin dostları bizim camaatı Ermənistandan və işğal olunmuş başqa ərazilərimizdən  qovub çıxarandan sonra Bakıda da istər -istəməz erməni qalmadı. Ermənisiz Bakı isə Rüstəm müəllimin başına dar oldu. Doğrudur, dövri olaraq “Daşnak” partiyasının nümayədələri də daxil olmaqla bir çox erməniləri müxtəlif bəhanələrlə Bakıya gətirirdi. Amma gələn erməni beş-on gündən sonra qayıdıb gedir və “böyük yazıçı” yenə də ermənilərsiz qalırdı. Ona görə də daha dözməyib üzə dayandı ki, niyə ermənilər Bakıya qaytarılmır?  Bu xəyanətkar təklif bəyənilməyəndə isə xalqa və dövlətə qarşı böhtan və iftiralara başladı. Ədibin həmin nankorluğundan sonra   xalq onun uzun illərdən bəri törətdiyi bəd əməllərin hələ ki, bir neçəsini ortaya qoymalı oldu.

Artıq Rüstəm İbrahimbəyovun yaradıcılığının geridə qalan illərində çox qaranlıq məqamların müəmmalı izləri görünməkdədir. Məsələn, diqqətlə baxanda görürsən ki, Rüstəm müəllimin uzun illər rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının xəzinəsindən Kinematoqrafçılar İttifaqları Konfederasiyası tərəfindən ayrılmış 83 min dollar vəsait  müəmmalı şəkildə “itib”. Daha doğrusu, həmin pul peşəkarcasına qurulmuş ssenari əsasında mənimsənilib. Bunu kim edə bilərdi? Rüstəm  İbrahimbəyovun sözlərinə görə, bu pullar banka faizlə yatırılıbmış.  Sonra isə pullar bilinməyən səbəbdən yoxa çıxıb.  Deyilənə görə katibliyin iclasında kinorejissor Oqtay Mirqasımov bu məsələni qaldırıbmış.  Məhz bundan sonra Oqtay müəllim  Rüstəm İbrahimbəyovun hücumlarına məruz qalaraq, ittifaqı tərk etməli olmuşdur.  İndi məlum olur ki,  Kinematoqrafçılar İttifaqının balansında ittifaqın sədri tərəfindən  satılmış, lakin  hələ də sənədlərdə  göstərilən  bir çox avtomaşınlar vardır. İttifaqın qonaqlar üçün nəzərdə tutulan “Çayka” avtomaşını hazırda da restoranlarda  yeni ailə quranların ixtiyarına verilir, sənədlərdə isə göstərilir ki,  bu maşın guya ki,  ittifaqın qonaqlarına xidmət edir.

 Bu adam hər yerdən və hər şeydən pul çıxarmağın həqiqi ustasıdır. Məsələn, tutaq ki, hansısa qurumun nəzdində olan köhnə binanın sökülməsi zamanı mütləq həmin qurum pul xərcləyir, fəhlələrin, texnika mütəxəssislərinin əməkhaqqı ödənilir.  Rüstəm İbrahimbəyov isə həmin prosesdən də pul qazana bilirmiş. Məsələn, sənədlərdə göstərilir ki, 2007-ci ildə ittifaqa məxsus olan və 28 may küçəsində (Dəmir Yol İdarəsinin yaxınlığında) yerləşən “Şərq-Qərb” restoranı sökülmüşdür. Binanın söküntüsü üçün nəzərdə tutulmuş pullar R. İbrahimbəyov tərəfindən mənimsənilmişdir. Yəni, daş da, torpaq da dilə gələrək bu adamın əməlləri barədə söz açır, dastan söyləyir.

Yeri gəlmişkən, Rüstəm müəllimin şər atdığı Kiş çayı da fəryad qoparır ki, mən Kinematoqrafçılar İttifaqının Şəkidə yerləşən sanatoriyanın   bir daşına belə “kiş” deməmişəm. Həmin sanatoriyanın “sel apardı” deyilən hissəsini  Rüstəm  İbrahimbəyov şəxsən  satmışdır, katiblikdə isə ərazinin Kiş çayının sel suları ilə dağıldığını bildirirlər. Elə adına böhtan söylənilən qaçqınlar da dilə gəliblər. Onlar deyirlər ki, bizə hansı dövlət qurumunun harada,  nə zaman, nə verdiyini ölkədə hamı bilir. Ona görə də Kinematoqrafçılar İttifaqının Mingəçevirdə yerləşən sanatoriyasının  bir hissəsinin guya qaçqınlara verilməsi barədə göstərilənlər tamamilə əsasızdır. Həmin ərazi ittifaqın sədri   Rüstəm  İbrahimbəyov tərəfindən satılmışdır. İttifaq katibliyinin həmin  ərazinin Qarabağ qaçqınlarına verildiyi barədə hazırladığı hesabat isə boş və mənasız kağızdan başqa bir şey deyildir.

Yaxud,  İttifaqın  Bakıdakı Həsən Seyidbəyli küçəsində guya ki, kinematoqrafçılar üçün tikildiyi söylənilən yaşayış binası Rüstəm İbrahimbəyov və podratçı tərəfindən satılmışdır. Hazırda bu binada kinematoqrafçılar  deyil, tamamilə başqa adamlar yaşayırlar.  Mənzillər  kinematoqrafçılara qəsdən yüksək qiymətə təklif olunmuşdur və   bu qiymət kino işçilərini qane etməmiş, nəticədə isə  İbrahimbəyov adıçəkilən binada altı mənzilə sahib olmuşdur və indi  həmin mənzillərin dördünü icarəyə verir. Bu binanın birinci mərtəbəsində “İbrus” teatrı yerləşir. Teatrın  ərazisi də icarəyə verilir, halbuki  bu teatr hökumətin balansındadır.

 Başqa bir fakt.  Bakıda “Şərq-Qərb” festivalı üçün qonaq evi kimi tikilmiş bina da İttifaqın sədri   tərəfindən özəlləşdirilib və hazırda  İbrahimbəyov İçərişəhərdəki həmin   evdə yaşayır . Üstəlik, “Şərq-Qərb” festivalı üçün xüsusi firma yaradılmışdır. Bu firmanın rəhbəri  də bilavasitə  İbrahimbəyovdur. İndi məlum olur ki, hökumət tərəfindən festival üçün  ayrılan pullar bu firmaya köçürülərək, sonradan mənimsənilmişdir.  Bütün bu maliyyə əməliyyatlarını,  bu firmadan savayı bir neçə firmaya da sahib olan Lalə Əfəndiyeva və mühasib Şükür həyata keçirirmiş. Bu firmalar arasında “İbrus Teatrı”, “İbrus Kinokompaniyası”, həmçinin İttifaqın əməkdaşı olan Zemfira Babayevaya məxsus “Ayan” firması da var.  Bu firmalara ittifaqın ödəniş hesabından pullar köçürülərək, mənimsənilmişdir. Özü də məşhur filmlərdə olduğu kimi böyük peşəkarlıqla.

İndi mütəxəssislər söyləyirlər ki,  Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqına rəhbərliyi dövründə təşkilatın mülkiyyətini  açıqcasına talan etmiş, quruma ayrılan vəsaitləri mənimsəmiş, həmçinin külli miqdarda  vergidən yayınmışdır. Vergilər Nazirliyinin yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Kinematoqrafçılar İttifaqı 12 373 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməmişdir, həmçinin 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış vəsaitin 22 min manatı mənimsənilmişdir. Bu azmış kimi,  ittifaqın sədrinə  məxsus olan “İbrus” şərabçılıq firmasında  da bir çox maliyyə fırıldaqları və vergidən yayınma halları baş vermişdir.  İttifaqın Şamaxı rayonundakı təsərrüfat torpaqları qurumun sədri tərəfindən  mənimsənilmişdir.  Həmin rayonda  İbrahimbəyovun üzüm plantasiyaları vardır.

Bu gün Müstəqil Dövlətlər Birliyi məkanında hamıya məlumdur ki, Rüstəm    İbrahimbəyov Moskvada iş adamlarından külli miqdarda vəsait toplayaraq, onlara Bakıda – Şəhidlər Xiyabanın yaxınlığında əyləncə mərkəzi tikəcəyini bildirmiş və həmin adamları bu layihəyə şərik etməyə söz veribmiş. Lakin  Azərbaycan xalqının şəhid ruhuna olan ehtiramı bu layihənin baş tutmasını əngəlləmişdir. Ona görə də  hazırda Rüstəm İbrahimbəyov pullarını aldığı iş adamlarından qaçmaqda davam edir. Ancaq hara qədər, nə vaxtadək qaça biləcəyi məlum deyil. Məlum olan məsələ odur ki, Rüstəm İbrahimbəyov təxminən əlli ildə topladığı nüfuz və etimadını bir neçə qaniçən erməninin xatirinə yelə vermiş oldu. Bundan sonra xalqın hansı nümayəndəsi ona inanıb yanında dayanar? Əlbəttə, heç kəs. Məhz ona görə də ədibin yeganə çıxış yolu yenə də ermənilərlə qucaqlaşmaqdır. Amma, ermənilər Bakıya gələ bilməyəcəklər...

İldırım İSMAYIL


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında