AŞPA-nın qış sessiyası avropalı deputatların qərəzli məruzələrə sərt reaksiyası ilə yadda qaldı

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası həm də deputatların qeyri-obyektiv, kifayət qədər balanslaşdırılmamış məruzələrə qarşı sərt mövqe nümayiş etdirməsi ilə yadda qaldı. Adətən əksər məruzələrlə bağlı AŞPA-da keçirilən müzakirələrdə qətnamələrin həm müsbət, həm də mənfi tərəflərini əks etdirən çıxışlar olur. Lakin iki gün ardıcıl olaraq əvvəlcədən böyük hay-küy doğurmuş iki məruzənin qəbul edilməməsi az rast gəlinən hadisələrdəndir.

Yanvarın 23-də almaniyalı deputat Kristoffer Ştrasserin hazırladığı “Azərbaycanda siyasi məhbuslar məsələsi” sərlövhəli məruzə Assambleya üzvlərinin böyük əksəriyyətinin iradəsi ilə rədd edildi. Yanvarın 24-də AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsindən isveçli deputat Mats Yohanssonun təqdim etdiyi “Avropada mətbuat azadlığının vəziyyəti” adlı məruzə də həmin aqibəti yaşadı. Parlament Assambleyasının dördüncü iş gününün sonunda müzakirəyə çıxarılmış ikinci məruzədə bir çox ölkələrdə kütləvi informasiya vasitələrinin mövcud vəziyyəti ilə əlaqədar kifayət qədər ədalətli baxışın əks olunmaması dönə-dönə vurğulandı və 50-yə yaxın deputatın münasibət bildirmək istədiyi bu müzakirələr yarımçıq dayandırıldı, səsvermənin nəticəsi isə məruzənin yararsızlığını təsdiq etmiş oldu. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun yanvarın 25-də Parlament Assambleyasında nəşr edilərək yayılan mövqeyi də həmin məruzənin qeyri-obyektiv mahiyyətini əks etdirmişdir. R.Hüseynovun hesabata əlavə edilən yazılı münasibətində deyilir: “Avropada, yaxud dünyanın istənilən məkanında azad mətbuatın vəziyyətindən söz açarkən istər-istəməz müasir mətbuat bütövlükdə nə dərəcədə sərbəstdir sualına cavab vermək lazım gəlir. Problemin mahiyyətinə vardıqca ümumiyyətlə, tam sərbəst mətbuatın olub-olmaması belə tərəddüd yaradır. Ən dəqiqi budur ki, tam sərbəst mətbuat yoxdur və yalnız bir mətbuat vasitəsi digərinə nisbətən daha az asılı, daha çox sərbəstliyə malik ola bilir. Mətbuatın azadlığı yalnız onun dövlətdən, hakimiyyətdən nə qədər asılı olmasında da deyildir. Çünki insanlar siyasi qüvvələrin, maliyyə strukturlarının, bəzən isə gözə görünməyən idarəçilərin bu gün dünyanın zahirən ən sərbəst sayılası çox məşhur mətbuat vasitələrinə güclü təsir imkanlarından da xəbərdardır. Müasir mətbuatın ifadə azadlığı baxımından üzləşdiyi  çətinliklərdən biri də xaricdən olan açıq və qapalı təzyiqlərdir”.

Təqdim olunmuş məruzədə Azərbaycanla bağlı yanlış, qeyri-obyektiv mövqenin ifadə olunması məsələsinə toxunan Rafael Hüseynov əlavə etmişdir: “Azərbaycanın azad mətbuatında bir sıra inkişaf etmiş Avropa ölkələrindəki kimi, ayrı-ayrı problemlərin mövcudluğuna  baxmayaraq, hər halda onun qənaətbəxş durumda olduğu etiraf edilməlidir. Ərazi və əhalicə çox da böyük olmayan, 21 illik müstəqillik tarixinə malik bir ölkədə hazırda gündəlik fəaliyyət göstərən yüzlərlə qəzet, informasiya agentliyi, televiziya və radionun, o cümlədən əyalətdə yaradılaraq işini uğurla davam etdirən kütləvi informasiya vasitələrinin olması yüksək qiymətləndirilməlidir.

Nüfuzlu beynəlxalq təşkilatlar, Avropa Şurası başda olmaqla Azərbaycan demokratiyasını da, Azərbaycanın azad mətbuatını da məhz sərhəddən kənardan gələn təzyiqlərdən qorumaqda yardımçı olmalıdır. Əslində həmin təhlükələr yalnız Azərbaycana deyil, elə bilavasitə Avropa dəyərlərinə qarşı yönəlmişdir".

Məruzədə yeni müstəqillik əldə etmiş bir sıra ölkələrdəki mətbuat azadlığı məsələsinin təfərrüatlarının düzgün işıqlandırılmaması, ədalətsiz yanaşmaların həmin ölkələrin, o cümlədən Azərbaycanın beynəlxalq təşkilatlara inamında tərəddüdlər oyatmasını vurğulayan R.Hüseynov qeyd etmişdir: “Bir incə məqam da heç vaxt və heç vəchlə unudulmamalıdır. Azərbaycan kimi yeni demokratiya ölkələrini əhatələmiş bir sıra iri qonşular həmişə bunun marağındadırlar ki, belə ölkələri Avropa Şurası kimi mütərəqqi qurumlardan uzaqlaşdıraraq öz nüfuz dairələrinə daha çox cəlb etsinlər. Ona görə də Avropa Şurası bu qəbil yeni müstəqillik əldə etmiş ölkələrə yanaşmalarında həmişə qayğıkeş və diqqətli olmalı, onları axıra qədər ədalətli olmayan, ikili standartlara arxalanan tənqidləri ilə özündən aralayaraq arzuolunmaz qüvvələrin ağuşuna doğru itələməməlidir”.

AzərTAc-ın xüsusi müxbiri Avropa Şurasının həyatında çox az təsadüf edilən hadisə - iki məruzənin dalbadal ləğv edilməsi məsələsi ilə bağlı Azərbaycan nümayəndə heyətinin bu qurumda rəsmən fəaliyyətə başladığımız 2001-ci ildən üzvü olan Rafael Hüseynovun mövqeyini öyrənmişdir. R.Hüseynov demişdir: “Hər iki hadisə, yəni obyektiv olmayan, reallığı təhrif edən məruzələrin rədd edilməsi onu göstərir ki, Avropa Şurası deputatları arasında ikili standartlara dözməmək, haqsızlıqla barışmamaq, ədalətsizliyə qarşı ortaq səylər nümayiş etdirmək təcrübəsi artıq kifayət qədər qabarıq ifadə oluna bilir. Həm də bir cəhət xüsusi nəzərə alınmalıdır ki, bu hadisələr az sayda deputatın iştirak etdiyi müzakirələr əsnasında deyil, Assambleya üzvlərinin böyük əksəriyyətinin qatıldığı iclaslarda baş vermişdir. Deməli, AŞPA-da çoxluq artıq bu cür düşünür və müxtəlif təsir və təzyiqlərlə hansısa qərəzli nəticələr əldə etmək vaxt ötdükcə çətinləşir. Zənnimcə, bunlar çox ibrətamiz göstəricilərdir. Azərbaycana qarşı son 12 il ərzində qondarma ”siyasi məhbus" problemi ilə inadla təzyiq göstərilirdi və son dövrlərdə K.Ştrasserin müxtəlif qüvvələrin dəstəyi ilə yaratdığı siyasi şouları hər kəs xatırlayır. Nəticə nə oldu? Nəhayət ki, haqq zəfər çaldı. Bu, ilk növbədə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı ağıllı, ardıcıl siyasətin, Avropa Şurasında düzgün qurulmuş işin, eyni zamanda, ayrı-ayrı avropalı deputatlarla aparılmış uzunmüddətli izah, anlatma, inandırmaq fəaliyyətlərinin yekunudur. Elə rədd edilmiş ikinci məruzəyə münasibət də bu mövqeyin davamıdır. Avropalı deputatlar artıq hər bir məruzəyə bu cür diqqət və həssaslıqla yanaşmağın zəruriliyini dərk etmişlər. Ən yaxşı cəhət isə ondan ibarətdir ki, Assambleyada fəaliyyət göstərmiş, qərəzli mövqe daşıyıcısı olmuş Andreas Qross kimi deputatların burada meydan sulaması dövrü bitir, daha ədalətli, daha güclü, daha qərəzsiz deputatlarla Assambleyanın sıraları zənginləşir".

Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Strasburq 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında